“Ağ ölüm”ə qarşı mübarizə - ARAŞDIRMA

23 Sentyabr 2021 16:49 (UTC+04:00)

Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Narkotik asılılığı beyin xəstəliyidir. Başqa sözlə, asılılıq yaradan maddələr uzun müddət istifadə edildikdə beyin hüceyrələrində fərqli təsirlərə və dəyişikliklərə səbəb olur. İnsanlar tez -tez narkotikdən istifadə edə biləcəklərini düşünürlər. Ancaq bir müddət sonra maddə istifadəsi nəzarətdən çıxır və insan onlardan istifadə etmək istəməsə belə, beyni onlardan istifadə etməyə davam etməsini istəyir.

Sıx-sıx narkotik vasitələrinin istifadəsi ilə beynin öz-özünə dayanma mexanizmi pozulur və maddə ilə qarşılaşdıqda beyin yalnız "get və istifadə et" mesajını verir. Beləliklə, insan beynindən gələn "get və istifadə et" mesajını izləyərək zövq almasa da, istifadə etməyə davam edir.

Beynimiz sinir hüceyrələrindən ibarətdir və ətrafımızı qəbul etməyimiz bu sinir hüceyrələri vasitəsi ilə meydana gəlir. Alkoqol və narkotik istifadəsi sinir hüceyrələri arasındakı əlaqəni pozaraq beynimizə bir çox mənfi təsir göstərir.

Narkotikin insan orqanizminə təsirləri

- Narkotik vasitələrinin istifadəsi beyin funksiyalarını azaldır, yaddaşı zəiflədir, balans pozğunluqlarına və demansa səbəb olur.

- Dərmanlar beynin normal fəaliyyətini pozaraq beyni mexanizasiya edir. Narkotik maddələr beyin damarlarının tıxanmasına səbəb olaraq iflicə səbəb olur. Bundan əlavə, beyində səsləri eşitmək və ruhi xəstəliklərin başlaması dərmanların beyinə təsirlərindəndir.

- Narkotik istifadəsi sinir hüceyrələri arasındakı əlaqəni pozduğu üçün beynin işini ləngidir. İnsan yeni şeylər öyrənməkdə və problemləri həll etməkdə çətinlik çəkir.

- Bu maddələrin təsiri altında diqqət tələb edən işləri görmək çox əlverişsizdir, çünki maddə istifadəsi refleksləri yüksək dərəcədə pozur. Bundan əlavə, bəzi narkotik tərkibli dərmanların beyinə mənfi təsirinin və yaratdığı dəyişikliklərin ani ölümə səbəb olduğu bilinir.

- Beyin quruluşundakı dəyişikliklər və sinir hüceyrələrində pisləşmə maddə istifadəsi dayandırılan kimi yaxşılaşmır. Bərpa uzun müddət çəkə bilər. Unudulmamalıdır ki, asılılıq insanın iradəsindən kənar bir beyin xəstəliyidir. Beynin yaxşılaşması üçün narkotikdən və onları xatırladan şeylərdən uzaq olmaq vacibdir.

Narkotiklərin təsirləri

Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır.

Narkotik qəbulunun əsas səbəbləri

1. Maraq

2. Stress

3. Kənar təzyiq

4. Psixi asılılıq

Narkotiklərin orqanizmə təsirləri

- Erkən ağlını itirmə, şüur itkisi, yuxusuzluq, iflic, sayıqlama, qorxu, xəyal görmə, səs eşitmə, zəka və yaddaş pozğunluqları.

- Ürəkbulanma, qusma, qarın ağrıları, qəbizlik, ishal, mədə və bağırsaq spazmları, qastrit, xora və s.

- Bu zəhərin orqanizmdən atılmasında ən ağır vəzifə bu orqanlara düşməkdə olub, qaraciyər və böyrəklərdə böyük qəza və tıxanmalara, qaraciyərdə çatışmazlıq, piylənmə, sərtləşmə.

- Albumin, qan və sidik çoxalması, tıxanmalar, ağır böyrək xəstəlikləri.

- İşıq və məsafədə uyğunsuzluq, çəplik, gecə korluğu, göz bəbəyi böyüməsi, kiçilməsi, göz adele iflici

- Nəfəs darlığı, öskürək, boğulma hissi, tənəffüs iflici

- Qansızlıq, qan zəhərlənmələri, qan hüceyrələrində şəkil və miqdar dəyişiklikləri, qanın laxtalanması və qanqrenalar.

- Cinsi fəaliyyəti aşağa salır. Narkomanların çox vaxt uşaqları olmur ya da doğulan körpələr eybəcər olur.

Narkomanlığın əlamətləri

• Solğun dəri

• Göz bəbəyinin genişlənməsi və ya daralması

• Gözlərin qızarması və ya tutqunlaşması.

• Nitqin ləng olması

• Koordinasiyanın pozulması (səndələmə)

• Arıqlama

• Gözlərdə parıltı

Davranışın dəyişməsi:

• Biganəliyin artması.

• Fikrini toplamaq çətin olur.

• Tənqidə qarşı ağrılı reaksiya.

• Tez-tez və kəskin olaraq əhvalın dəyişməsi.

• Tanışlar dairəsinin dəyişilməsi.

• Təhsil almağa biganəlik.

• Kobudluğun və təmbəlliyin əmələ gəlməsi.

• Yuxunun pozulması.

• Sudan qorxmaq əlaməti gec-gec çimirlər, ya da heç çimmirlər.

SİA mövzu ilə bağlı sosioloq Elçin Bayramlının fikirlərini öyrənib: “Son dövrlərdə qlobal narkomafiya ənənəvi narkotiklərlə yanaşı, yeni süni kimyəvi narkotiklərin də ucuz qiymətə yayılmasını təşkil edir. Ölkəmizdə də, gənclər arasında belə qorxunc narkotik və psixotrop maddələrin yayılması milli genefondumuza ağır zərbələr vurur. Bu səbəbdən hüquq-mühahizə orqanları, xüsusən, DİN bu hallara qarşı mübarizəni gücləndirib. Azərbaycan cinayətkar qrupların, narkomafiyanın ən az əl-qol aça bildiyi ölkələrdən birinə çevrilib. İndi idarə və ümumən nazirlik xaricdən idarə olunan bu cinayətkar əl-qolları ölkəmizdən tamamilə çəkilməyə məcbur etmək üçün böyük bir müharibəyə başlayıb. Azərbaycan polisi həmişə olduğu kimi bu gün də vətəndaşların keşiyində, dövlətimizin arxasındadır. Vətən müharibəsində polislərimiz də mübarizə apardı və qalib gəldik. İndi isə ondan heç də geri qalmayan daha bir müharibə aparırlar, xalqımızı, gələcəyimizi narkomaniya kimi qorxulu düşməndən xilas etmək uğrunda müqəddəs bir müharibə. Bu müharibədə biz də polisimizin yanında olmalıyıq, bu halda daha tez qalib gələcəyik. Tezliklə narkomaniya üzərində tam və qəti qələbənin əldə olunacağına artıq heç kimdə şübhə yoxdur”.

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı fikir bildirib: “Narkotik vasitələrdən istifadənin son vaxtlar gündəmə gəlməsinin əsas səbəbi bu kimi maddələrdən zəhərlənmə hallarının çoxalmasıdır. İnsanlarda bir-birini eşidə bilməmək, daxili aqressiya, öz mənliyini tapa bilməmək, cəmiyyətdə və ailədə özünü təsdiq edə bilməmək valideyin və övlad arasında olan psixoloji alyansı qoruya bilməmək insanlarda özgüvənsizlik, asosiallıq, eqoizmin yaranmasına gətirib çıxardır. Bunun nəticəsində də özlərini narkotikada, alkoqolizmdə tapan insanlar artmağa başladı. Bütün bu asıllıqların başında insanın özünü tapmamağıdır. Özünün ailəyə, cəmiyyətə və özünə yararsız olduğunu hiss etməkdir. Bunun iqtisadi vəziyyətlə, maddiyatla heç bir əlaqəsi yoxdur. Ailələr övladları ilə psixoloji alyansı qoruduğu zaman övladları sağlam düşüncəli, ailəyə və cəmiyyətə faydalı şəxsiyyət formalaşanda asıllıqları olmur”.

Mübarizə necə aparılmalıdır?

Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər - narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. İl əzində hər bir təcrübəli narkotik istifadəçisi 4 adam (nəfəri) narkotikə cəlb edir, bunların da əksəriyyəti uşaq və gənclərdir. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Valideynlər və övladları arasındaki yaxşı münasibət narkotiklərə qarşı mübarizədə böyük rol oynayır. Valideyn hər zaman övladı ilə ünsiyyətdə olmalıdır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.

Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin vəziyyəti və narkotik vasitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilmiş cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən başqa, təqribi hesabalamalara da əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunur, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər keçirilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər məsələlər kimi, bu problemin də həlli öndə saxlanıldı. Müstəqilliyimizin ilk illərində, dövlətçiliyimizin və müstəqilliyimizin təhlükə altında, Azərbaycanın ağır durumla üz-üzə qaldığı illərdə üzləşdiyimiz çətinliyi qeyd etməmək mümkün deyil. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında böyük imkanların yaranmasına stimul oldu. Azərbaycanda ictimai-siyasi durumun sabitliyi, normal iqtisadi mühitin yaradılması ölkəmizin iqtisadi qüdrətini daha da artırdı. Müstəqilliyimizin təhlükə altında qaldığı 1990-cı illərin axırlarında ölkəmizdəki özbaşınalıq, hakimiyyətsizlik, gənclərə diqqətin unudulması, narkomanlığa aludəçilik üçün münbit şərait yaratdı. Ulu öndər Heydər Əliyevin gənclərə diqqəti artırması bu bəlanın da qarşısını aldı.

Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalamış və problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunub. Bu sənədlərin qəbulunda ümumi məqsəd Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyasını, narkotik vasitələrin və psixotrop maddələrin istehsalını, dərman preparatlarının və xammalın hazırlanmasını qanunla qadağan etməkdir. Dövlət orqanları ilə yanaşı ictimai təşkilatların da bu işdə yüksək fəallığı müsbət nəticələrin əldə olunmasına stimul verir.

Bu gün respublikamızın bir çox rayonlarında narkomanlığın cəmiyyətə zərərinə dair keçirilən silsilə tədbirlərdə də əsas məqsəd maarifləndirmə işinin səviyyəsini yüksəltməkdir. Həmçinin asudə vaxtın səmərəliliyi üçün müxtəlif məşğələlər təşkil edilir, “Narkomaniyaya “yox” adlı aksiyalar, elmi-praktiki konfranslar keçirilir, tədris-təlim proqramlarına narkomanlığın sağlamlığa mənfi təsiri ilə bağlı mövzular daxil edilir, kütləvi idman tədbirlərinin keçirilməsi üçün müvafiq şərait yaradılır, əyani təbliğat vasitələrindən istifadə olunur. Məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə ümumtəhsil məktəblərində təşkil olunan tədbirlərdə, dəyirmi masalarda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu özündə əks etdirən mövzular ətrafında geniş fikir mübadiləsi aparılır, orta məktəblərdə inşa yazı və rəsm müsabiqələri təşkil olunur, gənclərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri öyrənilir. Ən əsası bu tədbirlər kütləvi informasiya vasitələrində işıqlandırılmaqla əhəmiyyətini daha da artırmış olur. “Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”, “Narkomaniyaya qarşı hamılıqla mübarizə”, “Narkomaniya nədir?”, “Zərərli vərdişlərə yox deyirik”, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” devizi altında təşkil olunan tədbirlər maarifləndirmə işinin yüksək səviyyədə qurulmasına öz müsbət təsirini göstərir. Məktəblilər arasında bu mövzularda keçirilən inşa müsabiqələrində qaliblərin mükafatlandırılması da maarifləndirmə işinin öz müsbət təsirini göstərir.

Bu gün narkotiklərin qanunsuz dövriyyəsi dünya miqyasında geniş vüsət alaraq, insanlıq üçün ciddi təhdidə çevrilib. Narkomaniya cinayətkarlığın artmasına rəvac verir, ağır xəstəliklərə səbəb olur, mənəvi deqradasiyaya aparıb çıxarır. Buna baxmayaraq, gənc nəslin bəzi nümayəndələrinin narkotiklərin gətirdiyi fəlakətlər haqqında yetərli təsəvvürü və məlumatı yoxdur. Narkomanlığın yayılması cəmiyyətdə digər mənfi halların genişlənməsi üçün zəmin yaradır. Narkotik asılılığında olan şəxslər sosium üçün təhlükə mənbəyi kimi çıxış edirlər.

Təəssüf ki, narkomaniya respublikamızda da ciddi problem olaraq qalmaqdadır. Bəzi gənclər narkotik asılılığı girdabına yuvarlanır, bu da narkomaniya ilə bağlı cinayətlərin törədilməsinə səbəb olur. Narkotiklərlə bağlı cinayətlərin artım dinamikası problemin cəmiyyət üçün doğurduğu təhlükəni daha da artırır. Narkomanların say artımı milli genofond üçün ciddi təhdid əmələ gətirir.

Gənclər arasında zərərli vərdişlərin profilaktikası sahəsində maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Narkomaniyaya qarşı mübarizə məqsədilə təşviqat aksiyaları, mədəni-kütləvi tədbirlər, müsabiqələr, festivallar təşkil olunur.

2017-cı ildə bu sahədə bir sıra yeni addımlar atılıb. Gənclər və İdman Nazirliyi bu sahədə xarici ölkələrin təcrübəsini və beynəlxalq praktikanı yaxından öyrənir, əldə edilən məlumat və vərdişlərin həyata keçirilməsi təmin olunur. Bu sahədə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa, xüsusilə gənclər təşkilatları ilə işbirliyinə böyük diqqət yetirilir.

Narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində, xüsusilə sosial şəbəkələrdə təbliğat aparılması səmərəli və önəmli vasitəyə çevrilmişdir. Bu sahədə həm nazirlik, həm də gənclərin qeyri-hökumət təşkilatları tərəfindən görülən işlər mütəmadi olaraq sosial şəbəkələrdə təbliğ edilir.

Arzu Qurbanzadə