2020-ci ilin 4 oktyabrı - Vətən müharibəsinin 8-ci günü. Hər bir azərbaycanlı cəbhədən növbəti xoş xəbəri eşitmək üçün ekran başında, sosial şəbəkələrdə səbirsizliklə gözləyir. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”. Bu xəbəri düz 30 ilə yaxın idi ki, gözləyirdik. Həmin axşam küçələrə axışan insanlar bir-birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşları idi. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşları tökmüşdü. Ancaq o, məğlubiyyət göz yaşları, faciə göz yaşları idi. Bir il bundan əvvəl avqustun 23-nü Cəbrayılın işğal günü kimi xatırlayırdıq. Oktyabrın 4-ü isə tariximizə bu şəhərin azad olunması günü kimi yazıldı. Bəs bu tarixi günlə bağlı paytaxt sakinləri hansı fikirdədirlər. SİA olaraq onlar arasında sorğu keçirdik:
Paytaxt sakini Ramal Xankişiyev: “Cəbrayılın işğaldan azad olunması vətənpərvərliyimizin yüksəlməsinə səbəb oldu. Məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmasına bir vəsilə oldu. Məncə, bunun ardı gələcək. Azərbaycanın tarixi torpaqları, Zəngəzur, Göyçə mahalı da, həmçinin, geri qaytarılacaq”.
Paytaxt sakini Ülvi Yusifov: “Məlum olduğu kimi 28 il ərzində torpaqlarımız işğal altında olub. Bizim igidlərimiz, qardaşlarımız onları artıq azad edib. Mənim hətta, öz dostlarım, sinif yoldaşlarım olub ki, şəhid olublar. Allah hamısına rəhmət etsin! Məkanları cənnət olsun! Biz onlara borcluyuq. Qazilərimizə borcluyuq. İnşallah hər il 4 oktyabrı qələbə abu-havası ilə keçirəcəyik".
Paytaxt sakini Nicat Ələkbərov: “Mənim qaradşım Zəngilan, Qubadlı, Cəbrayıl istiqamətində döyüşüb. Elə ayağını da Cəbrayılda sındırıb. Hazırda qazidi. Ümumiyyətlə, bütün qazilərimizə, Vətən uğrunda yaralılarımıza Allahdan şəfa diləyirəm. Cənnətdəki yeni yaşları mübarək olsun”.
Paytaxt sakini Mirzə Mövsumov: “Çox xoş təəssüratlarım var. 27 il ərzində Cəbrayıl rayonu işğal altında idi. Hazırda biz Cəbrayılın azadlıq il dönümünü sevinclə, xoşbəxtliklə qeyd edirik".
Paytaxt sakini Samir Mirzəyev: “Torpağın azad olunmasından təbii ki, qürur duyuram. Kaş şəhidlərimiz az olaydı, çox daha sevincli danışardım. Mənim iş yoldaşım Raul Piriyev şəhid oldu. Amma təbii ki, sevincliyəm. İnsanlar indi daha sərbəstdirlər. Öz torpaqlarına gedə bilmirdilər. İndisə, rahatlıqla gedə biləcəklər".
Paytaxt sakini Aytac Nurməmmədov: “Çox sevincliyəm, çox xoşbəxtəm. Rayonumuzun işğalını yox azad olmasını xatırlayırıq. Allah Cənab Prezidentimizin canını sağ etsin! Qazilərimizə Allah şəfa versin!"
Paytaxt sakini Minayə Əlizadə: “Bu günü sevinc gözyaşları ilə xatırlayıram. Allah şəhidlərimizə rəhmət etsin! Qazilərimizə Allah təcili şəfa versin! İnşallah Cəbrayıllılar, Şuşalılar öz torpaqlarını ziyarət etsinlər".
Paytaxt sakini Arzu Səlimova: “Əlbəttə ki, sevinirəm. Başqa nə deyə bilərəm? O torpağın üstündə neçə canlar getdi. Allah hamısına rəhmət etsin! Həmişə Azərbaycan bir olsun! Həmişə sevincli soraqlar eşidək".
Paytaxt sakini İbrahim Rzayev: “Cəbrayılın azad olunmasını qeyd etməkdən mən çox şadam. Bizim torpaqlarımız 30 ildən sonra azad edildi. Bu çox şad xəbər idi. Mənim ailəm bu xəbəri alanda sevinc göz yaşları tökmüşdü. Mən çox şadam ki, artıq torpaqlarımızın azad edilmə il dönümlərini qeyd edəcəyik".