27 Sentyabr Azərbaycan Respublikasında Anım Günüdür - TƏHLİL

24 Sentyabr 2021 18:37 (UTC+04:00)

Azərbaycanı Zəfərə, Qələbəyə aparan tarixi gün

Bu gün xalqımız, milyonlarla insan 44 günlük Vətən müharibəsində qazandığımız Zəfəri böyük iftixar hissi ilə yaşayır. Bu qürurverici bir məqamdır. İkinci Qarabağ müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusu düşmənə elə bir dərs verdi ki, bu dərs bütün tarixi boyu yaddan çıxmayacaq. 27 Sentyabr 2020-ci il tarixində başlanan müharibə Qələbə ilə sona çatdı. Azərbaycanın 30 ilə yaxın bir zamanda işğal altında olan torpaqları işğaldan azad olundu. Bu torpaqların işğaldan azad olunması Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycanın Müzəffər Ordusunun gücü ilə reallığa çevrildi. Bu torpaqların azad olunması yolunda neçə-neçə vətən oğlu şəhid oldu, qanları ilə torpaqlarımızı işğaldan azad etdilər.

İkinci Qarabağ müharibəsinin şəhidləri xalqımızın qəlbində yaşayır

Bu gün Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq, işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinin başladığı gündür. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən qeyd edilir. Sərəncamda qeyd olunur ki, Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmişəsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin. Həmin tarix heç vaxt yaddaşlardan silinməyəcək. Bu bizim qürür günümüzdür. Azərbaycanı Zəfərə, Qələbəyə aparan tarixi gündür.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdular. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Bu Azərbaycan reallıqlarıdır. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrildi. 44 gün davam edən müharibədə Azərbaycan hər gün qələbə sevincini yaşadı. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Dövlət başçısı çıxışında "44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi",- 44 günlük müharibənin bizim şanlı tariximiz olduğunu bildirib: "44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik". 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı.44 gün ərzində ordumuz böyük bir döyüş yolu keçdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi: "Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir".

Azərbaycanın Vətən müharibəsindəki qələbəsi onun şanlı səhifəsinə yazılıb. Müzəffər Ali Baş Komandanın dediyi kimi, "Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Bəli, başqa yolları, çarələri yoxdur. Əks təqdirdə, "dəmir yumruq" yenə qılınc kimi başlarının üzərindədir və hər an yenidən işə düşə, sarsıdıcı zərbəsini endirə bilər".

Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edərək, həmin ərazilərdə üçrəngli bayrağını dalğalandırdı. 30 illin həsrətinə, ağrı və acısına son qoyuldu. Bu gün bu qələbəni bizlərə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar Azərbaycanın yeni tarixini yazdılar və adları tariximizə əbədi həkk olundu.

Nəzakət ƏLƏDDİNQIZI