Ermənistan ordusu: qətllər, intiharlar və fərariliklər girdabında ANALİTİK+FAKTLAR

20 Sentyabr 2021 10:11 (UTC+04:00)

Onlar üçün ölüm deyil, həyat daha şirindir

10 noyabr 2020-ci ildə atəşkəsin əldə olunması ilə bağlı imzalanmış üçtərəfli bəyanata rəğmən erməni ordusu məhv olmaqda davam edir və bu dəfə qeyri-döyüş vəziyyətlərində şəxsi heyətini itirməyi ilə. SİA xəbər verir ki, erməni ordusunda qeyri-döyüş vəziyyətində həlak olanlar haqqında Caliber analitik informasiya mərkəzi dəqiq məlumat yayıb. Bu məlumat cari ilin yanvar-sentyabr aylarına aiddir.

Belə ki, erməni hərbi qulluqçularının həlak olmalarının əsas problemi əslində Ermənistan ordusunda uzun illərdir davam edir. Bunlar hərbi qanunlardan kənar olan “dedovşinalıq” və kriminal hallarla yanaşı, avtoqəzalar, intiharlar, ağır ruhi-psixoloji atmosferlə bağlıdır. Belə vəziyyətdəki situasiya artıq kritik nöqtəyə qədər yetişib və əbəs deyil ki, artıq hərbi-siyasi rəhbərlik problemləri palrment kürsüsünə qədər qaldırmaqla qapalı iclas belə keçiriblər. Deputatlar Baş Hərbi-istintaq idarəsinə, Baş Qərargaha və bütövlükdə Müdafiə Nazirliyinə müraciət edərək sözügedən halların çoxalmasında onların məsuliyyətsizliklərini də qeyd ediblər.

Maraqlıdır ki, baş verən “bardaqların” qarşısının alınması üçün hərəkətə keçmələri yerinə silahlı qüvvələrin rəhbərliyi və hərbi polis yalnız hadisələrin nəticələri ilə tədbirlər həyata keçirirlər. Misal üçün, hərbi hissələrdə və mövqelərdə hərbi xidmətin keçirilməsini qeyri-mümkün hesab edən, davamlı şəkildə zabitlərin və kriminal qanunların altında əzilən sıravi əsgərlər xilaslarını fərarilikdə görürlər. Fərarilik edəndən sonra isə tutulacaqlarını bilən əsgərlər bu dəfə intiharlara əl atırlar. Çünki onlar çıxış üçün ayrı yol tapa bilmirlər. Bəziləri isə problemə diqqət çəkmək üçün özlərini zədələyir, travmalar vururlar.

Beləliklə, rəsmi rəqəmlər və danılmaz faktlar nələri göstərir?

Rəqəmlər isə dəhşətlidir. 2021-ci ilin 1 yanvarından 15 sentyabrına qədər qeyri-döyüş vəziyyətində 36 erməni hərbi qulluqçusu həlak olub. Onlardan 9-u avtomobil qəzalarında, 8-i xəstəliklər səbəbindən, 4-ü bədbəxt hadisələr nəticəsində (1-qar uçqunu, 1-ildırımın vurması, 1-başına avtomobil hissəsinin düşməsi, 1-ağacdan yıxılması), 2 nəfəri silahla ehtiyatsız davranmaya görə, 5-i intihar və intihara səbəb olma nəticəsində, 8 nəfəri isə digər hərbi qulluqçularla silahlı “razborkalar” səbəbindən.

Misal üçün, hərbi qulluqçu Arman Akopyan avqustun 16-da digər hərbi qulluqçularla qarşıdurma zamanı açılan atəş nəticəsində həyatını itirib. Elə həmin gün digər erməni hərbçisi Vaan Tatoyan da eyni motiv səbəbindən öldürülüb.

Sentyabrın 14-də isə hərbi toplanışa çağırılan 42 yaşlı çavuş Mkrtıç Ovakimyan növbə çəkdiyi zaman silahla ehtiyatsız davranmaya görə həlak olub.

İrəvandan olan daha bir 36 yaşlı rezervist Levon S. ehtiyatsızlıqdan açılan atəş nəticəsində ağır yaralanıb.

Yenə də sentyabrın 14-də hərbi şəhərçiklərin birində fəaliyyət göstərən emalatxanada müqaviləli çavuş Makiç İ.-nin asıldığı yerdə cansız bədəni aşkarlanıb.

Avqustun 19-da N saylı hərbi hissələrin döyüş mövqeyində hərbi qulluqçu digər əsgər yoldaşlarını - Murad Muradyanı, Levon Arutyunyanı, Qora Saakyanı güllələyib.

Onlar, sadəcə, hərbi hissələrdə qeydiyyatda olublar, gerçəklikdə isə 44 günlük müharibə zamanı İrəvanın gecə klublarında, restoranlarında, sözün əsl mənasında, kef ediblər

Bu arada onu da qeyd etmək lazımdır ki, erməni ictimai rəyində daha bir hiddətli hal yaşanır. Məsələ ondadır ki, vəzifəli şəxslərin, hakimiyyətə yaxınlığı ilə seçilən elitanın övladları guya Qarabağda və Azərbaycanla həmsərhəd rayonlarda xidmət keçiblər və buna görə orden-medallarla təltif ediliblər, onlara veteran adları da verilib. Lakin reallıqda heç kim onları qeyd olunan yerlərdə görməyiblər. Onlar, sadəcə, həbri hissələrdə qeydiyyatda olublar, gerçəklikdə isə 44 günlük müharibə zamanı İrəvanın gecə klublarında, restoranlarında, sözün əsl mənasında, kef ediblər.

Erməni ordusunun əhval-ruhiyyəsinin nə qədər aşağı olması barədə də kifayət qədər faktlar mövcuddur. Tibbi təminatdan tutmuş ərzaq təminatına, şəxsi əşyaların təchizatından tutmuş digər tələblərə qədər hər şey çox aşağı səviyyədədir. Ona görə də zabitlər yuxarı komandanlıqlar tərəfindən onların qarşısında qoyulmuş şərtlərin öhdəsindən gəlmələri üçün ya rüşvət alır, ya da hərbi hissələrə aid olan əmlakları talayaraq satırlar. O cümlədən, şəxsi heyət arasında spirtli içkilərə meyillərin artması müşahidə olunur. Lakin ən böyük problem ordudakı “dedovşina” mühitinin demək olar ki, leqallaşdırılmasıdır, hətta belə desək, hərbi hissələr qanuni oğru dünyasının tələblərinə bağlıdırlar.

Kiçik zabitlərin mənzil pulları əllərindən alınır və komandanlıq tərəfindən bölünür

Daha bir problen barədə qeyd etmək yerinə düşərdi. Belə ki, erməni ordusunun qaynar nöqtələrdə 20 il hərbi xidmət keçmiş kiçik zabit heyətlərinin mənzillərlə təmin olunması imkanı yaradılsa da, onlar dövlətdən heç nə ala bilmirlər. Məsələ ondadır ki, hərbi rəhbərliklər onları vaxtından bir il əvvəl ordu sıralarını tərk etdirirlər və nəticədə mənzil arzuları reallaşmamış qalır. Əgər zabitlər öz haqlarını tələb edirlərsə, onlara qarşı fiziki və s. basqılar həyata keçirilir. Bir çox zabitlər “sındırılır” və onlara ayrılmış mənzil pulları komandanlıq tərəfindən zəbt edilərək bölünür.

Hərbiyə göndərməyə adam tapılmır…

Təbii ki, sonda daha bir problemin üzərindən sakitliklə keçmək olmaz. Bu, hərbi hissələrdə şəxsi heyətin çatışmazlığı problemidir. Belə ki, bu dəfə də ehtiyatda olan hərbi qulluqçuların 3 aylıq hərbi toplanışlarında Ermənistanın hərbi-siyasi rəhbərliyi, sözün əsl mənasında, adam tapa bilmirlər.

Məsələn, avqustda “zborlara” 2169 nəfər cəlb olunub. Sentyabrda isə 869 nəfər. Çağırışçılar sentyabrın 10-dan hərbi mövqelərə göndəriliblər və artıq onlarla həqiqi hərbi xidmətdə olan əsgərlər arasında bir sıra münaqişələr yaşanıb. Onu da qeyd edək ki, hərbi toplantılara çağırılmış ehtiyatda olan hərbi qulluqçuların heç də hamısı bu çağırışlara qatılmaq arzusunda deyillər. Məsələ ondadır ki, artıq Ermənistanın Baş prokurorluğu 6 nəfərlə bağlı hərbi xidmətdən yayınmalarına görə cinayət işi açıb. Bütövlükdə isə Ermənistan ordusundakı ümumi vəziyyət göz önündədir – 44 günlük müharibədə uğradıqları ağır və sarsıdıcı məğlubiyyət faktorundan sonra hərbi xidmət yaşında olan ermənilər ölkədən mühacirət etməyi üstün tuturlar. Çünki onlar üçün ölüm deyil, həyat daha şirindir.

Rövşən RƏSULOV