Məktəblərdə "süpürgəpulu" yığılacaq? - EKSPERT AYDINLIQ GƏTİRDİ

24 Sentyabr 2021 14:50 (UTC+04:00)

“Hal-hazırda dərslər ənənəvi qaydada artıq 2-3 gündür ki, başlayıb. Bu günlər ərzində də hər hansı şagirddən istər fond pulu və yaxud da "süpürgəpulu" adı ilə pul yığılması yolverilməzdir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, orta ümumtəhsil məktəblərində, eyni zamanda təhsilin digər pillələri üzrə şagirdlərdən, tələbələrdən pulların yığılması məsələsi yolverilməzdir: “Çünki orada bütün vəsaitləri maddi təminat baxımından yalnız təhsil müəssisəsi özü təmin edir. Dövlət büdcəsindən hər birinə vəsait ayrılır. Ona görə də şagirdlərdən pul yığılması yolverilməzdir. Əgər hər hansı bir müəllim və yaxud da məktəb rəhbərliyi, məktəb rəhbərliyinin köməkçiləri, müavinləri tərəfindən hər hansı bir ödənişin yığılması ilə bağlı göstəriş verilirsə, bu, yolverilməzdir və belə olduğu halda məsləhət görürəm ki, bütün valideynlər korrupsiyaya qarşı mübarizə idarəsinə, eyni zamanda, Təhsil Nazirliyinə müraciət etsinlər”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Bu kimi hallar qətiyyən yolverilməzdir. Yalnız xüsusi, istisna hallar ola bilər ki, bəli, orada artıq hər hansı şagird müvafiq olaraq məktəbin texniki təminat bazasına zərər verə bilər. Bu halda, bəli, artıq o zaman zərər verdiyi məbləği ödəməlidir. Amma digər hallarda bu çox yanlışdır”.

Ayşən Vəli