Anım Günündə Samuxda Ağacəkmə aksiyası keçirilib FOTOLAR

27 Sentyabr 2021 17:07 (UTC+04:00)

Azərbaycanın haqq savaşı, Vətən müharibəsi ötən il sentyabrın 27-də başladı və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Bu, elə bir tarixi Qələbə oldu ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında biz xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdik. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfəri Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi gələcək nəsillərə çatdırmalıyıq. 30 illik həsrətdən, ayrılıqdan sonra işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixini heç vaxt unutmamalı, daim qürurla xatırlamalıyıq. Bizi böyük Zəfərə aparan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixinin hər il ölkəmizdə Anım Günü kimi qeyd olunması üçün Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamı da məhz bu məqsəd və amala xidmət edir.

Ölkə başçısının müvafiq Sərəncamından irəli gələn tapşırıq və tövsiyələrin icrası məqsədilə Samuxda da 27 sentyabr Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilir.

27 sentyabr Anım Günü münasibətilə Samux rayonunda ağacəkmə aksiyası keçirilib və “Şəhidlər kompleksi” ziyarət edilib. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Nizami Səfərov, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin ailəsi, yaxınları, dostları və döyüş yoldaşları iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə ağacəkmə aksiyası çərçivəsində Şəhidlərin adları olan lövhənin yanında hər bir şəhidin adına ağaclar əkiblər. Sonra tədbir iştirakçıları “Şəhidlər kompleksi”ni ziyarət ediblər.Mərasimdə çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gündə qazanılan qələbənin tarixi əhəmiyyətindən, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin, eləcə də sağlamlıqlarını itirən qazilərimizin keçdikləri şərəfli döyüş yollarından danışıblar. Vurğulayıblar ki, bu döyüşlərdə samuxlu əsgər və zabitlər də Vətənə layiq qəhraman oğullar kimi ad qazanıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

İLHAM