ŞƏMKİRDƏ 27 SENTYABR ANIM GÜNÜ TƏDBİRİ KEÇİRİLİB FOTOLAR

27 Sentyabr 2021 16:53 (UTC+04:00)

Şəmkir rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Anım Günü tədbiri keçirilib.

Tədbirdə Şəmkir RİH başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə 50 metr uzunluğunda Şanlı Azərbaycan bayrağını rayon mərkəzindən Şəhidlər Xiyabanına gətiriblər. Daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizin xatirəsinə ucaldılmış Abidə Kompleksinin açılışı olub, önünə əklil qoyulub.

Açılış mərasimində çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq İkinci Qarabağ savaşının başlandığı günün - sentyabrın 27-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd olunması təsadüfi deyil. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu.

Erməni qəsbkarlarının əzəli torpaqlarımıza göz dikməsinin 200 ildın artıq davam etdiyini bildirən icra başçısı bu illər ərzində mənfur düşmənin törətdiyi qətliamlar haqqında danışıb. Rəşad Tağıyev Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi ərzində yetişən gənclərin torpaqlarımızın işğaldan azad olunmasında əsas rol oynadıqlarını xüsusi vurğulayıb: “Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsində əsas vəzifəni yerinə yetirən gənc nəsil arasında Şəmkir gəncləri də oldu. 44 günlük müharibənin əsas qəhrəmanlarından olan məhz həmin gənclərimiz, gənc hərbçilərimiz fədakarlıq və qəhrəmanlıqları ilə tarix yazıdılar. Hələ Aprel Zəfərində Şəmkirin qəhrəman oğulları canları, qanları ilə tarixi ədalətin bərpa olunması üçün savaşdılar və şəhidlik zirvəsinə ucaldılar. Onların və onlarla çiyin-çiyinə şəhid olan qəhrəman balalarımızın qanı 4 ildən sonra alındı, həm də cəmi 44 günə”.

Daha sonra isə şəhid övladlarının təqdimatında şəhidlərin xatirəsinə həsr edilmiş əbədi-bədii kompozisiya təqdim olunub, “Vətən var olsun” flaşmobu təqdim olunub və Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyası baş tutub. Eyni zamanda, tədbir çərçivəsində sakinlər tərəfindən Şəmkir şəhərinin bəzi küçə və prospektlərində eyvanlardan, həyatyanı evlərin qapılarından bayraqlar asılaraq həmrəylik nümayiş etdirilib.

Rəfiqə