Avropa Azərbaycanlıları Konqresinin onlayn konfransı keçirilib

25 Sentyabr 2021 23:27 (UTC+04:00)

Sentyabrın 25-də “Zoom” platforması üzərindən Avropa Azərbaycanlıları Konqresinin (AAK) onlayn formatda növbəti konfransı keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda Türkiyə, Niderland, AFR, Danimarka, Finlandiya, Macarıstan, Rusiya və digər ölkələrdən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfransda, həmçinin AAK-ın digər üzvləri, Konqresin strateji məsələlər üzrə müşavirləri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov və bu qurumun Avropa departamenti sədrinin müavini Leyla Həmzəyeva iştirak ediblər. AAK-ın prezidenti Sahil Qasımov və Baş katib Arzu Oqtay konfransın moderatorları qismində çıxış ediblər.

Onlayn konfrans Vətənimizin işğal altında olan ərazilərinin azad edilməsi uğrunda Azərbaycan xalqının Vətən müharibəsinin qarşıdan gələn bir illiyinə həsr edilib. Konfrans iştirakçıları doğma torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən bütün şəhidlərin nurlu xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dəvət olunan və çıxış edənlər arasında şəhid Rəşad Zeynallının atası Hacı Qiyas Zeynallı, 1994-cü ildə şəhid olmuş Teymur Yusifovun Niderlandda yaşayan bacısı İlkanə Qoca, Birinci Qarabağ müharibəsində şəhid olmuş Əliheydər Kazımovun qardaşı, Moskvada Azərbaycan diaspor təşkilatının rəhbəri Əli Kazımov, 2016-cı ilin Aprel döyüşlərində 6 zirehli texnikanı və daha 11 zirehli texnikanı ötən il, 44 günlük müharibədə məhv edən qazi Tahir Misirxanov, həmçinin Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Milli Məclisin deputatları Musa Qasımlı və Sabir Rüstəmxanlı olublar.

Onlayn konfransın iştirakçıları öz çıxışlarında Böyük Qələbənin qazanılmasından qürur duyduqlarını vurğulayıblar.