“İran özünün çirkin niyyətini ortaya qoyur” - POLİTOLOQ ŞƏRH ETDİ

23 Sentyabr 2021 16:12 (UTC+04:00)

“İranın Azərbaycana qarşı atdığı addımların, anti-Azərbaycan, anti-türk təbliğatının arxasında təbii ki, bir neçə səbəblərin durduğunu düşünürəm. Birincisi, İranın həmişə ən çox qorxduğu məsələ Cənubi Azərbaycan faktorudur. Çünki bildiyimiz qədər, İran əhalisinin təqribən 40 faizindən çoxu cənubi azərbaycanlılardan, Azərbaycan türklərindən təşkil olunub və hər zaman onların İran siyasətinə, İranın xarici və daxili siyasət qərarlarına mühüm, ciddi təsirləri olubdur və İran üçün ən təhlükəli vəziyyət məhz Cənubi Azərbaycan faktorudur. Ona görə də İran bu məsələdə mümkün qədər çalışır ki, özünün basqısını artırsın, Cənubi Azərbaycanın da səsini boğsun. Təbii ki, bu, heç də mümkün olan hal deyil.

Digər bir məsələ isə, burada İran öz çirkin təbliğatından istifadə edir ki, Azərbaycan onun guya Şimal vilayəti, əyaləti olubdur. Bu cür qələmə verir ki, guya Gülüstan, Türkmənçay müqavilələrindən sonra əlindən çıxıbdır və inandırıcı olmayan, doğru olmayan məlumatlarla daim öz cəmiyyətində belə azərbaycanlılara qarşı bir nifrət hissi formalaşdırmağa başlayıb.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloq vurğulayıb ki, daha bir məsələ, burada türk faktorudur.

“Biz bilirik ki, Türkiyə və Azərbaycan arasında yeganə quru sərhəd bölgəsi Naxçıvanla 11 kilometrlik məsafədir, Qars ərazisinə yaxın ərazidə və bu gün İranı narahat edən odur ki, əgər Azərbaycanı və yaxud Türkiyəni dəstəkləyərsə, burada İranın özünün dövlətçilik maraqları guya təhlükə altına düşür. Ona görə də İran həm birinci Qarabağ savaşında, həm ondan sonrakı mərhələdə, həm ikinci Qarabağ savaşında və ondan sonrakı mərhələdə daim Azərbaycana qarşı, türklərə qarşı bir antipatiya sərgilədi. İran istər loqistika baxımından, istər ərzaq məhsulları baxımından dəfələrlə Ermənistana yardım edib, kömək edib, dəstəyini göstərib.

Burada digər bir önəmli faktor nədir? İranın atdığı bu cür addımlar daha da intensivləşib. İran təkcə özünün yox, həm də Rusiyanın Ermənistana göndərmək istədiyi yardımları çatdırır. Təbii ki, bu, nə dini baxımdan, nə ideoloji baxımdan, nə də qonşuluq baxımından uyğun deyil və İranın atdığı addımlar, sadəcə olaraq bölgədə nifrəti artırır. İran özünün çirkin niyyətini ortaya qoyur. Yəni, bu, onun özünün yaratdığı bir nifrət kimi qəbul olunur.

Hesab edirəm ki, İranın atdığı bu addımlar nəinki dövlətlər arasında, ümumiyyətlə, bölgədə baş verəcək bundan sonrakı fəlakətlərin, dövlətlərarası münaqişənin, regional problemlərin məhz özəyini təşkil edir”, deyə politoloq Samir Hümbətov bildirib.