Məktəblilərin məktəb həyəcanı - ARAŞDIRMA

21 Sentyabr 2021 16:45 (UTC+04:00)

Artıq yeni tədris ilinin başlamasına az qalıb. Bildiyimiz kimi, pandemiya səbəbindən bu il yeni dərs ilinə ibtidai siniflər üçün sentyabr 22-dən start veriləcək. Yeni dərs ilini digər şagirdlərlə yanaşı, məktəb həyatına ilk qədəmlərini qoyan birincilər səbirsizliklə gözləyirlər. Məktəbin həyətində yeni tədris ili münasibətilə keçirilən tədbirdə əllərində gül-çiçək dəstələri ilə əylənən birincilər üçün tədbirin sonrası o qədər də asan olmur. Elə əsl problem də tədbirdən sonra başlayır. Bəzi uşaqlar ilk dərs ilini həyəcanla gözləsə də, həmin gün çatdıqda onlar dərsdə müəllimlərindən qorxur, hər zaman onların yanında olan valideynlərindən ayrıla bilmirlər. Hətta bəzi valideynlər dərs bitənə qədər sinif otağında əyləşmək məcburiyyətində qalırlar. Belə uşaqlarda məktəbə adaptasiya olmaq prosesi dərs həftəsi bitənə qədər davam edir. Uşaqlarda şüuraltı olaraq yaranan məktəb fobiyası onların təhsilinə ciddi təsir edir.

Bəs, məktəb fobiyası nədir?

Məktəb fobiyası haqqındakı araşdırmalara ilk dəfə 1930-cu illərdə başlanıb. 1960-1970-ci illər arasındakı tədqiqatların nəticələrinə görə, ABŞ-da ibtidai siniflərdə təhsil alan hər min şagirddən onunda məktəb xofu müşahidə edilib. Müasir tədqiqatlara görə isə şagirdlərin təxminən 8%-i məktəbə gedəndə qorxu hissi keçirirlər. 3 yaşdan 14 yaşadək 1034 Venesuela məktəblisi arasında aparılan tədqiqatın nəticəsi göstərib ki, uşaqlar uğursuz sınaq, pis qiymət, direktorun otağına düşmək, imtahan, yazı lövhəsinə çağırılmaq, sinif qarşısında dərsə cavab vermək, qəfil cavab verməyə çağırılmaq, məktəbdə xəstələnmək və səhvə yol vermək kimi halların qorxusundan məktəbə getmək istəmirlər. Həmçinin, məktəb qorxusu olan şagirdlərin ailə tərkibini öyrənən digər tədqiqatlar göstərib ki, belə uşaqların 55%-i ya ailənin tək uşağı, ya da ən kiçik uşağıdır. Eləcə də, tək valideynli ailələrin uşaqları hər iki valideyni olan uşaqlara nisbətən əhəmiyyətli dərəcədə çox dərs buraxırlar.

Uşaqları gözləyən təhlükə

Yeni dərs ilində məktəbə gedəcək uşaqlar üçün sağlam orqanizm ən önəmli amildir. Çünki xüsusilə bu yaşlarda uşaqlarda görmə zəifliyi, psixoloji və onurğa əyriliyi kimi problemlər özünü göstərir. Son zamanlar uşaqlar arasında ən çox rast gəlinən xəstəlik olan onurğa əyriliyi ilə bağlı dəfələrlə müxtəlif fikirlər səslənsə də, bu mövzu hələ də öz aktuallığını qoruyub saxlayır. Valideynlərin burada diqqət etməli olduğu məsələlərdən biri uşaqlarına böyük ölçüdə çantalar almamaqdır. Bir vaxtlar məktəblilərin istifadə etdiyi kiçik çantaları son illər artıq daha böyük ölçüdə çantalar əvəz edib. Bu gün uşaqlar içərisi çoxsaylı məktəb ləvazimatı ilə dolu olan ağır çantaları götürmək məcburiyyətində qalırlar. Həm çantanın öz çəkisi, həm də içərisindəki ağırlıq uşaqlarda onurğa ilə bağlı xəstəliklərin yaranmasına səbəb olur. Bu gün dünyada bu problemlə qarşılaşan uşaqların sayının artdığını deyən mütəxəssislər də sürətlə artan onurğa əyriliyinin bir çox problemlərə yol açdığını təsdiq edirlər.

Mövzu ilə bağlı Təhsil Nazirliyinin yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov fikir bildirib: “Hamının gözlədiyi kimi yeni tədris ili ənənəvi formada 1-4-cü siniflər üçün artıq sabahdan etibarən başlayacaq. Əlbəttə ki, il yarım bundan öncə məktəblərin qapanması ilə şagirdlər, bütövlükdə təhsil ictimaiyyəti onlayn rejimlə çalışdı. Çox az bir fasilə ilə, qısamüddətlərdə təhsil ənənəvi formada davam etdi”.

Onun sözlərinə görə, ümumilikdə yay tətilindən sonra şagirdlərin məktəbə adaptasiyasında hər zaman müəyyən problemlər olur: “Çünki 3 aya yaxın bir müddətdə şagirdlər məktəbdən təcrid olublar. Nəzərə alsaq ki, iki ilə yaxındır ki, uşaqlar məktəbdən bu və ya digər şəkildə uzaq düşüblər. Bu xüsusilə ibtidai siniflər üçün daha spesifikdir. Çünki onlar ailəyə daha çox bağlı olurlar. Ona görə də, ilk iki həftə ərzində adaptasiya prosesi gedəcək. Ümid edirəm ki, bizim şagirdlərimizin məktəbə adaptasiyası uğurla alınacaq. Ümumilikdə birinci sinifə qədəm qoyan şagirdlərin məktəbə adaptasiya müddəti daha uzun çəkir. Elə şagirdlər var ki, onlar bütövlükdə baxçaya və yaxud məktəbəhazırlıq kurslarına getmədən birdəfəlik məktəbə gedirlər. Xüsusilə rayonlarda, ucqar bölgələrimizdə bu problem daha çox var. Amma məktəb birincilər üçün yeni bir fəaliyyətdir, yeni bir mühitdir. Müəllimlər şagirdlərimizin həmin adaptasiya prosesindən uğurla çıxmağına kömək edəcəkdir. Eyni zamanda məktəb rəhbərləri bu istiqamətdə şagirdlərlə maraqlanmalıdırlar”.

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı qeyd edib ki, şagirdlərin məktəbə adaptasiya olması o qədər çətin olmayacaq: “Nəzərə alsaq ki, uşaqlar iki ildir məktəb həsrəti çəkir, adaptasiya prosesi çox asan və rahat olacaq. Ümumiyyətlə, adaptasiya prosesi individual prosesdir. Hər şəxsin özünün fərdi olaraq xasiyyətindən irəli gələn bir prosesdir. Bu proses müddətində müəllimlərimizdən daha səbrli olmağı xahiş edirik. Sosial mühitə, məktəb mühitinə alışmaq, qayda və qanunlara riayət etmək uşaqların adaptasiya olmasında mühüm məsələdir”.

“Artıq sabahdan etibarən orta ümumtəhsil müəssisələrində ibtidai siniflər üzrə dərslər başlanacaq. Şagirdlərin adaptasiya prosesində bir o qədər çətinlik olmayacaq”. Bu fikirləri mövzu ilə bağlı açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, orta ümumtəhsil müəssisələrinin ibtidai siniflərində təhsil alanlar dərslərə ənənəvi qayda da olsa, fevral ayından etibarən dərslərə qoşulmuşdular: “Yalnız ənənəvi dərslərdən kənar qalanlar 10 və 11-ci sinif şagirdləri idi. Onların məktəbə adaptasiya olunmasında müəyyən sıxıntılar yaşanacaq. 29 sentyabr tarixindən etibarən artıq 10 və 11-ci siniflər dərslərə başlayacaqlar. Bizim üçün vacib olan odur ki, dərslər ənənəvi qaydada tədris olunacaq. Burada əsas məsələ şagirdlərin, müəllimlərin, təhsil işçilərinin izolyasiya qaydalarına əməl etmələridir. Təhsil işçilərinin artıq 90%-ə yaxını vaksinasiya prosesindən keçib. Bu isə gələcəyə nikbin baxmağa əsas verir. İnanıram ki, biz dərsləri bu tədris ilinin sonuna qədər ənənəvi qaydada apara bilərik. Şagirdlərin də ənənəvi qaydada təhsil almalarının digər üstünlüyü ondan ibarətdir ki, onların qiymətləndirilməsi də əyani şəkildə olacaq. Ötən il aparılan qiymətləndirilmə onlayn qaydada oldu. Bu zaman çox təəssüflər olsun ki, tam obyektiv qiymətləndirilmə aparılmadı. Ənənəvi qaydada isə demək olar ki, tam obyektiv şəkildə qiymətləndirməni həyata keçirmək düzgün olacaq”.

3-cü sinif şagirdi Eldar Mahmudovun valideyni: “Oğlum 3-cü sinifə keçdi. Hər kəs kimi biz də yeni tədris ilinin başlanması münasibəti ilə məktəb bazarlığı etdik. Geyim olaraq bir şalvar bir köynək aldıq. Lakin nəzərə almaq lazımdır ki, tədris ili yeni başlayır hələ bundan sonra da xeyli dəftər və s. ləvazimatlar alınacaq. Yəni, digər xərclər məktəb başladıqdan sonra bilinəcək. Kitab isə məktəb tərəfindən verilir. Dərsin başlanması üçün çox həyəcanlıyıq”.

1-ci sinif şagirdi Mehman Hüseynalıyevin valideyni: “Oğlum bu il məktəbə ilk qədəmlərini qoyur. O, məktəbə gedəcək deyə çox həyəcanlıdır. Müəllimləri və sinif yoldaşları ilə tanış olmağa can atır. İlk ilidir deyə məktəb bazarlığı çox məsrəfli oldu”.

3-cü sinif şagirdi Nihat Qədiməlizadənin valideyni: “Dərslər kifayət qədər çətindir. Əvvəllər 6 və ya 7-ci siniflərə tədris olunan fənlər indi 2-3-cü siniflərə keçirilir. Kitablar da çox ağırdır. Daşımaq çətin olur. Digərləri isə nisbətən normaldır. Ən çətin fənn isə riyaziyyatdır. Dərslərin başlanması üçün hər il olduğu kimi bu il həyəcanlıyıq”.

5-ci sinif şagirdi Fidan Əlizadə: “Artıq bir neçə günə yeni tədris ili başlayır. Hər kəs kimi biz də çox həyəcanlıyıq. Bu il artıq 5-ci sinifə keçirəm. İnşallah hər şey yaxşı olar”.

Bu il bir çox uşaq məktəb zəngi ilə ilk dəfə tanış olacaq. Uzun illər davam edəcək təhsil həyatının bu ilk addımı həm uşaqlar, həm ailələr, həm də məktəbdəki müəllimlər üçün asan bir proses deyil. Elə isə bu prosesdə uşaqlara necə kömək etməliyik?

Şagird-valideyn münasibətləri

Normal bir gün kimi davranın: Uşaqları bu ilk günə hazırlayarkən, valideynlər uşaqlardan daha təlaşlı ola bilərlər. Valideynlərin bu vəziyyəti uşağa da çox təsir edə bilər. Bu səbəbdən uşağın normal bir gün kimi davranması çox vacibdir. Hər bir uşaq ilk gün narahatlıq keçirə bilər, amma narahat olmayın. Hər bir uşaq həm valideynlərinin, həm də müəllimlərinin köməyi ilə qısa müddətdə məktəbə adaptasiya olacaq.

Uşağınızın yanında olun

Uşağınızın ilk günündə yanında olmalısınız. Uşağın ilk gün ən çox narahat olduğu şey, hər zaman məktəbdə qalmaq və evə qayıtmamaqdır. Bu cür narahatlıqları aradan qaldırmaq üçün uşağa aydın məlumatlar verilməli və onu təsəlli etməlisiniz.

Uşağınıza tərif və dəstəklə dəstək verin

Valideynlərin ibtidai məktəbə yeni başlayan uşaqlara yanaşması çox vacibdir. Uşağı qorxudacaq davranışlardan və ifadələrdən çəkinməlisiniz və övladınızı tərif və dəstəklə dəstəkləməlisiniz. İbtidai sinif səviyyəsində təhsil alan uşaqlarla bağlı araşdırmalara baxdığımızda, məktəbəqədər dövrdə uşaqlarına qeyd-şərtsiz sevgi və dəstək verən ailələrin uşaqlarının həyatlarının sonrakı dövrlərində daha müvəffəqiyyətli olduqları müəyyən edilib.

Məktəbə uyğunlaşmaqda çətinlik çəkən bir uşağınız varsa…

Məktəbin ilk günlərində və sonrakı günlərdə sinifdə və ya kolidorda valideynlərin olması uşağın məktəbə alışmasını çətinləşdirən bir faktordur. Valideynlər uşağı müəllimə təhvil verdikdən sonra məktəbi tərk edə bilərlər. Uşağınızın məktəbə uyğunlaşma prosesində problemləri varsa, məktəbin rəhbərliyi ilə əlaqə saxlamalı və uyğun davranış modelini təyin etməlisiniz.

Uşağınız səhər məktəbə gəlməyinizdə israr edərsə…

Ona hər kəsin bir vəzifəsi olduğunu və vəzifəsinin məktəbə getmək olduğunu izah edə bilərsiniz. İstifadə etdiyiniz ifadələrin qısa, aydın və dəqiq olması vacibdir. Əlavə olaraq, sözlərinizin və davranışlarınızın ardıcıl və qətiyyətli olması çox vacibdir.

İşləyən valideyn-şagird əlaqəsi

Bu gün bir çox uşaq işləyən valideynlərə görə 1 yaşında bağçalara verilir. Buradakı ən vacib məqamlardan biri, anaya uyğun olduğu təqdirdə, ananın uşağa ən az 3 yaşına qədər baxması və ya anaya ən yaxın adamın uşağa baxmasıdır. 3 yaşına qədər uşaq sıx diqqət və sevgi gözləyir. Valideynlərin hər hansı bir evdən uşağa göstərdiyi diqqət və sevgini gözləmək çox doğru davranış deyil; çünki bağçalar yalnız kiçik uşaqlara qulluq edir. Uşaq üçün uşaq bağçasından başqa bir seçim yoxdursa, valideynlərin uşaqla keçirdiyi vaxt keyfiyyət baxımından çox məhsuldar olmalıdır.

Müəllim-valideyn münasibətləri

Müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Keçmişdə istifadə olunan intizam üsulları uşaqlar üçün maneə törətmir. Uşaqlar indi başa düşmək istəyirlər. Müəllim şagirdlərin duyğu və düşüncələrinə əhəmiyyət verməli və buna uyğun hərəkət etməlidir. Bu kontekstdə, hər bir uşağın hər vəziyyətdə eyni reaksiyanı verməyəcəyini unutmamaq lazımdır. Tərbiyəçilərin onlara qarşı deyil, şagirdin yanında olduğunu göstərmək, onların təhlükəsiz olmasını təmin edəcək.

Uyğunlaşma problemi yaşayan şagirdlərdə aşağıdakı hallar olur:

- Ağlama və ya sözlə ayrılığa etiraz;

- Valideynlərinin qucağından düşmək istəməyən;

- Qucaqlayaraq məktəbdən çıxmalarına icazə verməmək;

- Arxanızda ağlamaq;

- Qrupa qoşulmadan məktəbdə bir küncdə sakit oturmaq;

- Daim valideynlərinin nə vaxt gələcəyini soruşmaq və qapını tərk etmək istəməmək.

Arzu Qurbanzadə