“Bu, Prezidentin rəhbərliyi ilə qazanılan növbəti uğurumuzdur” - DEPUTAT ŞƏRH ETDİ

25 Sentyabr 2021 13:20 (UTC+04:00)

“Məlum olduğu kimi həm Vətən müharibəsi dövründə, həm də ondan əvvəlki vaxtlarda Azərbaycan Ermənistanın informasiya müharibəsi ilə də ciddi şəkildə üz-üzə qalıb. Davamlı olaraq Ermənistan dünya ictimaiyyətinə yalan və saxta məlumatlar təqdim edərək onları inandırmağa çalışıb. Bir sıra hallarda da buna nail ola bilib. Heç şübhəsiz ki, bu məsələdə ikili standartlar və ədalətsiz yanaşmada ciddi rol oynayıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, əslində 30 ilə yaxın müddətdə Azərbaycan dünya ictimaiyyətini erməni yalanları barədə kifayət qədər məlumatlandırıb: “Onları Ermənistanın törətdiyi vəhşiliklərə əyani tanış olmaq üçün Azərbaycana dəvət edib. Ancaq bir sıra dövlətlərin qərəzi onlara həqiqətləri deməyə imkan verməyib. Onlar haqqın və ədalətin yanında olmaqdansa, zalımın yanında olmağa üstünlük veriblər. Nəticədə Ermənistan hakimiyyəti və xalqı çirkin əməllərinə və barbar siyasətinə davam edib. Ancaq Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti, güclü iradəsi, Vətən oğullarının qəhrəmanlığı nəticəsində Vətən müharibəsində qələbəsi ilə bölgədə erməni şovinizminə son qoydu, özü haqq və ədalətli bərpa etdi. Bu baxımdan hər zaman Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri informasiya müharibəsində qələbəni təmin etmək olub. Prezident İlham Əliyev hər zaman bu müharibənin önündə olub. Vətən müharibəsində qələbəmizdə onun dünyanın 26 aparıcı mediasına verdiyi müsahibələr ciddi rol oynadı”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Prezident İlham Əliyev hazırda bu müharibənin önündə gedərək Azərbaycan həqiqətlərini təbliğ edir, erməni yalanları ifşa edir: “Bu baxımdan Prezident İlham Əliyevin son müsahibə və çıxışları xüsusi əhəmiyyət daşıyır. BMT-nin son toplantısında o yenidən erməni yalanlarını bir daha ifşa etdi. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan növbəti uğurumuzdur”.