"Bundan sonra hər il Azərbaycan xalqı..." AÇIQLAMA

28 Sentyabr 2021 13:22 (UTC+04:00)

"27 sentyabr 2020-ci il Azərbaycan tarixinə ən şərəfli səhifələrdən biri kimi daxil olur. Həmin gün Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında qalan torpaqlarını işğaldan azad etmək üçün Zəfər Yürüşünə başladı. 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu. Bütün ərazimiz üzrə suveren hüquqlarımız bərpa edildi, erməni işğalına son qoyuldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını işğal edərkən hesab edirdi ki, xaricdəki himayədarlarının köməyi ilə torpaqları özünə birləşdirəcək, Azərbaycanı bu situasiya ilə razılaşmağa məcbur edəcək: "Ancaq Azərbaycan xalqının qüruru, onun öz torpağı uğrunda ciddi mübarizəyə hazırlaşması Ermənistanın bu çirkin niyyətlərinə son qoydu. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyini möhkəmləndirdi, yeni bir dövlət quruluşu ortaya qoydu, iqtisadiyyatımızı yenilədi, ordumuzu, vətəndaşlarımıza bu dövlətin vətəndaşı olmaq qüruru verdi. Ulu öndərin Azərbaycanın milli maraqlarına yüksək səviyyədə cavab verən siyasətini Prezidentimiz Cənab İlham Əliyev orda davam etdirdi. Onun fəaliyyəti dövründə Ulu öndərin başladığı islahatlar və quruculuq işləri davam etdirildi və Azərbaycan böyük uğurlar qazandı".

Deputat həmçinin qeyd edib ki, heç də təsadüfi deyil ki, Azərbaycanın bir çox sahədəki islahatları, əldə etdiyi nəticələr dünyanın bir çox analitik mərkəzləri tərəfindən yüksək qiymətləndirilir və digər dövlətlərə nümunə göstərilirdi: "Cənab Prezidentin siyasi kursunda mərkəzi yeri torpaqlarımızın işğaldan azad edilməsi tuturdu. 27 sentyabr artıq cənab Prezidentimiz tərəfindən Anım Günü kimi qeyd edilib və dünən birinci dəfə olaraq qeyd edildi. Bundan sonra hər il Azərbaycan xalqı 27 sentyabrda tarixinin yeni səhifəsinin açıldığının fərqində olacaq və bizə zəfəri gətirən qəhrəmanları böyük hörmətlə yad edəcəkdir. 27 sentyabr göstərdi ki, Azərbaycan xalqı özünün müstəqilliyini, ərazi bütövlüyünü qorumaq gücündədir".

Ayşən Vəli