Azərbaycan millisindən Ermənistanla heç-heçə

28 Sentyabr 2021 02:36 (UTC+04:00)

Bu gün İspaniyanın Sitjes şəhərində təşkil olunan qadınlar arasında şahmat üzrə dünya çempionatına start verilib. SİA xəbər verir ki, Azərbaycanın qadın şahmatçılardan ibarət yığması ilk yarış günündə iki görüş keçirib.

Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət yığmamız startda Hindistanla qarşılaşıb. Zeynəbin istirahət etdiyi ilk turun görüşündə qalib müəyyənləşməyib – 2:2. Günayla Gülnar məğlub olubsa, Ülviyyə və Türkan startda qələbəyə sevinib.

Daha sonra şahmatçılarımız Ermənistan komandasıyla üz-üzə gəlib. İkinci turda Ülviyyə istirahət edib. Ermənilərlə görüş də heç-heçə bitib – 2:2. Günayla Gülnar rəqiblərinə qalib gəlib. Məmmədyarova bacıları isə turu məğlubiyyətlə başa vurublar.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

Dünya çempionatı

A qrupu

27 sentyabr

1-ci tur

Azərbaycan - Hindistan - 2:2

Günay Məmmədzadə - Xarika Dronavali - 0:1

Gülnar Məmmədova - Rameşbabu Vaişali - 0:1

Ülviyyə Fətəliyeva - Tanya Sadçev - 1:0

Türkan Məmmədyarova - Bxati Kulkarni – 1:0

2-ci tur

Azərbaycan - Ermənistan - 2:2

Günay Məmmədzadə - Elina Danielyan - 1:0

Gülnar Məmmədova - Lilit Mkrtçyan - 1:0

Türkan Məmmədyarova - Anna Sarqsyan - 0:1

Zeynəb Məmmədyarova - Susanna Qaboyan - 0:1