"Müvafiq tələblərə riayət olunmalıdır" - EKSPERT AYDINLIQ GƏTİRDİ

28 Sentyabr 2021 11:30 (UTC+04:00)

"Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun son imzaladığı qərar əsasında dərslərin tədrisi nəzərdə tutulur. Əsasən, əyani dərslərə üstünlük veriləcək". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, həm yuxarı sinif şagirdləri, həm də tələbələrdən izolyasiya qaydalarına riayət etmələri tələb olunacaq: "Bilirsiniz ki, 18 yaşın üzəri hər bir vətəndaşdan koronavirusa qarşı peyvənd olunması barədə hər iki mərhələyə aid sertifikat, pasport tələb olunur. Bu qeyd olunan yaş və ondan yuxarı bütün tələbələrə də şamil olunur. Ona görə də yaxşı olar ki, əyani dərslərin müntəzəmliyi üçün müvafiq tələblərə riayət olunsun".

Elçin Əfəndi sözlərinə belə davam edib: "Düşünürəm ki, əyani tədris həm yuxarı sinif şagirdlərinə, həm də orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan tələbələrə daha çox bilik, dünyagörüşü, ünsiyyət və s. qazandırır. Bu cür əlverişli, yəni əyani təhsil sistemini qorumalıyıq".

Ayşən Vəli