"Hər bir kəs Prezidentin tapşırıqlarını yerinə yetirsə..." - DEPUTAT AÇIQLADI

20 Sentyabr 2021 17:02 (UTC+04:00)

“Cənab Prezidentin kadr təyinatı böyük maraq doğurur. Burada təyin edilən şəxslərin həm həyat təcrübəsi, həm profesionallığı, bacarığı, qabiliyyəti, eyni zamanda, strateji məsələləri nə cür mənimsədiyi, Prezidentin milli maraqlara cavab verən siyasi kursunun həyata keçirilməsinə bu və ya digər şəkildə dəstək olması, əzmkarlıq nümayiş etdirməsi də nəzərə alınır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Prezidentin kadr təyinatında verdiyi tapşırıqlar sonradan geniş ictimaiyyətə açıqlanır: “Bütövlükdə, bu tapşırıqlar hansısa konkret şəxsə deyil, bütün ictimaiyyətə açıqlanır. Prezident bu sahədə əvvəllər səhvə yol vermiş şəxslərin nöqsanlarını açıqlayaraq bu hallara yol verməməyin yolunu göstərir”.

Deputat sözlərinə belə davam edib: “Eyni zamanda hər bir şəxsin fəaliyyətinin son məqsədi dövlətimizin möhkəm olması, inkişaf etməsi, sıravi vətəndaşlarımızın problemlərinin həll edilməsidir. Hər bir kəs cənab Prezidentin tapşırıqlarını yerinə yetirsə, problemlərimiz daha tez həll olar. Bu baxımdan onun kadr təyinatında apardığı siyasət günün tələblərinə cavab verir. Prezidentin cəmiyyətin bütün problemlərindən xəbərdar olduğu, onların həllinə dair konkret və səmərəli proqrama mail olduğunu hər birimiz görürük. Hesab edirik ki, təyin edilən hər bir şəxs Prezidentin etimadını doğrulmalı, maksimum çalışmalıdır”.

Ayşən Vəli