Şuşamızın sorağı musiqi çələngləri ilə dünyaya yayılır TƏHLİL

20 Sentyabr 2021 15:24 (UTC+04:00)

Şuşa 28 illik zamandan sonra yenidən musiqi beşiyi olduğunu bəyan etdi. Tarixən böyük musiqiçilər nəsli yetişdirən bu məkanda keçirilən "Xarıbülbül" festivalı bütün dünyaya səs saldı. Buranın hər ağacı, hər qayası, axar suyu bu musiqinin avazı ilə nəfəs almış, bu musiqi qayaların, divarların, lal daşların da yaddaşına homuşdur. Əsrlərin yaddaşı var bu diyarda. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə müzəffər ordumuz 44 Günlük Vətən müharibəsində həsrətində olduğumuz torpaqlarımızı geri qaytardı. Bu gün Şuşa yeni bir ab-havadadır. Abadlıq-quruculuq işlərinin, yeni infrastrukturun yaradılması, tarixi-mədəni dini abidələrin bərpa və inşası və s. Şuşada böyük bir həyatın canlanmasından xəbər verir. Şuşada üçrəngli Azərbaycan bayrağının dalğalandırılması, Novruz bayramında Şuşada yandırılan tonqal bu torpaqda Böyük qayıdışın işığı idi. İndi toy-büsata bürünüb Şuşamız. Öz köklü-şəcərəli insanlarına qucaq açıb. Buranın hər qarışında qan izi olduğundan Şuşa bizim üçün bir and yerinə, müqəddəs məkana çevrilib. Şuşamız bayram libasını geyinib. Gözəl ifa, klassik musiqi bütün aləmə dolaşıb. Şuşa sentyabrın 18-də yenidən toy-büsata büründü. Xalqın milli və klassik musiqisi dağları-dərələri aşdı. Hər kəsin könlü xoş oldu. Ruhu bu məkanlarda dolaşan insanlar azad, rahat nəfəs aldılar. Şuşada ilk dəfə Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirildi. Bu konsert avqustun 29-da Azərbaycan Prezidentinin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında baş tutdu. Mədəniyyət Nazirliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən nümayəndə heyətinin üzvləri xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət etdilər. Şuşalılar Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün heykəlləri önünə gül dəstələri qoyaraq ziyarət etdilər. Bundan qürürverici nə ola bilər? Həsrətlə gözlədiyimiz Şuşamızın, "Qafqazın Konservatoriyası"nın torpağındayıq. Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada. Bu yerləri gəzmək xoş olmaqla yanaşı, bir təəssüf hissi də oyadır insanda. Bir zamanlar mədəniyyət abidələri ilə seçilən Şuşamız erməni işğalçıları tərəfindən dağıdılıb, tar-mar olunubdu. Erməni işğalçılarının izi var hər qarışında. Tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Uzun illər idi ki, heykəlləri güllənmiş Xan qızı, Üzeyir bəy, böyük nəğməkar Bülbül öz doma yurdlarına qayıdacaqları günü gözləyirdilər. Belə ki, donmuş üzlər hərəkətə gələcək, uzaq kimi görünən yollar bir addımlıqda olacaqdı. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Cansız heykəllərə güllə ataraq qiymətli heykəlləri, milli memarlıq abidələrini, muzey əşyalarını gülləbəran etmişdilər. Prezident İlham Əliyev hələ Vətən müharibəsindən öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün büstləri Şuşaya qaytarılacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərində bu qədim Azərbaycan şəhərinə gələn qonaqları salamlayır. Bu gün Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün Şuşadakı büstləri öz məkanlarında rahat nəfəs alır. Azad Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli də ucaldılıb. Xatırladaq ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb.

Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir, bu dəfə Şuşada, onun heykəlinin ucaldığı parkda təşkil edildi

Ulu Öndər Heydər Əliyevin Fərmanına əsasən, 1995-ci ildən hər il ölkəmizin müxtəlif bölgələrində keçirilən Milli Musiqi Günü bu il Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəmir iradəsi və Müzəffər Ordumuzun rəşadəti sayəsində Şuşada təşkil edilib. Bu festivala yalnız Üzeyir bəyin vaxtilə yaratdığı ansambl deyil, həmçinin ölkənin aparıcı sənətkarları, xalq və əməkdar artistləri, tanınmış ifaçıları qatılıb, onun adını daşıyan parkda milli musiqimizin xəzinəsi sayılan əsərləri ifa ediblər. Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestrinin ifasında Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və digər bəstəkarların əsərləri səsləndirilib. Sentyabrın 24-dək davam edəcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı zəngin proqramında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alıb. Bundan əlavə, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunması nəzərə alınaraq, builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçirildi. 28 ildən sonra Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri yenidən səsləndirildi. Vaxtilə "Leyli və Məcnun" operasına şahidlik edən Şuşa yenidən tarixi günlərinə qovuşur. Bütüt dünya bu səsi eşidir və gözəl Şuşamızın sorağı musiqi çələngləri ilə dünyaya yayılır, el-el, oba-oba dolaşır. Şuşa öz övladlarını yenidən ağuşuna alır.

Zümrüd BAYRAMOVA