İrəvan və Bakı beynəlxalq məhkəmələrdə - "Kommersant" yazır

20 Sentyabr 2021 17:17 (UTC+04:00)

Rusiyanın “Kommersant” nəşri Azərbaycanla Ermənistan arasında 33 il əvvəl başlanmış münaqişənin nəticələrinə, tərəflərin bir-birinə qarşı beynəlxalq məhkəmələrdə qaldırdığı iddialar haqqında geniş yazı dərc edib. Həmin məqaləni xülasə ilə dərc edirik.

Ermənistanla Azərbaycan arasındakı münaqişə BMT Beynəlxalq Ədalət Məhkəməsində baxılacaq. Xəbər verildiyi kimi ötən həftənin cümə günü rəsmi Bakı İrəvana qarşı çoxsaylı irqi ayrıseçkilə müşayiət olunan cinayətlərlə bağlı iddia qaldıracağını bildirib. Və artıq əməli işə keçdiyini bəyan edib.

Bir gün əvvəl isə Azərbaycana qarşı oxşar iddia Ermənistan tərəfindən də elan edilmişdi. Eyni zamanda, iki ölkə arasındakı sərhəddə vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır. Rusiyanın regiondakı nüfuzundan istifadə edərək tərəflər arasında etimad mühiti yaratmaq cəhdi də bir nəticə verməyib. Rusiya Müdafiə Nazirliyi sülhyaratma prosesində yaxından iştirak etsə də, diplomatik sahədə Xarici İşlər Nazirliyi imkanlarından daha çox istifadə edir. Moskva tərəfləri ən qısa zamanda sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa çağırır. Ancaq bunun üçün hələ də heç bir şərt irəli sürülmür.

Bakı və İrəvan irqi ayrıseçkiliyə görə bir-birlərini beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb etmək niyyətindədirlər. Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva cümə günü "İnterfaks-Azərbaycan"a bildirib ki, Azərbaycan BMT-nin Beynəlxalq Məhkəməsində Ermənistana qarşı iddia qaldıracaq. İrəvan artıq eyni orqana iddia açdığını elan etdikdən sonra rəsmi Bakı belə bir qərarı ertəsi gün elan edib. İttiham tam eynidir – “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın normalarına riayət edilməməsi”.

Xanım Abdullayeva iddia edir ki, pozuntular Rusiya Federasiyasının vasitəçiliyi ilə keçən ilin noyabrında əldə olunmuş atəşkəsdən əvvəl və sonra da baş verib. O, məhkəməyə təqdim olunan sənədlərdə "azərbaycanlıların öz yurdlarından etnik mənsubiyyətinə görə zorla qovulması, onlara qarşı qəddar rəftar, işgəncələr, əsirlərin və girovların öldürülməsi" hallarından bəhs edildiyini açıqlayıb. XİN rəsmisinin sözlərinə görə, İrəvan əraziləri minalamaqla "azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasının" da qarşısını alıb.

Beynəlxalq hüquq üzrə erməni ekspert Levon Gevorkyan "Kommersant"a bildirib ki, bu cür məhkəmə prosesləri adətən onilliklərlə davam edir: “İrəvan həmçinin rəsmi Bakını onilliklər ərzində Ermənistanı irqi ayrıseçkiliyə məruz qoymaqda ittiham edir. Ermənistan erməni dini və mədəni irsinin məhv edilməsini dayandırmağı, məhbusların Azərbaycandan geri qaytarılmasını təmin etməyi tələb edir. Ermənistan həmçinin Azərbaycandan anti-erməni ifadələrindən, etnik zəmində və nifrət zəminində cinayət törətmiş şəxslərin qəhrəmanlaşdırılmasından çəkinməyi tələb edir".

Azərbaycanlı politoloq, Valdai Klubunun eksperti Fərhad Məmmədov "Kommersant" qəzetinə müsahibəsində bildirib ki, bunlar daha çox təbliğat xarakteri daşıyır: “Levon Gevorkyan da iddia açmağın əsasən imic problemi olduğunu gizlətmir. Bu, Qarabağ münaqişəsi ilə bağlı mövcud rəvayətləri məhv etmək üçün edilir. Onilliklər ərzində Azərbaycan bütün dünyaya Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf olduğunu sübut etməyə və beynəlxalq ictimaiyyəti ölkəmizin ədalətsiz müharibəyə cəlb olunduğuna inandırmağa çalışıb. Və haqlı olaraq beynəlxalq birlik 44 günlük müharibənin nəticələrini çox sakit şəkildə qəbul etdi. Əslində beynəlxalq birliyin irqçi və başqa xalqlara qarşı nifrət toxumu səpən bir ölkənin nə ilə məşğul olduğunu bilməsi çox vacibdir".

Qeyd edək ki, hüquqi mübarizə başqa bir beynəlxalq instansiyada - Avropa İnsan Haqları Məhkəməsində (AİHM) də aparılır. May ayında Ermənistan Dağlıq Qarabağ münaqişəsində "Türkiyənin iştirakı" ilə əlaqədar məhkəməyə müraciət edib. Bundan əlavə, İrəvan əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının müdafiəsini təmin etmək tələbi ilə AİHM-ə müraciət edib.

Bakı da məsələdə geri qalmır. Yanvar ayında AİHM-də münaqişə zamanı Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı Ermənistana qarşı iddia qaldırılıb. İyun ayında Azərbaycan tərəfi Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində mina sahələrinin xəritələrini təqdim etməkdən imtina etməsi ilə əlaqədar olaraq eyni orqana müraciət edib. Görünür, şikayətlərin və məhkəmələrin sayı daha da artacaq.
“Azərbaycan müxtəlif beynəlxalq məhkəmələrdə iqtisadi məsələlərlə də bağlı iddialar hazırlayır. Söhbət Ermənistanın işğalı zamanı qeyri-qanuni iqtisadi fəaliyyətindən, ətraf mühitə vurduğu ziyandan gedir”, - deyə Fərhad Məmmədov “Kommersant”-a bildirib.

Təmas xəttindəki vəziyyət də sakitlikdən uzaqdır. Erməni tərəfi nəqliyyat izolyasiyasına düşmüş bəzi yaşayış məntəqələrində humanitar böhran təhlükəsindən çox narahatdır. Ermənistan Ombudsmanı Arman Tatoyan əvvəllər Azərbaycan hərbçiləri tərəfindən Gorus-Qafan yolunun bir hissəsinin blokadaya alınması səbəbindən Zəngəzur (ermənilər Sunik deyir) bölgəsinin bir sıra kəndlərinin digər yaşayış məntəqələri ilə əlaqələrinin tamamilə kəsildiyini bildirmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan bunun üçtərəfli sazişlərə zidd olduğunu bildirib. Xüsusilə bir həftə əvvəl Azərbaycan hərbçilərinə polislər əlavə edildikdən sonra vəziyyət daha da ağırlaşıb, indi onlar İrana məxsus yük maşınlarını Gorusa doğru gedən yolda saxlayırlar, sürücülər nəqliyyat vergisi və Azərbaycan büdcəsinə rüsum ödəmək məcburiyyətindədirlər.

“Sərhədin bütün perimetrinə nəzarət edirik", deyən Fərhad Məmmədov bildirib ki, ermənilər öz ərazilərinin bəzi hissələrinə daxil olduğumuzu bəyan edirlər, amma biz belə düşünmürük.

Gündəlikdə duran əsas məsələ sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Rusiya Federasiyası da bu prosesin başlanmasına fəal şəkildə çağırış edir. “Ermənistanla Azərbaycan arasındakı sərhədin müəyyən hissələrində vəziyyəti yaxından izləyirik. Vorotan kəndi yaxınlığında vəziyyətin gərginləşməsi (ondan bir qədər aralıda, Azərbaycan təhlükəsizlik qüvvələri İranlı sürücüləri dayandırır, - “Kommersant”), sərhədin delimitasiya prosesinin erkən başlamasına ehtiyac olduğunu bir daha təsdiq edir”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskvanın bu mövzuda təklifləri hər iki tərəfə ötürülüb. Ancaq bu prosesin yaxın gələcəkdə başlaması üçün heç bir şərait yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl CNN Türk telekanalına verdiyi müsahibədə bildirib ki, Bakı İrəvana hər dövlətin ərazi bütövlüyünün tanınması və sərhədlərin yekunlaşdırılması ilə bağlı sülh müqaviləsi imzalamağı təklif edib.

"Ermənistan sazişi imzalamaqdan imtina edir", - deyə F.Məmmədov "Kommersant"la söhbətində bildirib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 1-də “RİA Novosti”-yə müsahibəsində Bakı və İrəvanın bu mövzuda danışıqlar aparmadığını təsdiqləyib. Eyni zamanda, diplomat topun Bakının tərəfində olduğunu açıq şəkildə bildirib: “Prosesin başlaması üçün əlverişli şərait yalnız Azərbaycan "qoşunlarını Ermənistanın suveren ərazisindən çıxardıqdan" sonra ortaya çıxacaq”.

V.VƏLİYEV