Zəngəzur dəhlizi Ermənistanın normallaşma əlaqələrinə başlaması üçün bir şərtdir. Çünki bu məsələ noyabrın 10-da imzalanmış Bəyanatda təsbit edilir və Ermənistan öz üzərinə bu öhdəliyi götürüb. Birincisi, əgər o, bu öhdəliyi icra etməyəcəksə, onda hansı normallaşmadan söhbət gedir? İkincisi, Ermənistanda, - yenə də qayıdıram əvvəlki fikirlərimə, - postmüharibə dövrünü çox düzgün təhlil etməlidirlər. Artıq vəziyyət tam fərqlidir. İndiki durum güc nisbətini açıq-aydın göstərir.
SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində danışıb.
“İşğal dövründə də bilirdik ki, bizim imkanımız nədir, Ermənistan ordusunun imkanı nədir. Biz bilirdik ki, balansı öz xeyrimizə çoxdan dəyişdirmişik. İndi bunu bütün dünya görür. Ona görə indiki şəraitdə mən hesab edirəm ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün daha çox səy göstərməlidir. Çünki onlar üçün bu, önəmlidir. Biz bunsuz da yaşaya bilərik, necə ki, yaşamışıq, indi də yaşayırıq. İndi daha yaxşı yaşayacağıq. Çünki o böyük əraziyə yenə də sahib olduq, öz doğma torpağımıza qayıtdıq. Onların durumu daha da pisləşdi. Ona görə daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır”, - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev deyib: “Ermənistan maraqlı olmalıdır ki, ilk növbədə, Türkiyə ilə əlaqələri normallaşdırsın, eyni zamanda, Azərbaycanla münasibətləri normallaşdırsın. Türkiyə və Azərbaycanla öz sərhədlərini müəyyən etsin, delimitasiya, demarkasiya aparılsın. Onlar buna çox maraqlıdır, nəinki biz. Çünki bu olmasa, deməli, sərhəd yoxdur. Bilirsiniz indi Ermənistanda və bəzi xarici siyasətçilər bizi ittiham edirlər ki, biz Ermənistanı işğal etmişik. Birincisi, bu, yalandır. İkincisi, bəs Ermənistan bizim əraziləri işğal edəndə niyə səsinizi qaldırmırdınız? Niyə gözünüzü yumurdunuz? Otuzillik işğal dövründə bizim bütün tarixi, dini abidələrimiz yerlə bir edildi. Bütün binalar söküldü. Bunu görmürdünüz? Minsk qrupunun həmsədrləri dəfələrlə orada olublar, Ağdamda da olublar, Kəlbəcərdə də olublar, Füzulidə də, Cəbrayılda da, görmürdülərmi?”