Məktəbdə uşaqları virusdan necə qorumalıyıq? - DİQQƏT! - PEDİATR AYDINLIQ GƏTİRDİ

23 Sentyabr 2021 13:33 (UTC+04:00)

"Məktəblərin açılması ilə əlaqədar uşaqlar arasında virusa yoluxmanın sayının arta biləcəyi ehtimalı qaçılmazdır. Virus infeksiyası hava damcı üsulu ilə yayıldığı üçün müəyyən olunmuş profilaktik tədbirlər görülməlidir. Bu baxımdan valideynlər də çox diqqətli olmalıdır. Uşaqların virusa yoluxmaması üçün şəxsi gigiyenalarına xüsusi diqqət etməli, əşyalara toxunduqdan sonra əlini göz və ağız nahiyəsinə vurmamalı, tibbi maskalardan isrifadə etməli, yoldaşları ilə məsafə saxlamalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında həkim, pediatr Səidə Əhmədova deyib.

Onun sözlərinə görə, valideynlər uşaqların düzgün qidalanmasına diqqət yetirməlidirlər: "Marketlərdən alınan konservantlardan istifadələrinə yol verməsinlər. Uşaqlara verilən qidalar, meyvə-tərəvəz təmiz yuyulmalıdır. Bol maye içmələri tövsiyyə olunur".

Həkim sözlərinə belə davam edib: "Uşaqlara verilən vitamin əlavələrinin əsası olmalıdır. İnsan doğulduğu andan immun sistemi formalaşmağa başlayır. 5 yaşa qədər uşaqlar ətrafdakı infeksiyalara qarşı daha həssas olurlar. Təəssüf ki, bugünə qədər dünyada immun sistemi qüvvətləndirən dərman kəşf olunmayıb. Ümumiyyətlə isə immun sistemə toxunmaq olmaz. Uşaqlarda hansısa vitamin çatışmazlığı bir simptom və ya xəstəlik kimi özünü büruzə verir.Ona görə verilən vitaminlər həkim təyinatına əsasən qəbul edilməlidir".

Ayşən Vəli