Türkiyə-Rusiya prezidentlərinin görüşündə NƏLƏR MÜZAKİRƏ OLUNACAQ? - POLİTOLOQ DANIŞDI

20 Sentyabr 2021 16:23 (UTC+04:00)

"Əslində, Türkiyə-Rusiya prezidentlərinin görüşü çoxprofilli görüşdür. Burada Türkiyə və Rusiya arasındakı ikitərəfli əlaqələrin müzakirəsi, həm regional məsələlərin, həm də qlobal məsələlərin müzakirəsi gözləniləndir". Bu sözləri SİA-ya açıqlamasında Samir Hümbətov deyib.

Onun sözlərinə görə, burada ikitərəfli əlaqə dedikdə, Rusiya-Türkiyə arasında ticərət-iqtisadi, mədəni əlaqələrlə bağlı məsələlərin müzakirəsi gözləniləndir. Xüsusən də, S-400 raketləri ilə bağlı məsələlər, "AKKUYU" Atom Elektrik stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi iktərəfli əlaqələrdə olduqca önəmlidir. Yəni, Rusiya üçün önəmli olan məsələ məlum olduğu kimi Ermənistandan da əvvəl özünün iqtisadi mənafeyi və maraqlarıdır.

Samir Hümbətov bu haqda fikirlərini belə izah edib: "Bundan da əlavə Rusiya ilə Türkiyə arasında qaz məsələsi var. 1997-ci ildə Türkiyənin baş naziri Məsud Yılmaz idi. Onun dövründə iki ölkə arasında müqavilə imzalandı. Müqaviləyə əsasən Türkiyə qazın əsas hissəsini Rusiyadan alırdı. Keçən il bu müqavilənin tarixi artıq bitdi. İndi yeni dövr başlanıb və Rusiya yenə də istəyir ki, öz qazını Türkiyəyə satsın. Məlumdur ki, Rusiyaya tətbiq olunan, xüsusilə də, iqtisadi sahədəki sanksiyalar Rusiyanın qaz, neft sektoruna ciddi təsir göstərib. Təbii ki, deyə bilərik ki, bu gün " Şimal 2 axını" layihəsi artıq yekunlaşıb və onun tamamlanması prosesi gedir. Buna baxmayaraq ABŞ Rusiyaya qarşı sanksiyalarını davam etdirir. Görünür ki, bundan sonra da bu sanksiyaları ABŞ gücləndirəcək. Ona görə də, Rusiya çalışır ki, bu məsələdə Türkiyə ilə müttəfiqliyini qoruyub saxlasın və özünün iqtisadi maraqlarını Türkiyə üzərindən təmin etsin. Regional məsələlərə gəldikdə isə burada bir neçə məsələlər var. Burada həm Liviya, həm Suriya, həm də Əfqanıstan, Mərkəzi Asiya və Azərbaycan məsələsi var. Xüsusən bunlardır, eyni zamanda Ukrayna məsələsini bura əlavə edə bilərik. Azərbaycan məsələsi aydındır, artıq Türkiyənin Azərbaycanda özünün hərbi bazasını yaratması və yaxud da hərbi bazaya oxşar formada ikitərəfli ordu sistemini yaratması məsələsi var. Artıq Rusiya yaxşı başa düşür ki, Azərbaycan ilə bağlı məsələdə daha gecdir. Yəni Azərbaycanın Türkiyə ilə bağlı müttəfiqliyi o səviyəyə gəlib-çatıb ki, bunun daha geri dönüşü yoxdur.

Qaldı ki, burada digər məsələ Ukrayna məsələsidir. Çünki Türkiyə hər platformada açıq şəkildə bəyan edir ki, Kırımın ilhaqını tanımırıq. Hətta, bunu axırıncı dəfə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğıu öz dili ilə səsləndirib. Burada digər önəmli məsələ Əfqanıstan məsələsidir. Amerika həmin bölgən çıxdı. Buna görə də indi Kabulda təhlükəsizlik məsələsinin təmini Türkiyənin üzərinə düşür. Düşünürəm ki, yaxın zamanlarda Türkiyə təkcə, Kabul hava limanının təhlükəsizlik məsələsi ilə deyil, digər məsələlər ilə bağlı Əfqanıstanla birgə hərəkət edəcək.

Burada digər önəmli məsələ Suriya məsələsidir. Məlum olduğu kimi bu yaxınlarda Suriya prezidenti Bəşər Əsəd Moskvada səfərdə olub. Həmin görüş çərçivəsində Rusiya prezidenti Suriyadakı əsas məsələnin kənar qoşunların çəkilməsi məsələsidir deyə çıxış edib. Bu da təbii ki, Türkiyəyə işarədir. Hesab edirəm ki, Soçi görüşündə müzakirə ediləcək məsələlərdən biri də bu olacaq. Amma inanmıram ki, Türkiyə oradan tezliklə çıxsın. Çünki Türkiyənin özünün maraqları var. Həmçinin Türkiyədə üç milyon suriyalı qaçqın var. Türkiyənin özünün burada şərtləri var. Yəni ki, tampon, boş bölgə yaradılsın, üç milyon qaçqın oraya yerləşdirilsin. Beləliklə, stabillik yaradılsın. Hələ ki, mənafeyinə uyğun olmadığı üçün Rusiya buna imkan vermir. Eyni zamanda Mərkəzi Asiya məsələsi burada müzakirə mövzusu olacaq. Mərkəzi Asiyada son zamanlar Türkiyəyə meyl artıb. Bu da Rusiyanı narahat edən məsələlərdən biridir. Dediyim bütün bu məsələlər burada müzakirə olunacaq. Qlobal məsələ olaraq pandemiya məsələsinin müzakirəsi gözləniləndir. Türkiyə öz vaksini olan "Türkovakı" artıq yaradıb. Amma onun kütləvi istifadəsinə qədər Türkiyə Rusiyanın "Sputnik V" vaksinini almaqda maraqlıdır. Bunu türkiyəli rəsmilər də, rusiyalı rəsmilər də bildirir".