“Azərbaycan regional təhlükəsizliyin açar dövlətinə çevrilib” - DEPUTAT AÇIQLADI

2 Oktyabr 2021 17:34 (UTC+04:00)

“Ölkə başçısı dəfələrlə xarici ölkələrin mətbuat orqanlarının Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsinin mümkün olmadığını bildirib. Ali Baş Komandanın qeyd etdiyi kimi Azərbaycan indiyədək aparılan danışıqlarda Dağlıq Qarabağa ən yüksək muxtəriyyət təklif etsə də, qarşı tərəf bununla razılaşmayıb. Azərbaycan daxilində muxtariyyət və mədəni muxtariyyət məsələsi müharibədən əvvəlki illərdə hökumətimiz tərəfindən təklif edilmişdi. Lakin onlar hər şeyi rədd etdilər. Onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilər ki, biz bu müstəqilliyi tanıyaq. Ermənistan 30 ilə yaxın bir dövr boyunca bütün fəaliyyətini münaqişəni dondurmağa doğru yönəltmişdi. Təbii ki, cənab Prezidentin də müsahibəsində qeyd etdiyi kimi ATƏT-in üzv dövlətlərinin də bu sahədə səmərəsiz fəaliyyəti böyük rol oynadı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.


Onun sözlərinə görə, Azərbaycan dəfələrlə sülh, sabitlik barədə çağırışlar, çıxışlar edib: “Lakin Ermənistan hakimiyyətindən indiyədək əməli addım atılmayıb. Ermənistanın “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təklifinə hələ də cavab verməməsi bir daha göstərir ki, Ermənistan regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil”.

“Biz artıq işğaldan azad olunan torpaqları əsl sahiblərinə qovuşdurmaq yönündə fəaliyyətə keçmişik. “Böyük Qayıdış”ı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçiriləcək. Tezliklə bütün məcburi köçkünlər dədə-baba yurdlarına qayıdacaq. Əldə edilən zəfər Azərbaycanın iqtisadi inkişafına, regionda mövqeyini qoruyub saxlamasına, daha da güclənməsinə şərait yaradıb”.

”Biz region dövlətlərin əməkdaşlığına qarşılıqlı iqtisadi inkişafına nail olmaq üçün müsbət addımlar atıb, effektiv fəaliyyət göstərmişik. Post-müharibə dövründə əsas siyasət xəttini regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası tutur. O cümlədən, Zəngəzur dəhlizinin işləməsi prinsipial əhəmiyyət daşıyır”.

”Regionda nəqliyyat-kommunikasiyanın inkişafı davamlı sülhün və tərəqqinin təmin edilməsinə təkan verəcək. Kommunikasiya xətlərinin bərpası təkcə əhəmiyyətli iqtisadi-kommunikasiya faktoru ilə bağlı deyil. O, daha çox geosiyasi və geoiqtisadi kontekstdə əməkdaşlıq, davamlı sülh və tərəqqi məsələsi ilə əlaqəlidir”.

“Azərbaycan dövləti mükəmməl regional siyasi kurs sayəsində Ermənistan istisna olmaqla bütün qonşularla geniş əməkdaşlığa nail ola bildi. Rusiya, İran, Türkiyə və Gürcüstan indi Azərbaycanın ən yaxın tərəfdaşlarındandır. Məhz bu cür böyük diplomatik uğur nəticəsində Azərbaycan regional təhlükəsizliyin açar dövlətinə çevrilib”.

Ayşən Vəli