"...Ermənistan dövlət kimi yox olmağa məhkumdur"

29 Sentyabr 2021 02:11 (UTC+04:00)

Rusiyanın Moskva vilayətində Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunan tədbir keçirilib.

SİA- APA-ya istinad edərək bildirir ki, Moskva vilayəti Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyəti tərəfindən təşkil olunan tədbir çərçivəsində rusiyalı tarixçi alim, transmilli erməni terroruna dair çoxsaylı kitabların müəllifi, politoloq Oleq Kuznetsovla diaspor təşkilatının fəalları arasında görüş keçirilib.

Görüşdə çıxış edən O.Kuznetsov 44 günlük Vətən müharibəsinin səbəbləri və tarixi yekunları ilə bağlı öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, Ermənistan Qarabağ ətrafındakı Azərbaycanın digər ərazilərini işğal edərək həmin əraziləri “bufer zona” elan edib və bu torpaqlarda heç bir fəaliyyət göstərməyib və heç bir iqtisadi fəaliyyət də aparmaq niyyətində olmayıb:

“Rəsmi İrəvanın münaqişənin nizamlanması təşəbbüslərinə “Yeni müharibə - yeni ərazilər” bəyanatı və sərhəddə təxribatlar törətməklə cavab verməsi sonda müharibəyə səbəb olub”.

Rusiyalı siyasi ekspert Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində qələbəsində bir sıra faktorların rol oynadığını qeyd edib:

“Birinci faktor ordunun şəxsi heyətinin yüksək səviyyədə intizamlı və peşəkar olmasıdır. İkinci faktor isə düşmən üzərində tam hərbi texniki üstünlüyə malik olması idi. Üçüncü faktor isə ordunun yüksək səviyyədə mənəvi-psixoloji motivasiyaya malik olması idi. Bu müharibə Azərbaycanda ordu, xalq və dövlətin yüksək səviyyədə birliyini göstərdi ki, bu da işğal latındakı torpaqların azad olunmasında, qələbədə həlledici faktor oldu. Azərbaycan güc yolu ilə işğal altındakı torpaqları azad edərək aqressor dövləti BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyə məcbur etdi. Bu qələbə çoxmillətli Azərbaycan xalqının özünüdərk prosesinə həlledici təsir göstərdi, nəticədə tam bir millətə, çox etnik dövlətə çevrilməsinə səbəb oldu”.

O.Kuznetsov ermənilərin əksəriyyətinin Ermənistandan kənarda yaşadığını qeyd edib:

“Sosial-iqtisadi, demoqrafik proseslər onu göstərir ki, strateji gələcəkdə Ermənistan dövlət kimi yox olmağa məhkumdur”.

Rusiyalı politoloq daha sonra Azərbaycan diaspor nümayəndələrinin suallarını cavablandırıb.