Yəməndə qarşıdurmalar zamanı 67 nəfər ölüb

28 Sentyabr 2021 22:07 (UTC+04:00)

Yəməndə hökumət qüvvələri ilə husilər arasında baş verən qarşıdurmada 67 nəfər həyatını itirib.

Yerli medianın hərbi mənbələrə əsaslanaraq yaydığı xəbərdə, Mərib və Şabva şəhərlərində tərəflər arasında qarşıdurmaların başladığı və hökumət qüvvələrinə dəstək verən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən hava hücumlarının edildiyi bildirilib.

Xəbərdə hadisələrdə 58 Husi silahlısı və 9 hökumət qüvvəsi də daxil olmaqla 67 adamın həyatını itirdiyi qeyd olunub və koalisiya təyyarələrinin son gündə 20-dən çox hava zərbəsi endirdiyi vurğulanıb.

Yəməndəki qanuni hökumətin ən vacib qalalarından biri olan və Müdafiə Nazirliyi qərargahı ilə yanaşı neft və təbii qaz yataqlarının yerləşdiyi Məribi ələ keçirmək istəyən husilər cari ilin fevral ayından bəridir bölgəyə hücumlarını artırıblar.

Xatırladaq ki, Yəməndəki İranın dəstəklədiyi husilər paytaxt Səna və bəzi bölgələri 2014-cü ilin sentyabrından bəri nəzarətdə saxlayır. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri 2015 -ci ilin mart ayından bəri husilərə qarşı Yəmən hökumətini dəstəkləyir.