Samuxda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTO

28 Sentyabr 2021 12:22 (UTC+04:00)

Samuxda 27 sentyabr - Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Ekoloji aksiya çərçivəsində “Şəhidlər kompleksi” ziyarət edilib. Tədbir iştirakçıları ağacəkmə aksiyası çərçivəsində hər bir şəhidin adına ağaclar əkiblər. SİA-nın məlumatına görə, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Nizami Səfərov, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin ailəsi, yaxınları döyüş yoldaşları iştirak ediblər.

Mərasimdə çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gündə qazanılan qələbənin tarixi əhəmiyyətindən, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin, eləcə də sağlamlıqlarını itirən qazilərimizin keçdikləri şərəfli döyüş yollarından danışıblar. Vurğulayıblar ki, bu döyüşlərdə samuxlu əsgər və zabitlər də Vətənə layiq qəhraman oğullar kimi ad qazanıblar.