Vətən Müharibəsi şəhidlərinin xatirəsi Tehranda anılıb - FOTOLAR

28 Sentyabr 2021 17:42 (UTC+04:00)

Bu münasibətlə Azərbaycanın İrandakı səfirliyində təşkil olunmuş Anım Günü mərasimində İran XİN-nin məsul işçiləri, İqtisadi Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini və təşkilatın katibliyinin əməkdaşları, İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pak Ayin, qardaş Türkiyənin və Pakistanın Tehrandakı Səfirliyinin əməkdaşları, Tehran ictimaiyyətinin nümayəndələri, ziyalılar və Tehranda yaşayan azərbaycanlılar iştirak edib.

SİA xəbər verir ki, Anım Günü münasibəti ilə səfirliyin həyətində erməni qəsbkarlarının vaxtıilə işğal etdiyi rayonlarımızda törətdikləri dağıntıları, hərbi cinayətləri, eləcə də 44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin qəhrəmanlığı və şücaətini əks etdirən “Unutmadıq” adlı foto-sərgi təşkil olunub, iştirakçıların yaxasına anım gününün simvolu olan xarıbülbül emblemi taxılıb, səfirliyin binası və əməkdaşların yaşadığı mənzillərin eyvanından Azərbaycan bayraqları asılıb. Foto-sərgidə Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində keçirdiyi uğurlu hərbi əməliyyatlardan da fotolar nümayiş edilib.

Sərgiyə baxış keçirildikdən sonra Səfirliyimizin inzibati binasında təşkil olunmuş anım tədbirində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Qurandan ayələr oxunub.

Tədbiri açan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi polkovnik Elvin Qasımov Azərbaycan ordusunun 44 günlik Vətən müharibəsində Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə özünümüdafiə hüququ çərçivəsində keçirdiyi uğurlu hərbi əməliyyatlarla ərazilərimizi işğaldan azad etdiyini qeyd edib. Ermənistanın silahlı birləşmələrinin 93 nəfər mülki şəxsi, o cümlədən 12 uşaq və 27 qadını qətlə yetirdiyini bildirib. Hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun 2907 hərbi qulluqçusunun şəhid olduğunu, 7 hərbi qulluqçusunun isə itgin düşdüyünü diqqətə çatdırıb.

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pak Ayin çıxış edərək Azərbaycan hər zaman öz torpaqlarını azad etmək uğrunda mübarizə apardığını və buna uğurla nail olduğunu diqqətə çatdırıb. Möhsün Pak Ayin Azərbaycanda səfir işlədiyi müddətdə Qarabağın azad olunmasını arzuladığını, qonşu və dost Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi İranda da sevinclə qarşılandığını, İranın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini hər zaman dəstəklədiyini qeyd edib. Keçmiş səfir İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin qonşularla münasibətlərə xüsusi diqqət yetirdiyini də bildirib və Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olanların xatirəsini hər zaman əziz tutacaqlarını vurğulayıb.

İqtisadi Əməkdşlıq Təşkilatını Baş katibinin müavini Hüseyn Avni Bıçaqlı çıxış edərək Azərbaycan öz ərazilərini işğaldan azad etməklə bütün regionda sülhün və əmin-amanlığın qorunmasında maraqlı olduğunu göstərdiyini bildirib. Azərbaycanın regionda təhlükəsizliyin təmin olunmasına böyük töhfə verdiyini, işğaldan azad edilən rayonlarda həyata keçirilən quruculuq işlərinin, “ağıllı kənd”, “ağıllı şəhər” kimi layihələrin reallaşdırılması Azərbaycanın məqsədinin regionda sabitliyi təmin etmək olduğunu göstərdiyini qeyd edib. İƏT Baş katibinin müavini torpaqlarının azad edilməsi münasibəti ilə Azərbaycan Respublikası Səfirliyinə və xaqlına təbriklərini çatdıraraq, şəhidlərin bu anım günündə hörmətlə yad olunduğunu bildirib.

Səfirlik tərəfindən təşkil olunmuş “Unutmadıq” adlı foto-sərgi və anım tədbirinə qatıldıqlarına görə iştirakçılara təşəkkür edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Vətən Müharibəsi şəhidlərinin erməni təcəvüzünün qarşısını almaqla 30 ilə yaxın davam etmiş işğala son qoymaq və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etmək uğrunda canlarını fəda etdiklərini bildirib. Səfir Azərbaycanın sülh yolu ilə münaqişəni həll etmək çağırışlarına məhəl qoymayan Ermənistanın 30 il ərzində müharibə və insanlığa qarşı cinayətlərini davam etdirdiyini, işğal altında qalan bütün şəhər və kəndləri, mədəni və dini abidələri viran qoyaraq yerlə yeksan etdiyini vurğulayıb. Həmin ərazilərdə mövcüd olan 67 məsciddən 65-nin ermənilər tərəfindən tam dağıdıldığını, qalan 2 məscidinin isə heyvan saxlancı kimi istifadə etdiklərini bildirən Əli Əlizadə, bunun tək Azərbaycan üçün deyil, bütün müsəlman və islam aləmi üçün təhqir olduğunu diqqətə çatdırıb.

Səfir bütün bu erməni vəhişiliklərinə şəhidlərimizin qəhramanlığı, canı və qanı bahasına, eləcə də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun şücaəti və əzmi sayəsində son qoyulduğunu, şəhidlərimizin qanının yerdə qalmadığını və Azərbaycan torpaqlarının işğaldan azad edildiyini bildirib. Şəhid alilələrinin dövlətimizin və xalqımızın daim diqqət və qayğısında olduğunu qeyd edən səfir, şəhidlərimizin ölmədiyini, daim Azərbaycan xalqının qəlbində yaşadığını və Prezident İlham Əliyevin sərəncamı ilə təsis olunmuş Anım Gününün buna bariz nümunə olduğunu ifadə edib.

Diplomat 30 ilə yaxın davam edən münaqişə dövründə dost və qonşu ölkə olan İran İslam Respublikasının da Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə təşəkkür edərək, İranla sərhəddə olan 132 kilometr Azərbaycan ərazilərinin də işğaldan azad edildiyini və Azərbaycan Prezidentinin həmin sərhəddi dost və əməkdaşlıq sərhəddi adlandıraraq İranla əlaqələrdə yeni imkanar açdığını bildirdiyini xatırladıb. Əli Əlizadə bu sərhəd ərazilərin də İranla əlaqələrin daha da güclənməsinə öz tövhəsini verəcəyinə inandığını və bu istiqamətdə Azərbaycanın əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb.

Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsindən bəhs edən sənədli filmə də baxıb, eləcə də xatirə dəftərinə ürək sözlərini yazıblar.