"Ordumuz təkmilləşdirilir və müasir silahlarla təchiz edilirdi" - DEPUTAT ŞƏRH ETDİ

27 Sentyabr 2021 13:10 (UTC+04:00)

"Ermənistanın Azərbaycan ərazilərini 30 il işğal altında saxlaması onların məkirli arzularının və məqsədlərinin həyata keçirmək istəyindən irəli gəlir. Ermənilər nəinki işğal etdikləri ərazilərimizi azad etmək istəmirdilər, həm də yeni əraziləri işğal etmək arzusunda idilər. Ona görə də mütəmadi təxribatlar törədir, hücuma cəhdlər göstərilirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, rəşadətli ordumuz bu illərdə düşmənin bütün təxribat cəhdlərinin qarşısını çox ciddi itkilərə məruz saxlayaraq alırdı: "Ermənilərin böyük arzusu dənizdən-dənizə böyük Ermənistan yaratmaq idi. Ermənilərin böyük Ermənistan istəklərini şanlı ordumuz birədəfəlik olaraq zibilliyə atdı. Torpaqılarımızı 30 il işğalda saxlayan Ermənistan heç nəyə nail ola bilmədi. Əksinə 30 il ərzində blokadaya düşərək dünyadan təcrid olundu. İqtisadi və siyasi azadlığına qovuşa bilmədi. İşğal etdiyi torpaqlarda süni məskunlaşdırma arzuları məhv olundu. Azərbaycan torpaqlarına köçürülmüş ermənilər Azərbaycan ordusunun gəlişi ilə şələ-şülələrini yığışdıraraq cəhənnəm oldular. İkinci Qarabağ müharibəsində erməni ordusu məhv olundu, 8 mindən çox erməni məhv edildi. Ermənistanın 30 illik işğalçılıq siyasəti bu ölkəni sonu görünməyən siyasi böhrana sürüklədi. Məhz işğalçılıq siyasətinə və düşmənçilik ideolgiyasına görə Ermənistan xarici yardımlardan asılı, ələbaxan ölkəyə çevrildi. 30 illik işğal Ermənistana yaxşı heç nə vermədi və gələcəkdə də bu ölkədə yaxşı heç nə görünmür".

Deputat sözlərinə belə davam edib: "Prezident İlham Əliyev 2017-ci ildə BMT Baş Assambleyasındakı çıxışında Ermənistanın tam iflasa uğramış dövlətə çevrilməsi, hətta öz sərhədlərini belə qorumaq iqtidarında olmadığını qeyd etmişdir. Həm də Ermənistanın yenidən müharibəyə hazırlaşdığını, beynəlxalq hüquqa məhəl qoymadığını dünya ictimaiyyətin diqqətinə çatdırırdı. Cənab Prezident Azərbaycanın torpaqlarını danışıqlar yolu ilə işğaldan azad etməyin tərəfdarı olduğunu, beynəlxalq hüquqa hörmətlə yanaşdığını ifadə edir, həm də bu baş verməzsə müharibənin qaçılmaz olduğunu deyirdi. Prezident İlham Əliyev beynəlxalq tribunalardan ordumuzun müharibəyə hazırlaşdığını açıq şəkildə ifadə edirdi. Ordumuz təkmilləşdirilir və müasir silahlarla təchiz edilirdi. 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü və beynəlxalq hüquqa hörmət etdiyimizi bir daha sübut etdi".

Ayşən Vəli