Cılızları qloballaşdıranlar...

23 Sentyabr 2021 14:30 (UTC+04:00)

Xaricdə baş verənlərdən, dostlardan, düşmənlərdən yazmışıq, yazırıq və yəqin həmişə də yazacağıq. Çünki Azərbaycan demokratik cəmiyyətdir, xaricdə baş verən hər bir hadisənin və yayılan məlumatların birbaşa da olmasa, dolayısı ilə cəmiyyətimizə təsiri qaçılmazdır. Xüsusilə, indiki internet dövründə bu, birmənalıdır.

Ancaq məni başqa bir məsələ narahat edir. Biz o qədər xaricdə baş verənlərə aludə olmuşuq ki, içimizdəki bəzi anormallıqlara ağıllı-başlı müdaxilə etmirik və ya etməkdə maraqlı deyilik. İndi oxucu düşünəcək ki, bəzi bloggerlərimizin, yaxşıları görməyib, ancaq qüsurlardan hay-küylə danışan bəzi video və qəzet “qəhraman”ları kimi, mən də problemlərdən danışacam ki, xalq məni də “qəhraman” kimi tanısın. Yazılarımın daimi oxucuları bilirlər ki, həmişə belə ucuz “qəhramanlıq”dan uzaq olmuşam və qüsur görəndə onu deməkdən çəkinməməklə, ondan imic naminə yararlanmaq fikrindən uzaq olmuşam. Bəzən bilərəkdən ki, mənim dediklərim və yazdıqlarım cəmiyyətin böyük bir kəsimi tərəfindən müsbət qarşılanmayacaq, onu da deməkdən çəkinməmişəm.

Xülasə ki, bu dəfə ölkəmizin içindən yazmağa qərar verdim. Kimsə deyə bilməz ki, Azərbaycan cəmiyyəti süddən çıxma ağ qaşıq kimi tər-təmizdi və əyər-əskiyimiz, çatışmazlıqlarımız yoxdu. Heç indiki iqtidarın başında duran ölkə Prezidenti də bunu gizlətmir və açıq-aşkar ifadə edir. Deməli, indiki iqtidar bu qüsurların aradan qaldırılmasında daha çox maraqlıdır və bu təqdirəlayiqdir. Lakin ölkə iqtidarının bütün fəaliyyətini vətəndaşların mənafeyi naminə yönəltməsindən sui-istifadə etməyin özü də axı anormallıqdır! Dövlətdən hər şey istəyib, amma boynunda olan borcunu dövlətə verməkdən müxtəlif üsullarla yayınmağa çalışmaq, dövlət və dövlətçilik anlayışını, vətəndaş və dövlət münasibətlərinin fəlsəfəsini hələ də anlamayanların reallıqdan uzaq tələblər irəli sürməsi kimi anormallıqlar ətrafımızda hər gün baş verir. Vətəndaşlarımızın böyük bir qismi hələ də qəbul etmək istəmirlər ki, dövlətin gücü, qüdrəti hər bir vətəndaşın gücü, qüdrəti deməkdir. Təkcə 44 günlük Vətən Müharibəsindəki tarixi zəfərə necə nail olduğumuzun fərqinə varsaq, bunu anlamaq asan olar ki, dövlətin qüdrətli olması ən ağır problemlərin həllinə yol açan ən mühüm faktordur. Dövlətdən büdcəni kütlənin ehtiyaclarını aşan sahələrə səpələməyi belə tələb edənlərin dövlət və dövlətçilik anlayışından xəbərsiz olduğu şəksizdi. Təbii ki, cəmiyyətdə ehtiyacı olan insanların ehtiyaclarının ödənməsinə yardım etmək dövlətin sosial borclarındandır və ədalət naminə deməliyik ki, Azərbaycan dövləti bunu maksimum edir. Amma hərdən elə məqamlarla qarşılaşırıq ki, təəccüblənməyə bilmirsən. Birini deyim, oxucum məni anlasın ki, məqsədim nədir!

REAL TV-də bir proqram var: “PROBLEM”. Cəmiyyətdə vətəndaşlar problemlərini bu proqrama bildirir, proqramın əməkdaşları da gedib onu yerində araşdırır və efirə çıxarır. Heç şübhəsiz ki, bu da REAL TV-nin uğurlu layihələrindəndir və alqışlanmalıdır. Amma belə bir imkandan istifadə edənlərin bəzi lüzumsuz problemlərinə bu qədər ciddi yanaşmaq, hesab edirəm ki, ümumən cəmiyyətin psixologiyasına mənfi təsir edir axı! Məsələn, dünən bu verilişə baxırdım. Gördüm ki, Bakının bir məhəlləsində, doqquz mərtəbəli bir binanın sakini olan beş-altı kişi danışır. Deyirlər ki, binamızın bir blokunda iki pəncərəni gəlib söküb aparıblar ki, təzəsini vuracaqlar, amma gətirib vurmurlar! Gileylənirlər ki, qabaqdan yağışlı havalar, qarlı-çovğunlu günlər gəlir, yağış, qar dolacaq bloka... Bir anlıq bu danışan vətəndaşlarımızın bazburtuna baxdım və içimdən bir sual keçdi: bu qədər kişi, qiyməti əlli manat olan iki pəncərəni alıb ora vura bilmirlər ki, bunu bu qədər hay-küylə ictimailəşdirirlər?

Mən o pəncərələri söküb, hələ də yerinə qoymayan təşklatı günahsız hesab eləmirəm. Ancaq bu elə bir problem deyil axı, onu TV-yə qaldırıb ictimai problem kimi danışasan! Bu və buna bənzər giley-güzarları, bəzən hətta əsassız, qeybət xartakterli “problem”lərin efirə yol tapmasının əsas günahkarları həmin şikayətçilər olsa da, məncə özünə hörmət edən media işçisi onu belə ictimailəşdirməyə rəvac verməməlidir. Elə bu yazını da belə media işçilərinə ünvanlayıram. Cılız problemləri qloballaşdırmaqdansa, gerçək qlobal məsələlərə müdaxilə etmək hər bir jurnalistə daha çox hörmət gətirər.

Təhmasib Novruzov