Suraxanı rayonunda hər bir şəhidin doğum günü qeyd edilir TƏDBİR

24 Sentyabr 2021 16:02 (UTC+04:00)

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun doğum günü münasibəti ilə doğulub, böyüdüyü, Zığ qəsəbəsində abadlaşdırılmış məhəllədə adının əbədiləşdirilməsi məqsədilə salınmış parkın və inşa edilmiş xatirə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, şəhid ailələri, qazilər, sakinlər və şəhidin doğmaları iştirak ediblər. Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov dövlətimizin Şəhid ailələrinə qayğısından bəhs edərək, Rəşad Quliyevi boya-başa çatdıran Mətanət xanıma təsəlli vermiş, Vətənimizə belə gərəkli övlad yetişdirdiyi üçün bir daha təşəkkür etmişdir. Həmçinin, Rəşad kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı qələbələrə imza atdığını qeyd edən Əziz Əzizov, Şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacağını bildirmişdir.

Şəhidin ad günü münasibəti ilə keçirilən tədbirdə çıxın edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov polkovnik-leytenant Rəşad Quliyevin Vətən Müharibəsində şəhid olmuş ən yüksək rütbəli Suraxanı rayon sakini olduğunu xatırladaraq, Rəşadın tabeliyində olan şəxsi heyətə qarşı qayğıkeş komandir, doğma ata, böyük qardaş kimi davrandığını ifadə etmişdir. Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən Rəşad Quliyevin “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmasını dövlət tərəfindən Vətən Müharibəsi şəhidlərinə qarşı diqqətin təzahürü olduğunu bildirib. Sonra təşkilat sədri YAP Suraxanı rayon təşkilatı adından şəhidin ailəsinə “Anım lövhəsi” təqdim etmişdir.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva şəhidimizin, həmçinin “Aprel döyüşlərində” Ermənistan Silahlı Qüvvələrinin təcavüzü ilə başlanan hücumları nəticəsində cəbhənin Cəbrayıl-Füzuli istiqamətlərində qəhrəmancasına və cəsarətlə iştirak etdiyini ifadə etmiş, Rəşad Quliyevin Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə də böyük qəhrəmanlıq göstərərək, 2020-ci il oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olduğunu bildirmişdir. Qeyd edək ki, Rəşad Quliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edərək, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Azərbaycan Respublikasının Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

ZÜMRÜD BAYRAMOVA