Bakıda "Beynəlxalq Kitab Sərgisi" keçirilir - REPORTAJ - FOTOLAR

4 Oktyabr 2021 14:40 (UTC+04:00)

“Qanun Nəşriyyatı”nın təşkilatçılığı ilə Bakıda Beynəlxalq Kitab Sərgisi keçirilir. Sərgidə bir sıra kitab evləri ilə yanaşı, gənc yazarlar da iştirak edir. Gənc yazarlar kitablarını öz imzaları ilə satışa çıxarıblar. Sərgidə diqqət çəkən məqamlardan biri isə odur ki, sərgiyə maraq əsasən gənclər arasındadır. Bu isə o deməkdir ki, ölkə gəncləri mütaliənin bir cəmiyyətin formalaşmasındakı rolunu çox yaxşı dərk edir. Biz özümüz də gənclərin kitaba marağının şahidi olduq və sərgi ilə əlaqədar reportaj hazırlamaq qərarına gəldik. SİA həmin reportajı təqdim edir:

“Qanun Nəşriyyatı”nın direktoru Şahbaz Xuduoğlu deyib ki, 2 ildən bir ənənəvi olaraq Beynəlxalq Kitab Sərgisi keçirilir: “Biz bu sərgiyə bütün nəşriyyatları dəvət etmişik və onlar da öz kitablarının sərgisi üçün buradadırlar. Burada 50 minə yaxın kitab sərgiyə çıxarılıb. Digər sərgilərdən fərqli olaraq burada mağazalar da, yazarlar da öz kitablarını sata bilirlər. Fiziki qüsurlu əl işləri satan sənətkarlarımız var, hansı ki, biz onları da bu sərgiyə dəvət etmişik”.

Nəşriyyat direktoru qeyd edib ki, burada azad mikrofon da var: “Gənc şairlər öz şeirlərini deyir, musiqiçilər öz mahnılarını ifa edirlər. Həmçinin panellərimiz də var ki, orada çox maraqlı müzakirələr aparılır. Həmin panellərdə yazıçılarla görüşlər olur, həm kitablarla bağlı problemlər, həmçinin mədəniyyətin digər qolları burada müzakirə olunur”.

Ş.Xuduoğlu vurğulayıb ki, sərgi sayəsində Bakı sakinləri uzun qapanmadan sonra gerçək bir bayramla üz-üzə qaldılar: “Mütaliənin cəmiyyətdə daha da çoxalması üçün münbit şərait olmalıdır. Əgər, ölkədə 3 min kitabxana bağlanıbsa, insan kitabı haradan tapıb oxumalıdır. Kitabların qiymətlərinin də yüksək olmasının səbəbi ƏDV-lərdir. Əgər, ƏDV ləğv olunarsa, kitab hər kəs üçün daha əlçatan olar. Dünyanın əksər ölkələri kitab üzərindən ƏDV-ləri götürüb. Ümid edirəm ki, bu addım bizdə də atılacaq. Kitab olmasaydı cəmiyyət heyvandan heç nəyi ilə ayrılmazdı. Dünya praktikasında da mütaliəsi az olan ölkələrin başına nələr gəlir, mütaliəsi yüksək olan ölkələr isə necə yaşayır biz hər birini görürük. Biz mümkün qədər kitabın təbliğatını aparmalıyıq ki, cəmiyyətdə kitaba maraq bir qədər də artsın”.

Deputat Etibar Əliyev qeyd edib ki, son 10 ildə gənclərin oxumağa meyli xeyli çoxalıb: “Mütaliə zəncirvari xarakter daşıyır. Yəni, kimsə bir əsəri oxuyur, onu təbliğ edir və bu proses insanlar arasında dövr etməyə başlayır. Bu gün oxucunun əsas problemi dil problemidir. Nəşriyyatlar çalışırlar ki, tərcümənin sferasını genişləndirsinlər”.

Deputat əlavə edib ki, təəssüf doğuran məsələ ondan ibarətdir ki, buradakı tərcümələr yalnız bədii ədəbiyyat istiqamətindədir: “Əslində, populyar elmi ədəbiyyatlara, təbiət elmlərin ədəbiyyatlarının tərcüməsinə də çox geniş yer verilməlidir. Akademiyanın institutları, universitetlər bu işdə çox passivdirlər. Biz təkcə bədii, humanitar düşüncəyə sahib olmamalıyıq. Eyni zamanda riyazi, təbiət elmləri düşüncəsinə sahib olmalıyıq”.

E.Əliyev vurğulayıb ki, bu cür sərgilərin çox böyük əhəmiyyəti var: “Bu sərgilər kitaba qayıdış missiyasını yerinə yetirir. Kitablar gəncləri lazımsız vərdişlərdən bir qədər uzaqlaşdırır. Onlar üçün fərqli baxış bucaqları açır. Kitab insanın ən yaxın dostudur. Gənclər arasında kitaba olan həvəsi artırmaq üçün bu cür tədbirlər tez-tez keçirilməlidir”.

Gənc yazıçı Ülviyyə Həmidova bildirib ki, ilk kitabı işıq üzü görüb və ona görə bu sərgiyə qatılıb: “Əvvəllər bu sərgiyə oxucu olaraq, indi isə müəllif olaraq gəlmişəm”.

Yazıçı qeyd edib ki, sərgiyə daha çox gənclər maraq göstərir: “Bu sevindirici haldır ki, bu cür tədbirlərdə əksəriyyəti gənclər təşkil edir”.

Gənc yazıçı Əsəd Qaraqaplan vurğulayıb ki, artıq sərginin dördüncü günüdür və öz kitablarını imzalı halda satışa çıxarıb: “Sərgiyə maraq yüksək səviyyədədir. Həqiqətən də sərgidə insan əlindən tərpənmək olmurdu”.

Müəllif qeyd edir ki, onu təəccübləndirən məqamlardan biri də sərgiyə ailəvi şəkildə gələn vətəndaşlar olub: “Həmin şəxslər uşaqlara ayrı, özlərinə isə ayrıca kitablar almışdılar. Bu isə uşaqlara mütaliəni aşılamaq üçün ən gözəl üsuldur.

Ə.Qaraqaplan vurğulayıb ki, kitab cəmiyyəti formalaşdıran əsas və birinci ünsürdür: “Mütaliənin formalaşmadığı cəmiyyətdə hər zaman xaos, cahillik, mövhumat hökm sürür”.

Şahin Cavadov deyib ki, mən bu sərgidə könüllü kimi iştirak edirəm: “Gənclər arasında mütaliə çox yüksək səviyyədədir. Bu sərgiyə gələnlərin də demək olar böyük hissəsi gənclərdir. Sərgiyə maraq həddən çoxdur. Sıxlıq bir qədər stress yaradır. Təki, gələn stress kitabdan gəlsin”.

O, söyləyib ki, ən çox maraq inkişaf yönümlü kitablaradır: “Sərgidə də yetəri qədər motivasiya xarakterli kitablar var”.

Ş.Cavadov vurğulayıb ki, məni ən çox sevindirən gənc yazarların satışlarıdır: “Bunun miqyası böyüyüb. Ən azı 15 gənc yazar sərgidə iştirak edir. Bu isə özlüyündə çox möhtəşəm bir şeydir”.

Qeyd edək ki, Beynəlxalq Kitab Sərgisi oktyabr ayının 10-dək davam edəcək. Artıq sərginin dördüncü günüdür və sərgiyə maraq gözləniləndən də çoxdur. Nəzərə çatdıraq ki, sərgi Əl Oyunları Sarayında keçirilir. Sərgiyə gedərkən Covid-19 pasportunuzu özünüzlə götürməyi unutmayın.