Buynuzu gicişən keçi və ya gözgötürməzliyin son həddi! TƏHLİL

20 Sentyabr 2021 12:34 (UTC+04:00)

Əslində, bu mövzuda yazmaqdan həmişə ehtiyatlanmışam. Ən azından ona görə ki, eyni dinə mənsubuq və müştərək tariximiz var. Bir də ona görə ki, bu gün İran adlanan məmləkətdə otuz beş milyondan çox soydaşımız yaşayır və bizim ehtiyatsızlıq edib dediklərimizin, yazdıqlarımızın heyfi onlardan alınır. Amma son günlər baş verənlər bir qələm adamı, bir ictimai fəal kimi artıq səbr kasamı doldurdu. Nəhayət, yazmaya bilmədim və zorən də olsa qələmi əlimə aldım, daha doğrusu, bilgisayarın qarşısına keçdim.
Min illər boyu qədim türk boylarının yaşadığı, yadellilərdən qoruyub saxladığı, sonuncu minillikdə Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Əfşarlar, Qacarlar kimi türk soylu dövlətlər sayəsində qüdrətli türk imperiyası kimi formalaşan məmləkəti, məhz son yüz ildə türk düşməni olan xarici qüvvələrin yardımı ilə ələ keçirən və fars hökmranlığını bərqərar edən bir rejimdən bundan özgə hansı mövqe gözləmək olardı? Rus-Sovet işğalından qurtulub müstəqilliyini bərpa edən gənc Azərbaycan respublikasına dünyanın əksər dövlətləri dəstək verdiyi halda, müstəqilliyinin ilk aylarından Azərbaycanın dövlət olaraq möhkəmlənməməsi, parçalanması, bölünməsi üçün əlindən gələni etdi İran -fars rejimi. Təkcə alınmaz qala, Azərbaycan mədəniyyətinin beşiyi Şuşanın işğalında İranın o zamankı hakimiyyətinin oynadığı məlum rolu xatırlatmaq kifayətdir ki, bu rejimin Azərbaycan dövlətinə ilk aylardan sərgilədiyi mövqeni anlayaq.
Bu günlər tarixi hadisə kimi ildönümünü qeyd etdiyimiz “Əsrin Müqaviləsi” imzalandığı zaman da, bəlkə də çoxlarının bilmədiyi bir faktı da, nəhayət xalqın diqqətinə çatdırmağa ehtiyac var. Müqavilə imzalanar-imzalanmaz Azərbaycanın bu tarixi addımı atmasından, bununla faktiki müstəqilliyini təsdiq etməsindən əndişələnən iki dövlətdən biri olan İran hakimiyyəti ölkəmizə irimiqyaslı hücuma keçdi. Həm də təkcə içimizdəki xurafat qurbanları vasitəsilə deyil, həm də sərhədlərimizə ordu yeritməklə Azərbaycanı təhdid etdi və bu müqavilənin həyata keçməsinə hər vasitə ilə mane olmağa çalışdı. O zaman molla rejimi hər şeyi hesablamışdı, tək bir şeydən başqa. Unutmuşdular ki, Azərbaycan adlanan, dünya okeanına yenicə yol alan “gəmi”nin sükanı arxasında bütün dünyada, o cümlədən İranda və ümumən şərqdə gedən siyasi prosesləri, el deyimi ilə desək, “ovcunun içi kimi bilən”, bu proseslərdən ustalıqla baş çıxaran Ulu Öndər Heydər Əliyev kimi qüdrətli kapitan var idi. İran başbilənləri gərək indi də unutmayaydılar ki, Azərbaycan adlanan həmin “gəmi”nin sükanı arxasında duran bugünkü “kapitan” da o böyük qüdrətdən ilham alaraq yola çıxan və bu yolu sədaqətlə, uğurlu yaradıcılıqla və qətiyyətlə davam etdirən, siyasi, diplomatik məharəti ilə dünyanın ən nəhəng siyasətçilərini mat qoyan dövlət xadimidir.
İran rejiminin Azərbaycana yönəldilmiş riyakar və yalançı dostluğa söykənən siyasətinə (Əgər buna siyasət demək olarsa-T.N.) rəğmən həm Ulu Öndər Heydər Əliyevin, həm də ölkə başçısı İlham Əliyevin dövlətin siyasi xəttini müəyyənləşdirdiyi ötən dövr ərzində Azərbaycanın İran İslam Respublikası ilə bağlı xarici siyasəti birmənalı olaraq mehriban qonşuluq və dostluq strategiyasına əsaslanıb. Azərbaycan dövlət səviyyəsində dəfələrlə bu strategiyaya sadiqliyini nümayiş etdirmiş, bu gün də nümayiş etdirməkdədir. Otuz beş milyondan çox müsəlman Azərbaycan türkünü əsarəti altında saxlayan, onların ən başlıca haqqı olan ana dilində danışmaq, oxuyub-yazmaq haqqını tanımayan bir rejimə Azərbaycan hakimiyyəti tərəfindən dövlət səviyyəsində heç bir etiraz bildirilmədiyi halda, Azərbaycan ərazisində yaşayan 20-30 min xristian ermənisinin “haqları”nı rəsmi dövlət dairələri tərəfindən müdafiəyə qalxan bir ölkə hansı sifətlə özünü “İslamın dayağı” adlandırır?
Mən qətiyyən o fikirdə deyiləm ki, Azərbaycan dövləti İrana qarşı olan həm siyasi, həm iqtisadi, həm də hərbi sanksiyalara qoşulmalı idi. Ən azı ona görə bu sanksiyalara qoşulmalı deyildik və qoşulmadıq ki, orda yaşayan əhalinin yarısı Azərbaycan türkləridir və bu sanksiyalar onların da həyatlarına ciddi zərbə vura bilərdi və vurdu da! Amma İran da gərəkdir ki, bizim bu dostluq nümayişimizi müsbət dəyərləndirsin və o da adekvat addımlar atsın. Ancaq bizlər bunun əksini müşahidə etməkdəyik. Otuz ildi Azərbaycan torpaqlarını işğal edən, buna cavab olaraq iqtisadi blokadaya alınan Ermənistanı bəslədi İran rejimi. Bəsləmək bir yana, Azərbaycanın işğal altında olan rayonlarındakı tikililəri, infrastruktur xətlərini söküb daşıdı, meşələrimizi qırıb-çatdı. Ermənilərlə farsların etnik qohumluqları olduğunu bildiyimizdən, qardaşlarına kömək kimi dəyərləndirsək də, yenə dostluq mövqeyimizdən geri çəkilmədik. 44 günlük Vətən Müharibəsində bütün imkanlarını erməni “qardaşları”na kömək üçün səfərbər etdi, buna da dözdük.
Atalarımızın, babalarımızın nökəri olmuş fars tör-töküntülərinin açıq-aşkar xəyanətə və düşmənçiliyə əsaslanan addımlarına Azərbaycan xalqı və Azərbaycan hakimiyyəti nə zamana kimi dözməlidir? İndi Azərbaycanın öz ərazisindən keçən magistral yolda (Gorus-Qafan yolunun Azərbaycana aid ərazisi nəzərdə tutulur-T.N.) qanunla və beynəlxalq hüquqla nəzərdə tutulan nəzarətini bərpa etməsindən niyə belə əndişələnir bu “mehriban düşmən”imiz? Bəlkə bu yol vasitəsilə daşıdıqları yonlarla narkotik vasitələrin qarşısının alınmasından narahatdır İran rəsmiləri? Xarici siyasəti həyata keçirən Xarici İşlər Vəziri bir bəyanat verir, Ərdəbildəki axund, türk əsilli xurafat manqurtu ayətullah Seyid Həsən Amili isə bir az da irəli gedib bizə hədə-qorxu smarıcı göndərir! Yoxsa türk dünyasının birləşməsindən, Azərbaycanın da bu birliyin mərkəzində yer almasından əndişələnir bu rejim! Hesab edirik ki, əndişələnmələri tamamilə əsassızdır. Ona görə ki, tarix heç bir zaman heç bir ədalətsizliyi qoruyub-saxlamır. Gec, ya tez ədalət bərqərar olur. Fars rejiminin də, tarixən türklərin qurduğu imperiyaların ərazisində xarici dəstəkçilərin köməyi ilə öz rejimini qurması son yüz ilin ən böyük ədalətsizliklərindəndir. Nəzərə alınmalıdır ki, İranda farsların sayı iyirmi milyondan bir az çoxdu, o taylı-bu taylı Azərbaycan türklərinin sayı (Hələ turan birliyinə üzv olan cəmi türklərin sayını demirik-T.N.) bütün dünyadakı farsların sayından azı üç dəfə artıqdır. İçimizdə nə qədər manqurtlaşma siyasəti aparsalar da, sonda bu millət haqqını geri almaq üçün ayağa qalxmalıdır və qalxacaq. Hər kəs əmin olsun, tarixdə dönə-dönə sınaqlardan utancverici qorxaqlıq imici ilə çıxmış fars tör-töküntüsünün nə qədər aciz və qorxaq bir tayfa olduğu (Elə qardaşları ermənilər kimi-T.N.) yenə ortaya çıxacaq və indiki rejim tapdaqlar altında qalacaq. Nə qədər gec deyil bu reallığı anlamalıdırlar. Anlasalar, o zaman daha ağıllı düşünə və hərəkət edə bilərlər, gedən prosesləri təhlil edib türklərə, o cümlədən Azərbaycan türklərinə düşmən olmaq fikrindən vaz keçərlər. Əgər həqiqətən müsəlmandırlarsa (Ki, buna şübhə etməyimizə kifayət qədər əsasımız var-T.N.), yada salmalıdırlar ki, islam peyğəmbəri Həzrəti Məhəmməd (S.S.) hədislərin birində buyurub ki, türklər rəbbin vuran qoludur. İnsanlıq yolunu azanda, türklər insanlığı nizama salır! Bu gün bu bir həqiqətdir və farslar da bilirlər ki, bəşəriyyət, insanlıq yolunu azıb. Və deməli rəbbin vuran qolu onu nizama salmağa məhkumdu. Düşünsələr, peşman olmazlar...
Sosial şəbəkələrdə molla rejiminin yaratdığı xurafat qurbanları, bizdən olub rejimin qurbanlarına çevrilənlər Azərbaycanı İsraillə dostluq etməkdə qınayırlar. Guya biz şərqdə sionizmin ayaq açıb yeriməsinə dəstək verənlərdənik. Bunu deyənləri ha qandırmağa çalışırıq ki, bu, fars rejiminin öz əməllərinə, anti-müsəlman, anti-Azərbaycan hərəkətlərinə don geyindirmək məqsədi daşıyır, xurafat qurbanlarına çevrilən bu zavallılar yenə öz dediklərində qalırlar. İsrail müasir dünyada ən güclü silah texnologiyasına malik ölkələrdəndir. Torpaqları işğal altında olan bir məmləkətin yönəticiləri istənilən ölkə ilə müdafiə gücünü artırmağı prioritet hesab etməkdə tamamilə haqlıdır. Ölkəsinin və ərazisinin azadlığı naminə hərbi qüdrət baxımdan güclü İsrail dövləti ilə məhz müdafiə sahəsində işbirliyi qurmaq nədən Azərbaycanın sionizmi dəstəkləməsi kimi qəbul edilməlidir? Yaxud başqa bir sual, bizimlə eyni tarixə və eyni dinə mənsub olan İran dövlətinin rəsmiləri torpaqlarımızı işğal edən ermənistana “nəfəs borusu” rolunu oynayırsa, bizim də özümüzə kənardan dost axtarmağımız nədən “sionizmə dəstək” kimi qəbul edilməlidir? Düşmənimizlə dostluq edəni biz hələ də düşmən adlandırmırıqsa, bunu bizim böyüklüyümüz kimi qəbul etmək əvəzinə, bizim çıxış yolu axtarmağımıza istənilən don geyindirə bilər fars şovinist rejimi. Ancaq kainatı nə qədər buludlar bürüyürsə bürüsün, günəşin nurunu örtə bilmədiyi kimi, sadaladığım və hələ sadalamadığım saysız-hesabsız faktları da gizlətmək mümkün deyil. Bu faktlar, bu həqiqətlər bizim, yəni Azərbaycan türklərinin nurudur ki, fars şovinizmi nə qədər qara buludları çəmləsə də o nuru itirə bilməz.
Sonda məşhur bir türk atalar sözünü xatırlatmaq istəyirəm: “Keçinin buynuzu gicişəndə çobanın çomağına sürtər!” Bunun dalı da var: “Çobanın könlü olsa, təkədən (Yəni erkək keçidən-T.N.) pendir tutar!” Farslar gicişən buynuzlarını türkün çomağına sürtməsinlər. Biz onsuz da lazım olanda nəinki təkədən, dəvədən, fildən də “pendir tutmağı” bacarırıq. O boyda xristian dünyasının bəslədiyi, arxasında durduğu ermənini Arazın bu tayındakı on milyonluq Azərbaycan türkü 44 gündə darmadağın etdisə, gərək fars-molla rejimi papaqlarını (ya da əmmamələrini-T.N.) qoyub qabaqlarına yaxşı-yaxşı ölçüb, biçsinlər. Yox, əgər ölçə bilsələr də, biçməyə qabiliyyətləri olmazsa, o taylı-bu taylı əlli milyonluq Azərbaycan türkü gəlib biçər. Yetər ki, onlar ölçməyi bacarsınlar!..
Təhmasib Novruzov
“Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri