Lənkəranda Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 Sentyabr 2021 23:39 (UTC+04:00)

Lənkəran rayonunun Viravul kənd 2 nömrəli tam orta məktəbində 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Anım tədbirində Lənkəran Şəhər Təhsil Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Çıxışlarda qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilərək Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulub. Nəticədə, hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub.

Diqqətə çatdırılıb ki, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Tədbirdə Vətən müharibəsində şəhid olan lənkəranlıların xatirəsini əbədiləşdirmək üçün lövhənin açılışı olub.

Mərasim Lənkəran şəhərindəki Şəhidlər Xiyabanını ziyarəti ilə yekunlaşıb.