“Armenianreport” Qarabağ ermənilərini qorxaqlıqda ittiham etdi ANALİTİK+FAKT

30 Sentyabr 2021 10:49 (UTC+04:00)

Əslində bu, bütövlükdə Ermənistandakı ermənilərin Qarabağ ermənilərinə olan nifrətli münasibətlərinin aşkar nümunəsidir

Sentyabrın 27-də tanınmayan qondarma və separatçı quldur rejimi Xankəndidə İkinci Qarabağ müharibəsində gəbərdilmiş terrorçuların “xatirələrini” anmaq məqsədi ilə məşəl yürüşü keçirib. SİA xəbər verir ki, həmin yürüşdə iştirak edən separatçılar əllərində işğaldan azad olunmuş Azərbaycan ərazilərinin özləri tərəfindən saxtalaşdırılmış adlarını əks etdirən plakartlar qaldırıb, eyni zamanda, qondarma rejimin bir neçə metrlik uzunluğunda hazırlanmış əski parçasını daşıyıblar.

Lakin maraqlı məqam budur ki, Ermənistanda kifayət qədər oxunan saytlardan biri kimi fəaliyyət göstərən “Armenianreport” həmin yürüşü sərt şəkildə ittiham edərək Qarabağ ermənilərini qorxaqlıqda, fərarilikdə və alçaqlıqda suçlayıb. Belə ki, məqalənin müəllifi və adıçəkilən saytın analitik yazarı Tevos Arşakyan bir neçə minlik kütlə arasında kifayət qədər gənclərin, əlinə silah ala biləcək insanların olduğunu bildirərək, 44 günlük müharibə vaxtı onların harada olduqlarını soruşub.

“Ay hörmətsizlər, bəs müharibə vaxtı harada idiniz?”

“Siz indi kədərli və matəm sifətləriniz ilə Qarabağın paytaxtında addımlayırsınız. Ay hörmətsizlər, bəs müharibə vaxtı harada idiniz?”, deyə sual edən erməni analitik yazarı qeyd edib ki, hətta müharibənin ən qızğın vaxtlarında bu gün məşəllə küçələrə çıxanların heç biri meydanda olmayıblar.

Bu arada onu xatırlada bilərik ki, erməni blogeri Roman Baqdasaryan 44 günlük müharibə zamanı ermənilərin fərarilikləri barədə faktlara əsaslanan çıxışlar edib və bu çıxışlar əsnasında döyüş meydanından qaçanların əksəriyyətinin qarabağlı ermənilər olduğunu deyib.

“Bütün bunlar dəhşətli ittihamlardır, ancaq çoxu sonradan təsdiq olundu...”

Bu mənada, “Armenianreport”un analitik yazarı bloger Roman Baqdasaryanın dediklərinə haqq qazandırıb: “Mən uzun müddət müharibə haqqında qorxulu söhbətlər edən Roman Baqdasaryanın sözlərinə inanmaq istəmirdim. O cümlədən, “artsaxlı” (qarabağlı) ermənilərin yaralı hərbçilərin daşınmaları üçün şəxsi nəqliyyat vasitələrini verməmələri, kişilərin böyük əksəriyyətinin “stepanakert” (Xankəndi) zirzəmilərində gizlənmələri, Ermənistana qaçmaları barədə danışdıqlarını da eşitmək istəmirdim. Bütün bunlar dəhşətli ittihamlardır, ancaq çoxu sonradan təsdiq olundu...

Mən bizim döyüşçülərlə söhbət etmək imkanı tapdım və onlar da kədərlə Baqdasaryanın dediklərini təsdiq etməklə yanaşı, “artsaxlıların” ünvanına ağır həqarətlər işlətdilər”.

“Armenianreport”un analitik yazarı sözügedən ittihamlı məqaləsində Qarabağ ermənilərini sərt şəkildə suçlamağa davam edərək onu da yazır ki, Qarabağ əhalisinin böyük kəsimini təşkil edən kişilər evlərini qorumaları yerinə, qadın və uşaqlarla təhlükəsiz Ermənistana qaçmağı üstün tutdular.

Qarabağ ermənilərinin həyasızlıqları, hay-şivənçilikləri sayəsində yenidən baş qaldırmaq cəhdləri, əslində, Ermənistanın özündə nifrətlə qarşılanır

Daha sonra “Nəticədə belə alındı ki, onların yerinə Ermənistandan, Cavaxetiyadan, Abxaziyadan, Rusiyadan, Ukraynadan gələn ermənilər döyüşlərə qatıldılar, ancaq bu sıralarda “artsaxlıları” barmaqla saymaq olardı. Halbuki, həmin vaxt orada onların olması lazım idi, çünki həmin əraziləri onlar yaxşı tanıyırdılar. Həmin vaxtların videoxronikalarına baxın və qaçanlar arasında nə qədər kişilərin olduğunu görərsiniz”, yazan erməni müəllif İrəvanda Qarabağ ermənisi olan bir gəncin qorxaqlıqda ittiham edilərək döyülməsi faktını da xatırladıb və bu kimi halların tək-tük olmadığını yazıb, üstəlik, davam edəcəyini də istisna etməyib.

Bütün bunlar isə bir reallığı sübuta yetirir: ermənilər hazırda bütünlüklə illər uzunu törətdikləri alçaqlıqlarının, ləyaqətsizliklərinin bədəlini, karmasını ödəyirlər. Bəli, onlar hələ ki, Qarabağın kiçik bir hissəsində Rusiya sülhməramlıları kontingentinin nəzarət etdikləri bölgələrdə özlərini qısa müddətli rahat hesab edə bilərlər, hətta əski parçalarına uzun dirək bağlayıb onu qaldırmaqla əsəblərimizlə də oynaya bilərlər. Amma inanın ki, bu kimi məsələlərlə onların “artsax” xülyaları heç vaxt ayaqda qala bilməyəcək, necə ki, qalmayıb. Məhz bu kontekstdən də çıxış edərsək qənaətə gələ bilərik ki, bu gün Qarabağ ermənilərinin həyasızlıqları, hay-şivənçilikləri sayəsində yenidən baş qaldırmaq cəhdləri, əslində, Ermənistanın özündə nifrətlə qarşılanır. Bunu isə elə “Armenianreport”un analitik yazarı Tevos Arşakyanın sözügedən ittihamlı məqaləsindən də sezmək əsla çətinlik yaratmır. Hətta deyə bilərik ki, bu cür yanaşma elə Ermənistanda Qarabağ ermənilərinə olan nifrətli münasibətlərinin aşkar nümunəsidir.

Rövşən RƏSULOV