“Əsrin müqaviləsi” – uğur strategiyası TƏHLİL

20 Sentyabr 2021 17:14 (UTC+04:00)

“Əsrin müqaviləsi”, bu müqavilənin reallaşdırılması, həyata keçirilməsi və Azərbaycanın neft sərvətlərinin Bakı‐Tiflis‐Ceyhan əsas ixrac boru kəməri vasitəsilə dünya bazarlarına çıxarılması ölkəmizin neft diplomatiyası tarixinin ən mühüm hadisəsidir, deməkdə hər kəs haqlıdır. Bu müqavilə, bütövlükdə dünyanın neft diplomatiyası tarixində də böyük dönüş, eləcə də ən böyük, ən möhtəşəm bir qələbədir. "Əsrin müqaviləsi" sazişi, ölkəmizin iqtisadi cəhətdən müstəqillik əldə etməsi yolunda irəliyə doğru atılan ən müdhiş bir addımdır.

Qarşısında nə qədər böyük çətinliklərin, ağır maneələrin və təhlükələrin olduğunu bildiyi halda, müstəqil neft strategiyasının formalaşdırılması kimi çox ağır bir vəzifəni öhdəsinə götürən Ümummilli Lider Heydər Əliyev ölkəmizin neft diplomatiyasının ilk və uğurlu addımlarını atmağa müvəffəq oldu. Ulu Öndər Azərbaycanın neft strategiyasını formalaşdırarkən ölkəmiz üçün bir‐birindən önəmli, bir-birindən vacib olan əsas iki tarixi vəzifəni həll etməyi qarşıya məqsəd qoydu və bunun öhdəsindən layiqincə gəldi. Əvvəla, “Əsrin müqaviləsi” imzalanmaqla, böyük dövlətlərin diqqəti Azərbaycanın əsas sərvətinə cəlb olundu və bununla da, o zamanlar düşdüyü ağır iqtisadi böhrandan, maliyyə fəlakətindən ölkəmiz xilas oldu. Digər tərəfdən isə, “Əsrin müqaviləsi” böyük dövlətlərin xarici siyasətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin xeyrinə böyük bir dönüş yaratdı. Bu dönüşlə yanaşı, Azərbaycanın beynəlxalq təhlükəsizliyi təmin edildi, 44 günşük müharibədə qələbəmizə, torpaqlarımızın işğaldan azad edilməsinə əsaslı zəmin yaradıldı və bu gün biz bunun əyani şahidiyik.

“Əsrin müqaviləsi” imzalanmaqla, neft strategiyası reallaşdırılmaqla regionun siyasi mənzərəsi tamamilə dəyişdi və ölkəmiz regionun aparıcı dövlətinə çevrildi. Bu müqavilənin imzalanması, ələlxüsus Bakı‐Ceyhan bütün türk dünyasını birləşdirdi. Doğrudur, dini, dili və adət-ənənələri bir olan ölkələrimiz arasında tarixi bağlılıq, qardaşlığımızın tarixi kökləri əvvəldən də var idi, lakin Türkiyə ilə Azərbaycan arasında bağlılıq, yaxınlıq, qardaşlıq bu müqavilənin imzalanmasından sonra daha da artdı, hətta ən yüksək səviyyəyə çatdı. Bütün bunlar regionda Azərbaycanın imkanlarını, potensialını daha da artırdı. Beləliklə də Azərbaycan nəinki bölgədə, bütün dünyada söz sahibi oldu və elə ən böyük həqiqət də bundan ibarət idi ki, ölkəmiz regionda möhkəmlənmək uğrunda bir‐biri ilə ölüm‐dirim rəqabəti aparan nəhəng güc mərkəzləri ilə üz‐üzə idi. Belə bir şəraitdə Bakı neftinin qərb bazarlarına çıxarılmasına əngəl törədən qüvvələr “Əsrin müqaviləsi”nin baş tutmaması üçün min cür siyasi fitnəkarlıqlar edirdilər. Onlar təxribatlara əl atır, sui‐qəsdlərə qədər hər cür çirkin əməllərə rəvac verir, bir sözlə, əllərindən gələni belə əsirgəmirdilər. Belə bir şəraitdə Azərbaycanın bütün bunlara qarşı çıxaraq qələbə qazanacağı bəziləri üçün inandırıcı görünmürdü. Amma həqiqətən də Azərbaycan qələbə qazandı və “Əsrin müqaviləsi” imzalandı da, həyata keçirildi, gerçəkləşdirildi də. Amma unutmaq lazım deyil ki, sözün əsl mənasında bu qələbə məhz dahi lider, Ulu Öndər Heydər Əliyevin müdrikliyinin, cəsarətli və məqsədyönlü siyasətinin, irəli sürdüyü uğurlu, düşünülmüş siyasətin qələbəsi idi.

Nəzərə çatdırmaq yerinə düşərdi ki, dünyanın böyük dövlətlərinin diqqəti Azərbaycana məhz bu müqavilənin reallaşması nəticəsində yönəldi. Xalqımız məhz bu siyasət sayəsində, bu müqavilənin imzalanmasından sonra ağır iqtisadi tənəzzülə son qoydu, firavan həyat yoluna qədəm qoydu. Bununla da müstəqilliyimizi qoruyub saxlaya bildik və əldən vermədik. Hətta ölkəmiz bundan sonra regionun lider dövlətinə, yaşadığımız dövrün ən sürətlə inkişaf edən ölkəsinə çevrildi və dünya siyasətində söz sahibi olaraq qəbul edildi. Neft strategiyamız nəinki Azərbaycanın, hətta regionun belə önəmini daha da artırdı və Azərbaycan Avropa ilə Asiyanı, o cümlədən bütün türk dünyasını əlaqələndirən strateji məkana çevrilə bildi.

Bilirik ki, neft hal-hazırda bütün ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer tutur, eləcə də hər bir ölkənin sosial‐iqtisadi inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycan üçün isə neftin əhəmiyyəti bununla bitmir. Neft Azərbaycan iqtisadiyyatının dirçəlməsi, sosial rifahın daha da yaxşılaşdırılması, siyasi müstəqilliyin təmin olunmas, beynəlxalq mövqelərimizin möhkəmlənməsi baxımından daha əhəmiyyətlidir.

“Əsrin müqaviləsi” siyasi müstəqilliyin möhkəmlənməsi ilə yanaşı, qabaqcıl dünya təsrübəsinə söykənən liberal iqtisadiyyatın qurulması, müasir sənaye və enerji‐kommunikasiya infrastrukturunun yaradılması kimi çoxşaxəli spektri birləşdirən neft strategiyasının əsası, təməli sayılır. Bu müqavilənin gerçəkləşməsi Azərbaycanın geoiqtisadi və geosiyasi mövqelərinin möhkəmlənməsi üçün böyük rol oynadı. Məhz “Əsrin müqaviləsi”nin ardınca Xəzər dənizindəki zəngin karbohidrogen ehtiyatlarının istismarı sahəsində Azərbaycan ilə xarici şirkətlər ara‐ sında qarşılıqlı faydalı və sistemli əməkdaşlıq yarandı. Bu uğurlu tərəfdaşlıq isə yeni konseptual ideyaların, o cümlədən böyük potensiala malik “Şahdəniz‐2”, TANAP və TAP kimi uğurlu layihələrinin yaranması ilə nəticələndi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədə “Petkim Petro‐ kimya Holdinq” kimi nəhəng neft‐kimya kompleksinin nəzarət səhm paketini əldə etməsi, STAR Neft Emalı Zavodunun tikintisinə, Gürcüstanda Kulevi terminalına, Ukraynanın yanacaq‐enerji sektoruna, Yunanıstanın qaz‐ paylayıcı şəbəkəsinə, İsveçrənin, eləcə də bir sıra Şərqi Avropa ölkələrinin, Moldova və Qırğızıstanın iqtisadiyyatına investisiya qoyuluşunu həyata keçirməsi artıq ölkəmizin yüksələn maliyyə‐iqtisadi potensialının əyani sübutu, görülən işlərin, uğurlu strategiyanın məntiqi nəticəsi idi.

Beləliklə, milli neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi” neft‐qaz sənayesinin dirçəlməsi və inkişafına ciddi təkan verməklə yanaşı, həm də Azərbaycanın sosial‐iqtisadi yüksəlişinə səbəb oldu. Bir sözlə, “Əsrin müqaviləsi” siyasi müstəqilliyimizin möhkəmlənməsinə əlverişli zəmin yaratdı. Bu müqavilə ölkəmizin dünya birliyinə tamhüquqlu üzv kimi inteqrasiya olunmasına, eləcə də regional əməkdaşlıq və təhlükəsizliyə geniş perspektivlər açdı.