İƏT-in Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti erməni vandallığının şahidinə çevrilib TƏHLİL

20 Sentyabr 2021 15:27 (UTC+04:00)

Arxiv sənədləri müasir dünya insanına hər məqamdan xəbər verir. Dünya ermənilərinin azərbaycanlılara qarşı törətdikləri təcavüzkarlıq nəticəsində qətlə yetirilən insanların sayı-hesabı yoxdur. Erməni daşnakları xüsusi qəddarlıqla kütləvi qırğınlar törədiblər. 30 ilə yaxın erməni işğalçıları tərəfindən işğal olunan torpaqlarımız bu gün 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edidi. Bu torpaqlarda artıq Böyük Qayıdış başlanılıb. Dünyanın müxtəlif ölkələrindən bura səfər edən insanlar da bu yerlərə gələrək, erməni təcavüzkarların törətdikləri əməllərlə yaxından tanış olular. Dinindən, irqindən asılı olmayaraq insanlar buradakı vəhşiliklərin canlı şahidinə çevrilir və dünya mətbuatında da müxtəlif səpkidə yazılar qələmə alınır. Bu günlərdə bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul etmişdir. İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilib. İƏT hər zaman Azərbaycanın yanında olub. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı əsgərlərin həlak olmasını və yaralanmasını kəskin şəkildə pisləyən bəyanat yaymışdı. 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəf alması, Gəncəni raket atəşinə tutması və s. İslam Əməkdaşlıq Təşkilatının diqqətində olmuş və kəskin münasibətinin ifadə etmişdir.

Əlcəzairin "Əl Hərir" portalı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin dəvəti ilə ölkəmizə gələn İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə faktaraşdırıcı səfərləri barədə xəbərini yayıb. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi və assosiasiyanın Baş katibinin müşaviri Muhammad Javed Ghaninin də daxil olduğu nümayəndə heyəti Şuşa şəhərində Ermənistanın Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələri dağıtması və məhv etməsi barədə faktlarla yerində tanış olub. Nümayəndə heyətinin faktaraşdırıcı missiyasının əsas məqsədi Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqini aparmaqdır.

Bura səfər edən hər kəs işğaldan azad olunmuş qədim tarixi torpaqlarımızda Ermənistanın hərbi birləşmələri tərəfindən yaşayış yerlərinin, insan məskənlərinin, eləcə də milli mədəniyyət abidələrimizin qəddarcasına dağıdıldığının göz yaddaşlarına köçürürlər. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri dağıdılıb. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmənin təcavüzünə məruz qalıb.

İSLAMA AİD TARİXİ VƏ MƏDƏNİ İRSİ TAMAMİLƏ MƏHV ETMƏK BARBARLIQ, VANDALLIQDIR

Azərbaycana dost, qardaş olan ölkələr, nümayəndəliklər, müxtəlif təşkilatlar bu məkanlara səfər edərkən ermənilərin bu ərazilərdəki vandallığı təəccüb yaradır. İnsana, insanlığa yaraşmayan əməllərlə tanış olurlar. İƏT hər zaman Azərbaycanın yanında olmuş, ona dəstək göstərmişdir. Bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi işğal altında olan rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirmiş və bu haqda İƏT bəyanat yaymışdır. İşğal olunmuş ərazilərdə əsrlərboyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən "Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası"nın və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır. Bəyanatda qeyd olunurdu ki, xarici işlər nazirləri Şurasının 46-cı iclasında İƏT "İslamın müqəddəs yerlərinin qorunması haqqında" 3/46-S saylı Qərar qəbul edib. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsin tamamilə məhv etmək məqsədi, barbar hərəkətləri pislənilib. Ermənilərin bu əməli "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyası və "Silahlı münaqişələr zamanı mədəniyyət abidələrinin qorunması haqqında" Avropa Konvensiyasına tam ziddir. Onların etdikləri "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyası, UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il Konvensiyası ilə də ziddiyyət təşkil edir. Əlbəttə ki, ermənilərin bu hərəkəti təkcə Azərbaycana qarşı yönəlməyib. Bu, bəşər mədəniyyətinə qarşı vəhşilik və təxribatdır. Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanların, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki türbələrin, məscidlərin və başqa abidələrimizin dağıdılması erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətdir.

Zümrüd BAYRAMOVA