"Onlar Azərbaycanın möhtəşəm qayıdışını öz gözləri ilə görəcək" - DEPUTAT AÇIQLADI

23 Sentyabr 2021 17:35 (UTC+04:00)

"Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi və parlaq qələbədən sonra, Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş ərazilərimizə diplomatik korpus nümayəndələrinin, xarici media qurumlarının nümayəndələrinin, digər qonaqların o cümlədən yerli qonaqların işğaldan azad olunmuş ərazilərə silsilə səfərləri təşkil olunur". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, burada məqsəd Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Ermənilər 30 il ərzində Azərbaycan ərazilərini işğala məruz qoyduqları zaman yalnız azərbaycanlılara qarşı soyqırımı etməklə kifayətlənməmiş, o cümlədən şəhərlərimizə, kəndlərimizə soyqırımı ediblər. Ekologiyamıza zərər yetiriblər. Sosial obyektləri, infrastrukturları, fərdi evləri, mənzilləri hər birini tamamilə yerlə yeksan ediblər, daşı daş üstə qoymayıblar. Tarixi, mədəni, dini abidələri tamamilə məhv ediblər. Bununla da dünyada görülməmiş vəhşiliklər, vandallıqlar nümayiş etdiriblər. Bu səfər, əlbəttə ki, dünya ictimaiyyətinə həm işğaldan azad olunmuş erməni vəhşiliklərini, vandallıqlarını nümayiş etdirəcək, o cümlədən Azərbaycanın Vətən müharibəsi bitməsindən qısa müddət keçməsinə baxmayaraq cənab İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə nəhəng, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, sosial obyektlərin tikilməsi, artıq fərdi evlərin tikintisinə başlanmasını, bir sözlə "Böyük qayıdışı" dünyaya açıq şəkildə göstərəcək.

Cavid Osmanov bu haqda fikirlərini belə izah edib: "Bu baxımdan Azərbaycanla mehriban qonşuluq əlaqəsində olan, Azərbaycana dost ölkə olan strateji tərəfdarımız Gürcüstan jurnalistlərinin, bloqerlərinin, ekspertlərinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfəri çox vacibdir. Birincisi Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşa işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncama uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı olub. Şuşaya gedərkən digər ərazilərimizdən keçərkən həmin dost ölkələrin nümayəndələri də ermənilərin 30 ildə törətdikləri vəhşilikləri görəcəklər. O cümlədən həyata keçirilən yenidənqurma və bərpa işlərini öz gözləri ilə görəcəklər. Bu səfər Azərbaycanın mədəniyyət paytaxtının adının bir daha dünyaya yayılmasında və onun dünya ictimaiyyətinə və qonşu dost olan gürcü xalqına çatdırılmasında rol oynayacaq. Onlar Azərbaycanın ora möhtəşəm qayıdışını öz gözləri ilə görəcək".