"Ermənistan nə qədər revanşist hislərlə yaşasa, bir o qədər də..." - POLİTOLOQ AÇIQLADI

28 Sentyabr 2021 16:23 (UTC+04:00)

“Əlbəttə ki, Vətən müharibəsinin başlanması və ilk gündən Azərbaycanın həm beynəlxalq müstəvidə, həm də döyüş meydanında qələbələrin mənbəyi konkret olaraq Ermənistan tərəfini qıcıqlandırmağa və onlarda ehtiyat hissini yaratmağa başladı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov deyib.

Onun sözlərinə görə, sözsüz ki, Ermənistan tərəfi bəlkə də düşünmürdü ki, Azərbaycanın qələbəsi bu cür güclü, zərbəli və ağır olacaq: “Amma Azərbaycan bir daha nümayiş etdirdi ki, Azərbaycan rəhbərliyinin apardığı hərbi-siyasi, iqtisadi islahatlar son məqamda Azərbaycanın Ermənistan tərəfindən təcavüzə son qoyulmasını şərtləndirən amillər oldu. Bu baxımdan Ermənistan tərəfi uzun müddət bu ağır məğlubiyyətdən nəticə çıxarmalıdır. Azərbaycan tərəfinin 44 günlük müharibədəki Ermənistana endirdiyi ağır zərbələr və Azərbaycanın diplomatik müstəvidə qazandığı qələbələr və bəzi təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycanın inamla öz qələbəsinə doğru irəliləməsi, ümumiyyətlə regionda yeni geo-siyasi reallıqları yaratması konkret olaraq Ermənistanın təcavüzkar siyasətinin qarşısını sipər çəkir.

Ermənistan tərəfi əlbəttə ki, barışmaq istəmir ki, Ermənistanın ərazi iddialarının, təcavüzünün Azərbaycan tərəfindən qarşısı alınıb. Sözsüz ki, bu baxımdan Ermənistan tərəfi çalışacaq ki, revanşist müharibəyə başlasın. Amma bu mümkün olan şey deyil. Əlbəttə ki, Ermənistanı ən çox qıcıqlandıran məqamlardan biri də elə budur. Ermənistana artıq yalnız Azərbaycandan yox, həm də Türkiyə, Rusiya tərəfindən ümumiyyətlə regionda sabitliyə maraqlı olan bütün ölkələr tərəfindən konkret olaraq açıq mesajlar göndərilir. Yəni Ermənistanda revanşist əhval-ruhiyyə kənara qoyulmalıdır. Çünki Ermənistan nə qədər revanşist hislərlə yaşasa, bir o qədər 3+3 formatına heç vaxt gedə bilməyəcək. Bu isə o deməkdir ki, Ermənistanın iqtisadi kollapsı daha da dərinləşəcək. Düşünürəm ki, Ermənistan cəmiyyətində ilk növbədə məhz bu məsələlərə fikir verilməlidir”.

Arzu Qurbanzadə