Prezident küçədə nahar etməli oldu

22 Sentyabr 2021 02:33 (UTC+04:00)

Braziliya Prezidenti Jair Bolsonaru COVID-19-a qarşı peyvənd olunmadığı üçün Nyu-Yorkda restorana buraxılmayıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Dövlət başçısı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a gəlib. Təşkilatın binasına daxil olmaq üçün peyvəndi təsdiq edən sənəd tələb olunmasa da, Nyu-Yorkda peyvənd sənədi olmadan iaşə obyektlərinə girmək qadağandır.

Bu yaxınlarda Nyu-York meri Bill de Blazio şəhərə gələn dünya liderlərini səfərdən əvvəl peyvənd olunmağa çağırıb. BMT-nin baş katibi Antoniu Quterreş də eyni açıqlama ilə çıxış edib.

BMT-nin Baş Assambleyasının yetmiş altıncı sessiyası sentyabrın 14-də açılıb. Sessiyanın əsas tədbiri - yüksək səviyyəli həftə 21-27 sentyabr tarixlərində baş tutacaq.