"Xalq-iqtidar bir yumruq kimi olanda belə zəfərlərin ardı gələcək" - DEPUTAT ŞƏRH ETDİ

28 Sentyabr 2021 15:27 (UTC+04:00)

"Mütləq qeyd etmək lazımdır ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfər tarixi bir zəfərdir. Bunu da qeyd etmək lazımdır ki, 30 ilə yaxın beynəlxalq təşkilatlar, o cümlədən BMT, AŞ, Avropa Parlamenti və başqa beynəlxalq qurumlar, təşkilatlar qərarlar verdilər ki, bu torpaqlar qeyd-şərtsiz boşaldılaraq, Azərbaycana qaytarılmalıdır. Amma, təəssüflər olsun ki, dünya sivilizasiyası bir mənalı olaraq təzyiq göstərə bilmədi". Bunları SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, düzdür, ayrı-ayrı ölkələr, o cümlədən, qardaş ölkə Türkiyə və türk xalqı, Pakistan və başqa ölkələr bizə dəstək oldular. Amma Ermənistan hökumətinə heç bir təzyiq olmadı, sanksiyalar tətbiq olunmadı, ona qarşı heç bir addımlar atılmadı. 28 il ATƏT-in Minsk qrupu vaxt sərf etdi, Avropada və başqa ölkələrdəki görüşlərinə 100 minlərlə avro, dollar pul xərcləndi. Ancaq bunlar bir qərar verə bilmədi.

Rüfət Quliyev bu haqda fikirlərini belə izah edib: "Amma dünyanın, bəşəriyyətin verdiyi qərarları biz özümüz həll etdik. Bu da bizim tariximizə qızıl hərflərlə yazılıb. Bu, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin səylərinin, bizim millətin, xalqın, bizim rəşadətli ordumuzun səyləri nəticəsində baş verdi. Bir də onu qeyd etmək lazımdır ki, bu savaş təkcə, ölkəmizdə yaşayan 10 milyon əhalimizin yox, bütün dünyada yaşayan sayı 50 milyondan çox olan azərbaycanlının ürəyindən gələn bir tələb idi. Bütövlükdə dünyada yaşayan bütün azərbaycanlılar hər zaman bizi dəstəkləyib. Bizi tək azərbaycanlılar yox, dünyada sayı 350 milyondan çox olan türkdilli xalqlar da bizi dəstəkləyib. Amma təəssüflə deməliyəm ki, beynəlxalq təşkilatların verdiyi qərarların heç birinə ermənilər qulaq asmadı. Eyni zamanda onlara qarşı heç bir ciddi addım atılmadı. Bu şanlı 44 günlük zəfərlə bağlı yüz illər keçəndən sonra tarixi, bədii kitablar yazılacaq. Çünki bu qələbə Azərbaycan xalqının haqqını, Azərbaycan ordusunun qəhrəmanlığını, ölkəmizin iqtisadi gücünü göstərdi. Bizim bu zaman 3000-ə yaxın şəhidimiz oldu. Onların adları daim ürəyimizdə olacaq. Onların və analarının qarşısında baş əyirik. Bizim mehriban xalqımız qazilərimizi də heç vaxt unutmyacaq. Bütövlükdə vətən müharibəsində iştirak edənlər bizim vəfalı xalqımız tərəfindən unudulmayacaq. Hər zaman yada salınacaqlar. Çünki xalqın yaddaşı qan yaddaşıdır".

Qələbədə birlik mühüm rol oynadı. Deputat bu haqda fikirlərini belə izah edib: "Onu da qeyd etmək lazımdır ki, xalq-iqtidar bir yumruq kimi olanda belə zəfərlərin ardı gələcək. Xalq ki birləşdi Ali Baş Komandanın arxasında durdu, onun əmrlərini rəşadətli ordumuz yerinə yetirdi, bununla da qələbə bizimlə oldu. Bu birlik başqa sahələrdə də Azərbaycanın qələbələrinə səbəb oldu".