Azərbaycanda gözlənilən xoş xəbər artıq reallaşdı - YENİLİK - EKSPERT AYDINLIQ GƏTİRDİ

1 Oktyabr 2021 11:36 (UTC+04:00)

"Azərbaycan cəmiyyətində gözlənilən xoş xəbər artıq reallaşdı. Bəli, bu gündən etibarən kitabxana, kinoteatr, muzey və digər mədəni müəssisələr artıq öz qapılarını gen-bol oxucuların, izləyicilərin, sənətsevərlərin, teatrsevənlərin, kino həvəskarlarının üzünə açır". Bu sözləri SİA-ya açıqlamasında analitik ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

"Bəli, bilirsiniz ki, müəyyən qadağalar var, kinoteatrda insan sayı əlli faizdən çox olmamalıdır, bir çox hallarda sosial məsafə saxlanılmalıdır, tibbi maskalardan istifadə edilməlidir. Əgər insanlar özlərində temperatur hiss edirlərsə onlar getməməlidirlər, qoruyucu vasitələrlə əl təmizləyici, yuyucu vasitələrdən mütləq istifadə etməlidirlər. İki ilə yaxındır ki, gözlədiyimiz o günləri, o imkanları qazana bilərlər. Düzdür, Azərbaycanda heç vaxt mədəniyyət abidələrinə, müəssisələrinə giriş yüksək səviyyədə olmayıb. Tutalım, Almaniyada il ərzində ancaq muzeylərə 280 milyona yaxın giriş var. Onlarda muzeylər, teatrlar, kinoteatrlar və bu kimi mədəniyyət müəssisələrinə giriş artıq ictimai standart və kulturoloji standarta çevrilib və insanlar ola bilər ki, çörək az yesinlər, amma həm sağlamlığı ilə bağlı idman müəssisələrinə, həm də estetik zövqləri ilə bağlı mədəniyyət müəssisələrinə getmələri ictimai-sosial və mədəni standarta çevrilib".

Aydın Xan Əbilov sözlərinə belə davam edib: "Azərbaycan insanı bu mənada həmişə axsıyıb. Bu bizim çox güman ki, bir çox mədəni hadisələrimizin toy və yasda cəmlənməsindən irəli gəlib. Çünki bilirsiniz ki, toyda da musiqi, rəqs, yemək və s. var. Yasda da artıq ehsan, avazla quran oxumaq, bir-biri ilə sosiallaşma, görüşmək var. Ona görə də bizdə həm də modern bir cəmiyyət, toplum olduğuna görə hər zaman yeniliyə can atırıq, yeni nə isə gözləyirik. Əsasən də, xaricdən gözləyirik. Köhnəyə o qədər də əhəmiyyət vermirik. Amma əlbəttə ki, bu düşüncə tərzi get-gedə dəyişilməlidir".

"Bizim ədəbiyyatla, tarixlə, görkəmli adamlarla bağlı gözəl muzeylərimiz var. Çox yaxşı klassik kitabxanalarımız, kitab mağazalarımız, teatrlarımız mövcuddur. Mədəniyyət saraylarımız, konsert salonlarımız var və insanlar mütləq ora gedib estetik zövqlərini artırmalıdırlar. Bu, həm də gənclər, yeniyetmələr, məktəblilər üçün çox önəmlidir. Onlar vəhşi kimi böyüməməlidirlər. Bu sadaladığımız sahələrin hamısı, incəsənətin müxtəlif sahələri məhz insanların içində olan vəhşi hissləri öldürmək və onları sivil bir fərd, şəxsiyyət olaraq formalaşdıraraq cəmiyyətin inkişafına, dövlətin, ölkənin qabağa getməsinə təsir edir".

"Əgər gənclər kitab oxumursa, teatra, muzeyə getmirsə, oradakı insanları görmürsə, təmas qurmursa, sosial mədəni məişət səviyyəsində bir-biri ilə tanış olmurlarsa evlənmək üçün harada tərəfdaş tapa bilərlər və yaxud yeniyetmələr bir-biri ilə harada dost, rəfiqə tapa bilərlər?! Bu, çox önəmlidir. Çünki təbii və texnogenik hadisələr zamanı məhz bu sosiallaşmadan irəli gələrək insanlar humanist olurlar və bir-birinə dəstək olurlar, növbə mədəniyyətinə, cəmiyyətdə özünü aparmaq mədəniyyətinə, ədəbiyyatdan, incəsənətdən, kinodan gəlmə sivil dəyərlərin, sivil əxlaq normalarının onlara da tanış olub və onları da tətbiq etmə baxımından çox böyük əhəmiyyətə malikdir. Ona görə də mən, sənətsevərləri, incəsənət adamlarını, mədəniyyət sferasında, kitabxana sistemində olan insanları təbrik edirəm. Eyni zamanda, onlardan yararlanan izləyicilər, oxucular, sənətsevərlər, kino həvəskarlarını da təbrik edirəm. Bu, heç də o demək deyil ki, digər yeni modern janrlar inkişaf etməməlidir. Kitabxana ilə yanaşı virtual elektron kitabxanalar da inkişaf etdirməlidir. Teatrla yanaşı modern teatr səhnə əsərlərinin tamaşaya qoyulmasını tələb etməliyik və bunun internet, yəni elektron virtual variantı olmalıdır. Kinolarla yanaşı "Youtube" da və digər portallarda izlənə biləcək seriallar, filmlər inkişaf etməlidir. Bizim müğənnilərin internet səhifələri olmalıdır və s. İnsanların alternativ seçim imkanı olmalıdır. Amma əlbəttə ki, real konsert salonları, teatr səhnələrində baxışlar və yaxud muzeylərə gedib nəyi isə nümayiş etdirilən, bizim tariximizi əks etdirən dəyərlərə canlı baxmaq daha önəmlidir, daha çox enerji verir. Amma, paralel olaraq hər ikisi olmalıdır. İnsan durmadan öyrənməli, estetik zövqünü, öz mədəni, sivil səviyyəsini durmadan qaldırmalıdır. Ona görə də muzeylərin, kinoteatrların, teatrların, kitabxanaların açılması, əslində, Azərbaycan cəmiyyəti üçün böyük bir bayramdır".

Ayşən Vəli