"Prezident "Dəmir yumruqla" Zəngəzura və Göyçəyə doğru Zəfərin əsasını qoydu" - Aydın Quliyev yazır

25 Sentyabr 2021 19:21 (UTC+04:00)

Rusiyanın tanınmış "Naçionalnaya oborana" jurnalı özünün çoxmilyonlu auditoriyasına günümüzün siyasi, geosiyasi və dövlətlərarası münasibətlərinə dair növbəti maraqlı təhlil materialı və maraqlı həmsöhbətini təqdim etdi. Əminəm ki, İlham Əliyevlə bu müsahibəni dinləyən və ya oxuyan Rusiya vətəndaşları bu ana qədər fərqlı mövqe tuturdularsa, bundan sonra fikirlərində korreksiyalar etməyə məcbur olacaqlar. Çünki bizim prezident onlara yalan, saxta, əyri, dolandırıcı, azdırıcı, reallığa və mütərəqqi perspektivə uyğun olmayan heç nə demədi. Ancaq çox şeylər dedi, həm də tək Azərbaycanın xeyrinə olanları demədi. Normal bir dövlətə çevriləcəyi halda, Ermənistanın özü üçün də, sadə erməni xalqı üçün və onun rifahlı gələcəyi naminə öz üzərində azacıq məsuliyyət hiss edə bilən siyasi elita üçün dəyərli sözlər dedi. Çox səmimi və yüksək inandırıcılıq gücü ilə dedi. Ermənilərin hərbi cinayətləri üzərində beynəlxalq tribunalın perspektivləri barədə misilsiz səmimiyyətlə etdiyi etiraf isə həmin anda Azərbaycan prezidentini yaxşı dərk edilən REALLIĞIN zirvəsində daha yenilməz və daha güclü lider mövqeyinə çıxardı. Həqiqətən kim mübahisə edə bilər ki, Ermənistanın indiki lobbi potensialı və bu gün Qərbdəki müttəfiqlərinin qabağında Beynəlxalq tribunalın təşkil edilməsi çətun olmasa da, prosesin ədalətlə yekunlaşdırılacağına gücümüzün yetərli olacağına ehtimal o qədər də böyük deyil. Ancaq mən əminəm ki, Prezident hər şeyin uyğun zamanını tapa bilmək qabiliyyətlərində artıq neçə dəfə kass göstərmiş şəxsiyyət olaraq beynəlxalq hərbi tribunal perspektivlərinin hələlik çətin olduğunu söyləyərkən əbədiyyən dəyişməyəcək vəziyyəti nəzərdə tutmadı, əksinə, işğalçıların vurduğu ziyanların hesablanması, təzminat davalarının açılması yönümündə fəal işlər görüldüyünü deməklə xalqımıza messj verdi ki, erməni hərbi cinayətləri üzrə indi çətin görünən beynəlxalq tribunalın da reallaşacağı vaxt olacaq. Bu qədər səmimi etiraflarla eyni vaxtda Ermənistanın təcavüzkar siyasətinin, status və ərazi iddialarının erməni xalqına yeni fəlakətlər gətirəcəyi barədə Əliyevin dediklərinin sadə erməni auditoriyasına təsirsiz ötüşməsi mümkünsüzdür. Elə az-çox vicdanı və xalqı qarşısında məsuliyyəti olan erməni siyasətçilərə də...Ancaq təbii ki, Azərbaycan prezidentinin hədəfi tək hansısa erməni qruplarının fikir və düşüncələrini dəyişmək deyildi. Ermənistanın irticaçı siyasətini dəyişdirməyə borclu olan beynəlxalq güclərə də aydın mesajlar verildi. Azərbaycan prezidenti Ermənistana və onun himayəçilərinə "Dəmir yumruq" yenə işə düşə bilər xəbərdarlığını dəfələrlə edib. Bu dəfə də təkrarladı, daha doğrusu prinsip etibarilə tam yeniləşdirərək təkrar etdi. Əgər Ermənistan çeynənmiş status söhbətlərindən və ərazi iddialarından əl çəkməsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkilməsi çətin olacaq. Prezident daha konkret üsluba keçərək haqlı şəkildə bildirdi ki, Azərbaycanın Zəngəzur və Göyçə gölü ətrafına ərazi iddiaları qaldırması daha dəqiq tarixi əsaslara malikdir, Ermənistanın isə ərazi iddialarının heç bir əsası yoxdur.

Prezident İlham Əliyevin daha öncələrdə dediyi kimi, ən uyğun zamanında real mövqelərə gəlmək şansını əldən buraxan Ermənistan sonralar daha ağır durumlarla üzləşməli olur. 1994-cü ildən indiyə qədər bunu sübut edən çoxsaylı faktlar göstərmək olar. Ermənilər vaxtında yola gəlib ərazilərdən çıxsaydılar 10 noyabr rüsvayçılığının hələ də bitməmiş şokunu yaşamaya bilərdilər. Sağlam mövqelərə qayıdış ləngidikcə ermənilər Paşinyanın kapitulyasiya aktını hansısa tində imzalamaq kimi şərəfsizliyə addım - addım yaxınlaşırdılar. Bu da axırı....

Milyonlarla rus auditoriyasının Prezident Əliyevdən aldığı əsas mesaj sadədir: "Ermənistan sülh sazişi imzalamasa, tərs mövqeyini davam etdirsə, ərazi iddialarından əl çəkməsə, Azərbaycan "Dəmir yumruğu" əsas götürməklə ona qarşı rəsmən ərazi iddiaları qoyacaq". Həm də Zəngəzur və Göyçəyə ərazi iddiaları Ermənistanın öz-özünə dağa çırpılan qırıcı təyyarələri və ya parlamayan raketlərinə bənzər texnologiyalarla yox, "Dəmir yumruq" effekti ilə ortaya qoyulacaq.

İlham Əliyev "Dəmir yumruqla" Zəngəzura və Göyçəyə doğru Zəfərin əsasını qoydu..

Aydın Quliyev

"Bakı Xəbər" qəzetinin Baş redaktoru