"AŞPA-nın Ermənistana qətnamə səviyyəsində çağırış etməsi əhəmiyyətlidir" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

28 Sentyabr 2021 15:39 (UTC+04:00)

“AŞPA-nın minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən Azərbaycana verilməsinin zəruri hesab edilməsi barədə bəyanatı növbəti dəfə bu qurumun Qarabağ münaqişəsi ilə bağlı proseslərə obyektiv münasibətinin göstəricisi sayıla bilər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, biz hələ müharibədən əvvəlki dövrlərdə dəfələrlə Qarabağ müharibəsi kontekstində Ermənistanın Azərbaycana qarşı qeyri-humanist, hərbi cinayət xarakterli addımlar atması ilə bağlı rəylər və bəyanatlarına rast gəlirdik: “Azərbaycanın yandırılmış torpaqları, sərhədyanı ərazilərdə Azərbaycan əhalisinin içməli sulardan məhrum edilməsi ilə bağlı etiraz bəyanatlarını gördük. Bu gün də AŞPA-nın minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı Ermənistana qətnamə səviyyəsində çağırış etməsi əhəmiyyətlidir. Digər beynəlxalq qurumlar, hətta bəzi dövlətlər belə AŞPA-nın bu qətnaməsindən lazımi nəticəni çıxararaq Ermənistana təzyiq göstərməlidirlər. Bu, birinci növbədə, erməni lobbisinin təsiri altında olan Amerika Konqresinə aiddir. Çünki konqres bu günlərdə çox təəccüblü bir şəkildə qətnamə qəbul etdi ki, Azərbaycan hərbi əsirləri və mülki girovları Ermənistana təhvil verməlidir. Çox təəccüblüdür ki, Azərbaycanda nə hərbi əsir, nə də mülki girov olmadığı bir təqdirdə, erməni lobbisi Amerika kimi nüfuzlu bir ölkənin konqresini qeyri-adekvat bir qərara sövq edə bildi. AŞPA-nın mina xəritələri ilə bağlı qətnaməsindən nəticə çıxarmalı çox şeylər var. O cümlədən də Amerika konqresmenləri məhz bu qətnamələrə söykənərək, yanlış qərarlar çıxarmaqdansa, AŞPA-nın mina xəritələri ilə bağlı çağırışlarının həyata keçirilməsinə öz təsirlərini göstərsələr daha yaxşı olar”.

Arzu Qurbanzadə