Şəmkir rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri və qaziləri ziyarət olunub TƏDBİR

20 Sentyabr 2021 17:10 (UTC+04:00)

Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatı tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinin ziyarət olunması davam edir. Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və rayon təşkilatının fəalları Şəmkir rayonunun Kür qəsəbəsi, Xuluf, Yeniabad kəndlərindən olan Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmiş və ailələri ilə görüşmüşlər. Tədbirdə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək qeyd etmişdir ki, Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir.

F.Vəliyev bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli dövlət bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ilk dəfə olaraq 2021-ci il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcəkdir. Bu münasibətlə Rayon İcra Hakimiyyəti tərəfindən Tədbirlər Planı hazırlanmış və silsilə tədbirlər həyata keçirilməkdədir.

Şəhid ailələri ilə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şəmkir rayonunda da davam etdirildiyi diqqətə çatdırılıb.Vurğulanıb ki, rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən şəhidlərin doğum və anım günlərinin təşkili ənənə şəklini alıb. Şəhid ailələri ilə daim əlaqə saxlanılır, onların problem və qayğılarının müsbət həlli üçün bütün lazimi tədbirlər görülür. Sonda Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev torpaqlarımızın işğaldan azad edilməsi və Vətənimizin bütövlüyü uğrunda şəhid olanların hər zaman qəlblərdə yaşayacağını, şəhid ailələrinə göstərilən hörmət və ehtiramın bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhid ailələri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

İLHAM