Belədirsə, günah bizdən getdi... KÖŞƏ YAZISI

24 Sentyabr 2021 11:51 (UTC+04:00)

BMT Baş Assambleyasının 76-cı sessiyasında Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçlə görüşü baş tutub. Məsələ ondadır ki, Mirzoyan növbəti dəfə AŞ rəsmisinə müraciətində bildirib ki, Avropa Şurası nümayəndələrinin Qarabağa getmələri lazımdır.

Hətta 44 günlük müharibədən sonra Ermənistan rəhbərliyi bu qurumun rəhbərliyini bu məsələyə doğru çəkməyə cəhdlər göstərməkdədir.

Son 28 ildə isə ATƏT-in Minsk qrupu Qarabağla bağlı hər hansı bir müsbət nəticələr əldə edə bilmədi, necə deyərlər, sıfır göstərici!

Ermənistan hələ də Avropa təşkilatlarına ümid edir

Məhz buna görə ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə gəldikdən sonra dövlətimizin başçısı bəyan etdi ki, münaqişə başa çatıb və Minsk qrupu Azərbaycana yalnız konkret humanitar məsələlərlə bağlı gələ, təfkliflərini irəli sürə bilər. Misal üçün, minalanmış ərazilərin təmizlənməsi, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönmələrinin təşkili və s.

Lakin Ermənistan rəhbərliyi hələ də Fransanın və ABŞ-ın dəstəyi ilə yalnız ATƏT-in Minsk qrupunu deyil, üstəlik, digər Avropa struktur və təşkilatlarını Qarabağ gündəminə gətirməyə cəhdlər göstərirlər. Əslinə qalanda, bənzərlikləri ilə nəzərə çarpan Avropa təşkilatları, sadəcə və praktik olaraq, yalnız yararsız bəyanatlarla məşğul olurlar və beynəlxalq hüququn əsas prinsiplərinə riayət olunmasına heç bir töhfə vermirlər.

6 civə, 5 qızıl və 2 mis yataqları da daxil olmaqla 155 faydalı qazıntı yataqları...

Bu zaman belə bir sual yaranır: bütün bunlar Ermənistanın nəyinə lazımdır? Misal üçün, Qarabağın işğalı müddətində erməni qəsbkarları bu torpaqları məskunlaşdırmağa, özünküləşdirməyə, faktlara əsasən isə, Azərbaycan rayonlarını talamağa çalışıblar və bunu ediblər də. 6 civə, 5 qızıl və 2 mis yataqları da daxil olmaqla 155 faydalı qazıntı yataqları və s. yerlərimiz qəsb olunmuşdur.

Bu baxımdan, hazırda ermənilər hər vəchlə Azərbaycanın Qarabağ regionunun bir hissəsini, daha dəqiq desək, Rusiya sülhməramlıları kontingentinin məsul olduqları əraziləri əllərində saxlamağa cəhd göstərirlər. Hər halda, Ermənistandakı revanşist əhval-ruhiyyəsini kimsə dəyişməyib, regiondakı reallığı isə erməni xalqı görünür hələ də qəbul etməyə hazırlaşmır, yəni istəmir. Belədirsə, hər zaman olduğu kimi, bu dəfə də günah bizdən getdi...