Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib - FOTOLAR

28 Sentyabr 2021 10:58 (UTC+04:00)

Biləsuvar rayonunda 44 günlük Vətən Müharibəsinin birinci ildönümü münasibətilə Anım Günü qeyd edilib. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları və fəalları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirələrini yad edərək abidələri önünə tər çiçəklər qoyublar.

Sonra qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Aqşin Bağırov, və ictimaiyyətin nümayəndələri iştirak edərək şəhər ərazisində ayrılmış yerdə 500 ədəd müxtəlif növ ağac əkib, suvarıblar.

Daha sonra rayon təşkilatının əməkdaşları Vətən müharibəsi şəhidi Abıyev İlkin İslam oğlunun şəhadətinin ildönümü ilə bağlı məzarını ziyarət ediblər.