Azərbaycan 34-cü Beynəlxalq Kitab Yarmarkasında

25 Sentyabr 2021 05:02 (UTC+04:00)

Moskvada, “Expo Center” Mərkəzi Sərgi Kompleksində 34-cü Beynəlxalq Kitab Yarmarkası açılıb.

Yarmarkada Azərbaycan stendi də yer alıb.

Azərbaycan Mədəniyyət nazirliyinin şöbə müdiri Akif Maarifli bildirib ki, Rusiya paytaxtının sakinlərinə və qonaqlarına ölkəmizdə yeni nəşr edilmiş kitablar təqdim olunur.

“Bu il Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Nizami İli” elan olunub. Hazırda dahi Nizaminin həyat və yaradıcılığının təbliği sahəsində geniş işlər görülür. Yarmarkada Azərbaycan mədəniyyəti və tarixindən, eləcə də Qarabağ həqiqətlərindən bəhs edən kitablar, dahi Nizaminin əsərləri sərgilənir”, - deyə A.Maarifli bildirib.

Yarmarkada 200-dən çox nəşriyyat evi öz məhsullarını təqdim edir. Sərgi çərçivəsində 300-dən artıq müxtəlif tədbirlərin – ustad dərsləri, diskussiyalar, tanınmış yazıçılarla görüşlərin keçirilməsi planlaşdırılır.

Yarmarka sentyabrın 27-dək davam edəcək.