Pərvin ƏLİYEVA,
5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu
Müharibələrin başlanma tarixi adətən kədərlə yad edilir. Nəticəsindən asılı olmayaraq müharibə ölüm, dağıntı, qəm-kədər gətirən hadisədir. Hələ tarixdə yalnız bir tərəfin itki verməsi ilə sonuclanan müharibəyə rast gəlinib, nə də bundan sonra da olacaq. Ermənistanın 30 illik işğalçılıq siyasətinə və bunun nəticəsi olaraq ərazilərimizin 20 faizinin itirilməsinə, 1 milyondan artıq məcburi köçkünümüzün öz doğma yurdlarından didərgin salınmasına beynəlxalq qurumlar tərəfindən ikili standartlar mövqeyindən yanaşılması xalqımızın səbr kasasını daşırmışdı, müharibəni qaçılmaz etmişdi...
Çox sayda müharibələr, müxtəlif qəhrəmanlıq, şücaət, rəşadət və fədakarlıq nümunələri tarixə əbədi həkk olunub. Yenilmz sərkərdələrin rəhbərlik etdiyi qüdrətli ordular, sözün əsl mənasında, tarix yazıblar, bir çox xalqlar əzəli yurdlarını qorumaq üçün mübarizlik və qələbə rəmzinə çevriliblər. İftixaredici haldır ki, bu xoşbəxtlik şərəfli və qürurlu, zəngin dövlətçilik tarixinə malik Azərbaycan xalqına da nəsib olub. 30 ilə yaxındır ki, ərazisinin 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycan dövləti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi, xalqımızın milli birliyi – həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində haqq - ədaləti bərpa edib, uzun illərin həsrəti başa çatıb.
Bir az geriyə, 1993-cü ilə qayıdaq. BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını pisləyən, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən 822, 853, 874 və 884 (1993) nömrəli qətnamələri qəbul etdi. Təhlükəsizlik Şurası həmin qətnamələrdə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Digər beynəlxalq təşkilatlar da eyni mövqedən çıxış etdilər, lakin uzun illər ərzində Ermənistan beynəlxalq birliyin bu mövqeyinə məhəl qoymayaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarını işğal altında saxlamaqda davam edirdi. Hətta 2019-cu ildə Ermənistanın müdafiə naziri "yeni ərazilər üçün yeni müharibə" adlı yeni təcavüzkar iddiasını səsləndirdi. Ermənistan baş nazirinin nefuzlu beynəlxaq tədbirlərdə Qarabağı Ermənistanın ərazi hesab etməsi, Şuşada yallı getməsi artıq diplomatiyanın bitdiyindən, Ordumuzun fəaliyyətə başlamasının qaçılmaz olduğundan xəbər verirdi. Son qığılcım – təmas xəttindəki kənd və qəsəbələrimizin ağır artileriya, raket və irişaplı silahlardan atəşə tutulması isə sülhə məcburetmə əməliyyatlarının başlanmasına səbəb oldu. 44 gün davam edəcək müharibə başlandı...
Dövlət başçısı İlham Əliyev tərəfindən qismən səfərbərliyin edilməsi yaşından, sosial kateqoriyasından asılı olmayaraq hər bir vətəndaşın ürəyincə oldu. Milli mənsubiyyətindən, dilindən, dilnindən asılı olmayaraq bütün gənclər səfərbərlik idarələrinə axışdılar, misli görünməmiş bir qələbəlik yaşandı. Bəli, hər kəs 30 illik yurd həsrətinə, işğala son qoymaq üçün silaha sarılmışdı. Qabaqda bu gənclərin qəhrəmanlıq səlnamələri haqda dastanlar yazılacaq, onların keçdiyi döyüş yolu haqda filmlər çəkiləcəkdi.

44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.
Haqqında bəhs edəcəyimiz həmin igidlərdən biri də oktyabr ayının 2-də Füzuli rayonunun Alxanlı kəndinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Muxtar Qasımlıdır. 23 fevral 1993-cü ildə Bakıda dünyaya göz açan Muxtar fitnes üzrə Azərbaycan çempionu, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı idi. İdmançı kimi karyerasında bir sıra uğurlara imza atan Muxtar Cəmiyyətdəki fəaliyyətində də seçilən, xüsusi xidmətləri ilə fərqlənən işçilərdən idi.
Təbiətən mülayim, xoşrəftar, qayğıkeş, sadə və səmimi bir insan olan Muxtar Qasımlı düşmən təxribatları başlayan ilk günlərdən etibarən heç bir tərəddüd etmədən cəbhəyə yollanmışdı. O, qaynar döyüşlərin getdiyi Füzuli rayonunun kəndlərinin və strateji yüksəklilərinin azad edilməsi istiqamətində böyük şücaətlə vuruşdu. Hücum əməliyyatında yaralanmasına baxmayaraq, döyüşə davam edib qəhrəmancasına şəhadət zirvəsinə yüksəldi.
Qarabağda Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Muxtarın da ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Vətənimizin müdafiəsi uğrunda savaşmaq və şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Rauf Əsgərov da Vətən Müharibəsində qəhrəmanlıq dastanı yazmış igid oğullarımızdandır. Rauf Əsgərov 1978-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olub. 1985-1996-cı illərdə Gəncə şəhərində İ.Nəsimi adına 44 nömrəli tam orta məktəbdə, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil alıb. Rauf Əsgərov 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Rauf hələ 2020-ci ilin iyul hadisələrində - düşmənin təxribatı ilə başlayan Tovuz döyüşlərində könüllü olaraq iştirak etmək üçün müraciət etmişdi. Vətən müharibəsində ehtiyatda olan zabit kimi orduya çağırılan Rauf Əsgərov Füzuli rayonunun kəndlərinin azad olunması yolunda gedən qanlı döyüşlərdə öz bölməsi ilə bərabər iştirak edib. Baş leytenant oktyabrın 26-da Mərdinli kəndinin düşməndən azad edilməsi uğrundakı döyüşlər zamanı əsgərini neytral zonadan təxliyə edən zaman şəhid olub.
Əlbəttə, bu böyük zəfər qətiyyətli siyasi iradə və əzmin nəticəsində, ilk növbədə qəhrəman igidlərimizin canı-qanı bahasına əldə edilib. Bu qələbədə mənfur düşmənə qarşı inanılmaz şücaətlə vuruşan, öz həyatını qurban edən şəhidlərimizin payı əvəzsizdir. Onların və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan digər şəhidlərimizin qanı yerdə qalmadı. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onları daim xoş xatirələrlə anacaq, heç vaxt unutmayacağıq.

Bəli, 30 illik vətən həsrəti ilə yanan xalqımız Ermənistanın işğalına son qoydu, öz ana vətənlərinə qovuşdu. Azərbaycan Respublikası nəhayət öz süverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Məğlub Ermənistanın kapitulyasiya aktı Dağlıq Qarabağ bölgəsinin incisi sayılan Şuşanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsindən qısa müddət sonra imzalandı. Ermənistanın Şanlı Ordumuzun qarşısında məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu qalmadı. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi və münaqişə rəsmi olaraq dayandırıldı.
Hazırda Azərbaycan hökuməti ərazilərin bərpası və köçkün mülki əhalinin geri qaytarılması prosedurunun gücləndirilməsini təmin edəcək sistem üzərində işləyir. Lakin, işğal müddətində Ermənistanın azad edilmiş ərazilərimizə vurduğu ziyanı bərpa etmək uzun və çətin prosesdir. Ərazilərimizin 27 il ermənilər tərəfindən qanunsuz olaraq işğal edilməsi əsrlər boyu qoruyub saxladığımız dini obyektlərin, muzeylərin, teatrların, kilsələrin, məktəblərin, qədim mağaraların və hətta şəxsi evlərin dağıdılması ilə nəticələndi. Ağdam, Qubadlı, Füzuli, Zangilan, Cəbrayıl kimi şəhərlər Xirosima tipli xarabalıqlara çevrildi. Kənd təsərrüfatı torpaqları tam yararsız hala düşdü. Ermənilərin meşələri kütləvi talan etməsi də "eko-terror" la nəticələndi. Azərbaycanın tarixi mağaraları və qazıntı yerləri dağıdıldı. Bütün dünya Qarabağın zəngin və ən firavan bölgələrinin Ermənistan tərəfindən necə məhv edildiyinin şahidi oldu. Azərbaycan hökumətinin nümayəndələri, beynəlxalq mətbuat və Bakıda yerləşən 40-dan çox səfirliyin diplomatları bu dəhşətli "müharibə cinayətinin" sübutlarını ortaya qoydular.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən tapşırıqlara əsasən hazırlanan Qarabağın İnkişaf Strategiyası, Qarabağ Dirçəliş Fondu, dövlət proqramları, dövlət başçısının işğaldan azad edilmiş Qarabağa səfərləri və infrastrukturla bağlı başlanılan işlər artıq bölgənin inkişafının yüksək səviyyədə təşkil olunacağına inamı daha da artırır. İnşa ediləcək yeni obyektlərin təməllərinin qoyulması, habelə Şuşanın abadlaşdırılmasının sürətlə davam etdirilməsi artıq 30 ildir ki, didərgin düşmüş sakinlərin doğma şəhərinə tezliklə qayıtmasını təmin edəcək, eyni zamanda Şuşanın ölkəmizin mədəniyyət paytaxtı, həmçinin YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib olaraq burada daha böyük qlobal tədbirlərin keçirilməsinə şərait yaradacaqdır.
Bölgədəki son hadisələrAzərbaycanın qalib olduğunu və artıq regionda yeni reallıqların mövcud olduğunu açıq-aşkar göstərir. Ermənistan indi Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları yerində qəbul etməli olacaq. Beləliklə, sülhüvə təhlükəsizliyi qorumağın yeganə yolu region dövlətlərinin qarşılıqlı əməkdaşlığının daha da güclənməsindən keçir.

Əlbəttə, böyük Qələbəyə aparan bu zəfər yolunu qət etməklə dövlətimizin qüdrətini təkcə düşmənə deyil, bütün dünyaya göstərdik. Daha dəqiq desək, 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək özünün ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi aparan Azərbaycan dövləti möhtəşəm qələbə qazanaraq tarixi ədalətin bərpasına nail oldu. Azərbaycan Ordusu 44 gün davam edən hərbi əməliyyatlar zamanı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə unudulmaz zəfər yürüşünə imza atdı, düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı ağır məğlubiyyətə uğratdı. Çünki Azərbaycan Respublikası güclü və müstəqil dövlətdir, bunun təminatı isə hakimiyyət, ordu və xalqın birliyidir