"Aparılan islahatların məqsədi keyfiyyətin yüksəldilməsidir" - EKSPERT ŞƏRH ETDİ

22 Sentyabr 2021 17:00 (UTC+04:00)

"Azərbaycanda məktəb tikintisi son illərdə sürətlə aparılır. Azərbaycan Prezidenti andiçmə mərasimində bu məsələyə toxunaraq demişdir ki, ümumiyyətlə, deyə bilərəm ki, son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar: "Bu onun göstəricisidir ki, dövlət təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmlənməsinə böyük qayğı göstərir. Prezident İlham Əliyev bu barədə danışarkən qeyd etmişdir ki, bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın.

Son vaxtlar modul tipli məktəblərin tikintisinə də xüsusi diqqət yetirilir. Hazırda ucqar kəndlərdə bütün müasir avadanlıqla təmin edilən və tezliklə istifadəyə verilə bilən modul tipli məktəblərin tikintisi gedir.

Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri böyükdür. Fondun təşəbbüsü ilə Bakıda və regionlarda yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəbi binaları tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqla təchiz edilib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva yeni istifadəyə verilən məktəb və uşaq bağçalarının açılış mərasimlərində iştirak edir, kollektivlərlə görüşür, onlara milli təhsilimizin inkişafında uğurlar arzulayır".

Kamran Əsədov sözlərinə belə davam edib: "Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş dövlət proqramları da məktəb tikintisinin genişlənməsinə əhəmiyyətli stimul vermişdir. Məktəb tikintisini regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilib. Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, əsaslı təmiri, müasir avadanlıqla, laboratoriyalarla təminatı nəticəsində iki və üçnövbəli məktəblərin sayı xeyli azalıb. Müstəqillikdən sonra aparılan islahatlar nəticəsində Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binaları tikilməsin, yaxud mövcud məktəblər təmir edilməsin.

Təhsil islahatları təkcə məktəb tikintisi ilə məhdudlaşmır. Bu məktəblərdə təhsilin keyfiyyəti də yüksəlməkdədir. Müəllim hazırlığı, kurikulumun (tədris proqramlarının) hazırlanması,yeni dərsliklərin yaradılması və digər sahələrdə də islahatlar davam edir. Yeni dərslik siyasətinin tətbiqi, bu siyasətin həyata keçirilməsi üçün müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurasının yaradılması, müəllimlərin işə qəbulu qaydaları ilə bağlı tətbiq edilən yeniliklər son illər qazanılan uğurlardır".

"Bir sözlə, istər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də təhsilin digər sahələrində aparılan islahatların məqsədi keyfiyyətin yüksəldilməsidir. Lakin işlər bununla yekunlaşmır. Hazırda respublika üzrə cəmi 4500 məktəb var, onların çox hissəsi yenidən tikilib və bu proses davam edir".

Ayşən Vəli