Post-müharibədə yeni mərhələ başlayır? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

23 Sentyabr 2021 14:30 (UTC+04:00)

"Post-müharibə dövründə əsas siyasət xəttini regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası tutur. O cümlədən, Zəngəzur dəhlizinin işləməsi prinsipial əhəmiyyət daşıyır. Regionda nəqliyyat-kommunikasiyanın inkişafı davamlı sülhün və tərəqqinin təmin edilməsinə təkan verəcək. Zəngəzur dəhlizi yalnız əhəmiyyətli iqtisadi-kommunikasiya faktoru ilə bağlı deyil. O, daha çox geosiyasi və geoiqtisadi kontekstdə əməkdaşlıq, davamlı sülh və tərəqqi məsələsi ilə əlaqəlidir. Eyni zamanda, Zəngəzur dəhlizi əhəmiyyətinə görə qlobal səviyyədə faydalı layihələrin reallaşmasında vacib rol oynayacaqdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev 17 il müddətində mükəmməl regional siyasi kurs sayəsində Ermənistan istisna olmaqla bütün qonşularla geniş əməkdaşlığa nail ola bildi: "Rusiya, İran, Türkiyə və Gürcüstan indi Azərbaycanın ən yaxın tərəfdaşlarındandır. Məhz bu cür böyük diplomatik uğur nəticəsində Azərbaycan regional təhlükəsizliyin açar dövlətinə çevrilib. Şübhəsiz, bu prosesdə Prezident İlham Əliyevin ikitərəfli, üçtərəfli və dördtərəfli regional əməkdaşlıq formatları ciddi rol oynayıb".

Deputat sözlərinə belə davam edib: "Bunlarla yanaşı, Azərbaycan Avropa İttifaqı, ABŞ, Çin kimi böyük geosiyasi güclərlə qarşılıqlı fayda verən əlaqələr qurub. Beləliklə, Azərbaycan post-müharibə mərhələsinə böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik Cənubi Qafqaz lideri kimi qədəm qoyub. Artıq post-müharibə dövründəyik. Yeni olan bu mərhələdə biz, əvvəlki kimi qarşılıqlı əməkdaşlığa və etimada söykənən münasibətləri daha da genişləndirəcəyik. Azərbaycan, Türkiyə və Pakistan arasında imzalanan müqavilələr, memorandumlar dövlətimizə müharibə dövründə olan dəstəyin daha geniş şəkildə davam edəcəyini göstərir. Qardaş ölkələrlə birgə sərhədboyu təlimlər həyata keçirilir".

Ayşən Vəli