29 sentyabr 2021-ci il tarixdə Azərbaycanın 44 günlük Vətən müharibəsində Ağdaş rayonunun iki şəhidinin - Məmmədov Kənan Hüseyin oğlunun və İbrahimxəlilov Soyxan Eldəniz oğlunun ildönümü qeyd olunub. Bu münasibətlə şəhidlərin doğulub-böyüdüyü və ailələrinin yaşadığı Kotavan və Ağzıbir kəndlərində mərasimlər keçirilmişdir. Hər iki mərasimdə Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən, millət vəkili Cavid Osmanov və partiya fəalları, icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış, ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış, valideyinlərinə başsağlığı verilmişdir. Məmmədov Kənan Hüseyin oğlu 17 iyul 1993-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olmuşdur. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edən gizir Kənan Məmmədov 2016-cı ilin Aprel döyüşlərində də şücaətlə iştirak etmişdir. 28 sentyabrda Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
İbrahimxəlilov Soyxan Eldəniz oğlu 6 avqust 2001-ci ildə Ağdaş rayonunun Ağzıbir kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Söyxan İbrahimxəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşaraq şəhid olmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Gün ərzində partiya fəallarının şəhidlərin ailələrini ziyarət etmələri davam olunmuşdur.
Zümrüd