"Apple" iPhone 13 seriyasının Pro və Pro Max modelləri fotoqrafiya təcrübəsini bir üst səviyyəyə qaldırmaq üçün xüsusilə kamera tərəfində ciddi yeniliklər ortaya qoyub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu modellər fərqli məqsədlər üçün istifadə edilməyə başlanıb. Hətta bir həkim iPhone 13 Pro Max telefonu ilə göz müayinəsi etməyə başlayıb. Xatırlanacağı kimi, "Apple" makro rejimi iPhone 13 seriyasının Pro və Pro Max modellərinə gətirib.
Sözügedən xüsusiyyət, cihazların ultra geniş kamerası üzərində ən az 2 sm fokus uzunluğuna sahib olan obyektləri genişləndirərək, ən kiçik detalları belə istifadəçilərə açıq şəkildə təqdim edir. Tommi Korn adlı bir oftalmoloq, aldığı iPhone 13 Pro Max telefonundakı makro fotoqrafiya rejiminin göz xəstəliklərinin diaqnozu və müalicəsində istifadə edilə biləcəyini düşünərək xəstələri telefonu ilə müayinə etməyə başlayıb. Hətta işi bir addım da irəli atan həkim, bu yaxınlarda kornea nəqli olan bir xəstədən əldə etdiyi görüntüləri telefonunun makro rejimi vasitəsi ilə izləyiciləri ilə bölüşüb.